Azərbaycanlı Robin Quda prokuror ən ağır cəza istəyib

Azərbaycanlı Robin Quda prokuror ən ağır cəza istəyib

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə alpinizm üsullarından istifadə edərək, paytaxtda müxtəlif imkanlı şəxslərin  evlərdən 2 milyon AZN məbləğndə oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azadmediatv.com xəbər verir ki, prosesdə prokuror çıxış edərək Cavid Süleymanova 9 il 6 ay, Əhməd Əhmədova isə 9 il cəza tələb edib.
Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.
 Təqsirləndirilən C.Süleymanovun anası Solmaz Süleymanova Azadmediatv.coma verdiyi açıqlamasında bildirib ki, oğlu "Robin Qud sindromu"ndan əziyyər çəkir:

"Cavidin psixikasında problemləri var. O ciddi xəstədir, "Robin Qud sindromu"ndan əziyyər çəkir. Buna görə də hesab edir ki, bu oğurluq deyil, ədalətin bərpasıdır. Bu sindromdan əziyyət çəkənlər, adətən, varlılardan götürüb, məzlumlara yardım edir.  Dəfələrlə həkim nəzarətində müalicə alıb.  Depressiya vəziyyətində intihara əl atıb. Təbii ki, bu hərəkət normal adamlar üçün cinayətdir və utanc hissi yaradır. O isə ciddi problemləri olan xəstədir. Məhz, bu xəstəliyin xarakterinə xas olaraq, bu yolla əldə etdikərini şəhid ailələrinə, Qarabağ qazilərinə və imkansız, ehtiyaclı insanlara yönləndirib. Əslində, onu mühakimə etmək yox, müalicəyə yönəltmək lazımdır. Prokuror isə onun xəstə olduğunu təsdiqləyən sənədlərin olmasına baxmayaraq, ittihamın ən ağır cəzasını tələb edib".

Proses aprelin 28-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Xatırladaq ki, zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.
Azadmediatv.com
 





OXŞAR XƏBƏRLƏR