"İtkin düşən əsgər azanda komandirə bu haqda məlumat verib" - ƏJDƏR MAMEDOV

"İki aydır əsgərlər itkin düşüb. Hər dəfə də eyni cavabı alırıq ki, axtarırırq. Əsgər iynə deyil ki, tapılmasın. Mən müdafiə naziri Zakir Həsənovdan oğlumu tələb edirəm". 

Bu haqda Azadmediatv.com-a 2022-ci il martın 3-də Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlunun atası belə deyib.
Ağdam rayonu Orta Qərvənd kənd sakini Əjdər Mamedov  deyib ki, F.Məmmədovla birlikdə itkin düşən əsgər Abdullayev Firdovsi Mais oğlu elə həmin gün komandirlərinə və qardaşına məlumat verib:

"Fəridlə birlikdə itkin düşən əsgər yoldaşı Firdovsi martın 3-də dumanda azdıqları zaman qardaşına səs atıb ki, azmışıq. Dumana düşmüşük, amma hardasa hərbi hissənin yaxınlığındayıq, komandirə də zəng edib bu haqda məlumat vermişik. Martın 4-də komandirin siyasi məsələlər üzrə müavini bizə zəng edib deyir ki, Fərid yoxdur, evə gəlməyib.  Dumana düşən əsgər yolu azanda evlərinəmi gəlib çıxır? İki dəfə müdafiə Nazirliyində general Vəkil Orucovun yanında olmuşam. Deyirlər ki, FHN əməkdaşları axtarır. İki ayda bu itkinlər tapılmadı? Tələb edirəm, uşağımı mənə qaytarın. Bəlkə uşağımın başına özünüz oyun açmısınınz. 
Mən cənab prezidentimizdən, Mehriban xanımdan, müdafiə nazirindən xahiş edirəm, mənə kömək edin".

A.Mamedov deyir ki, onun səsinə səs verən yoxdur.
Azadmediatv.com-un əldə etdiyi məlumata görə, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, axtarış tədbirləri aparılır.
Qeyd edək ki, Müdafiə Nazirliyinin martın 5-də yaydığı məlumata əsasən, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.
Xatırladaq ki, aprelin 26-da Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir. “Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir”.
Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR