Dedi İlkin, o

Dedi İlkin, o "kurtka"yla "sırğa" məsələsini də bizə denən bu iş qutarsın getsin ( ll hissə, YENİLƏNİB -2)

Mayın 11-də saat 14:00-da  Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.

 Azadmediatv.com-un xəbərinə görə, prosesdə İlkin Süleymanov sərbəst ifadəsini davam etdirib.

(Əvvəli 12-05-2022 09:44-də) 

İlkin Süleymanov:  Oradan çıxdıq, Şahlar Cəfərov dedi ki, kameranı da götürün. İndi kəndə gedəcəyik. İlkin yerindəcə ifadə verəcək, video çəkəcəksiniz. Evin qarşısına çatanda çoxlu xarici maşın gördüm. “999”la nömrəsi olan “Range rover”, “220” nömrəli "Lexsus” markalı, qara rəngdə maşınlar var idi. Yadıma düşdü ki, Nərmin itəndən sonra bu maşınları kəndimizdə görmüşəm. Məni kamerayla çəkməyə başladılar. Fikirləşdim ki, görəsən, bu canlı yayım ola bilərmi? Ən azından oradan günahsız olduğumu deyərəm. Lakin çəkiliş kamerasını gördükdən sonra anladım ki, canlı olmayacaq. İfadəmdə dediyim ki, çəkiliş evin qarşısından başladı. Orada dedim ki. noyabrın 21-də 15:30 radələrində  yolda durmuşdum. Bir də gördüm, bu tərəfdən Nərmin gəlir.  Bizim evin qarşısına çatdı, sonra dərsləriylə maraqlandım, kitab göstərərcəyimi dedim. O da razı olub, həyətimizə girdi. Ondan sonra həyətə girdik. Kamera da qabaqda çəkə-çəkə gedirdi. Məşğələ otağına tərəf istiqamət almışdım.  Məqsədim bizim evin yaşayış otağının giriş qapısına çatanda ora tərəf girmək idi. Görüm evdə adam varmı, heç lmasa onlara günahsız olduğumu deyim. Bu vaxt müstəntiq işarə elədi ki, yox, o biri tərəfə gəlməliyəm. Sonra çəkilişlə ikinci mərtəbəyə qalxdıq. Daxil olanda gördüm ki, orada hər şey alt-üst olub, çarpayının da yeri dəyişib. İfadə də  dediklərimdən yadımda qalanları xatırladıqca deyirdim. Hələ polis bölməsində ifadəmi alarkən müstəntiq soruşmuşdu ki,   tam öldüyünə necə əmin oldun? O vaxt yerli əməkdaşlardan biri dedi ki, sizin evdə iri çəki daşları varmı? Dedim, bəli, var.  Ondan sonra H.Hənifəyev də qeyd apardı. Dedi həyətinizdə üzərində qan olan daş tapmışıq.  Nədir o? Onda mən dedim ki, mən elə daşla başına vurdum. Hərəkətsiz... öldüyündən əmin oldum. Müstəntiqi soruşdu ki, neçə dəfə vurdun? Dedim ki, bir dəfə. Sonra soruşdular ki, daş necə oldu?  Mənə demişdilər daşı tapmışıq, lakin göstərmirdilər. Ona görə də, bilmirdim belə daş var ya yox.  Sonra yenə davam etdim, hamamdan yandırıcı maddəni götürdüm, kartof "meşoku"nun içinə qoydum. Müstəntiq tez-tez səhvlərimi düzəldirdi ki, orada belə demişdin.  Soruşdu ki, bunu etməyə nə qədər vaxt getdi, dedim təxminən bir dəqiqə. Evdən hadisə yerinə və geri bir dəqiqə. Sonra getdim qonşu Nazim dayını, Muradı çağırdım, dedi ki, yaxşı, bəs nəyə görə onları çağırdın? Dedim ki, məndən şübhələnən olmasın... Dedi ki,  Nərmini övlad kimi saxlamaq istəyirdinsə, yaxşı bəs onu niyə bağlı vəziyyətdə saxlamısan? Mən bu suala cavab verə bilmədim.    İfadəmin yerində yoxlanmasını bitirib maşına oturanda qabaqda Azər Məmmədov və  tanımadğım şəxs var idi. İfadə verməyə gələrkən Turqut Rəhimli maşında olmamışdı. Elə maşına oturmuşduq ki,  vəkil dedi: “Bu, nə Allahsız adam imiş”. 

Hakim Dadaş İmanov: Bunu kimə deyirdi? Sənin münasibətinə deyirdi ki, bu nə Allahsız adamdır?
İ.Süleymanov:  Maşındakılara dedi. Lakin mən reaksiya vermədim. Sonra oradan birbaşa Tovuz rayon Məhkəməsinin qarşısında düşdük.  Məhkəmənin önündə  ya həyətində mən heç bir tanış adam -  nə mənim yaxınlarımdan, ya kənd sakinləindən - heç kimi görmədim.  Məhkəmə zalına daxil olduq. Yanımda nəzarətçi oturmuşdu. Şirzad Əsgərov da məhkəmə zalında idi, birbaşa başımın üstündə dayanmışdı. Müstəntiq gəldi, dedi ki Süleymanov öz əməlini etiraf edib. Məhkəmə soruşdu ki, özünü təqsirli bilirsənmi. Dedim, bəli, bilirəm. Sanksiya təmin olundu və oradan polis bölməsinə getdik. Ondan sonra müdafiəçim Araz Əhmədovu daha görmədim. Sonra əl izləri götürdülər və gətirdilər birinci mərtəbəyə.  Birinci mərtəbədə "evinizdə çəki daşları varmı" deyən şəxs dəmir qapının önündə dedi ki, bilirsənmi bura haradır? "Yox" cavabını verdim. Dedi İlkin, gərək etməyəydin. eləmisən indi bilərsən. Qapını açdılar.  İçəridə üstümdə nə var-nə yox məni əməlli-başlı yoxladılar. Məni tək kameraya apardılar. 4 yataq var idi. Orada tək idim. O zaman anladım ki, artıq həbs olunmuşam, həbsdəyəm. Nəzarətçi də gəldi,  qapını tam açıq qoyub, bir stul da qoyub oturdu.  Xeyli narahatçılıq keçirdim. Birazdan ora əməliyyatçı dediyim şəxs gəldi. Dedi İlkin, o "kurtka"yla "sırğa" məsələsini də bizə denən bu iş qutarsın getsin. Cavab verə bilmirdim. Dedim  yəqin oralardadır. Cavab verdi ki, oraları ələkdən keçirmişik (hadisə yei nəzərdə tutulur-red.:). Söz tapmırdım deməyə. Dedim ola bilər ki, mən onu sobada yandırmışam. Bəs külünü neynədin? dedim yəqin atmışam. Dedi düzünü de... Müxtəlif bəhanələr uydurmağa başladım. Dirəndi ki, hardadırsa, yerini de... dedim nə bilim vallah, gedin bizim evə, otaqlara, təsərrüfat otaqlarına, hara ağlınıza gəlirsə,  baxın. Bəlkə bir yerdən çıxa, dedi ki, mən gedirəm baxmağa, sən isə bir də fikirləş. Xeyli müddət fikirli qaldım. Gecənin bir aləmi məni yataqdan qaldırdılar. Bu vaxt həmin nəzarətçi  gəldi oturdu və dedi ki, o kurtkanın sırğanın yerini də denən. Mənim buna da cavabım yox idi. Əməliyyatçıya dediklərimi ona da təkrarladım. Gördüm işə yaramır.  Nə dedimsə, dedilər düzünü de, aldatma... Cavabım yox idi. Saatlarla  saxladılar. Səhər ora bir nəfər gəldi. Yanvarın 6-da axşamüstü məni görəndə  "gör sənin başına nə gətirəcəm" deyən şəxs idi. Koridorda durub, qapını açıq qoymuşdu. Narahat olmağa başladım.  Təcridxananın rəisi də gəlib soruşdu, bilmədiyimi dedim.  Rəis dedi ki, heç nədən xəbəri yoxdursa, bəs niyə buradasan? Ona cavab verə bilmədim.  Sonra kiməsə zəng elədi. Az keçməmiş ora Şahlar Cəfərov gəldi, koridorda durdu və dedi ki, sən yenə fürsət düşən kimi boynundan atmaq istəyirsən? Cavab vermədim. Sonra dedi ki, müstəntiqin təqaüdə çıxmasına iki il qalıb. Müstəntiq sənin tərəfindədir.  Sonra vaxtilə araşdırdığı bir cinayət işindən danışıb dedi ki, bizə məlumat daxil olmuşdu, evdə yaşlı qadın və kişi var idi. Onlara dedik ki, bizə məlumat daxil olub, sizin evdə meyit var. Hər yerə baxdıq, heç nə tapa bilmədik. Axırda çıxmaq istəyərkən gördük bir köhnə çemodan var. Ayağım ona dəydi və aşdı, içindən meyit çıxdı. Onun bunu niyə danışdığını başa düşmədim. Sonra üzümə baxıb dedi ki, biz heç vaxt günahsız adamı tutmuruq. 
Birazdan məni rəisin kabinetinə apardılar. Ş.Əsgərovun otağında həmin vaxt H.Hənifəyev, K.Qılıcov, əməliyyatçı dediyim şəxs, tanımadığım başqa bir şəxs də var idi. Dedilər, sırğayla gödəkcəni tapa bilmirik. dedim, nəyi deyim axı görməmişəm.  Bunu deyəndə H.Hənifəyev əlinə kitab alıb başıma zərblə kitabla  möhkəm vurdu və rusca dedi ki, ağlını itirmisən? Reaksiya vermədim. Bundan sonra  Kamal Qılıcov onu sakitləşdirməyə çalışdı. Dedi bu iş də həll olunar, çox üstünə getmə. K.Qılıcov mənə dedi ki, biz getdik hamıyla görüşüb başa saldıq ki,  bu işdə namus məsələsi olmayıb.  Sənin haqqında fikirlərə isə qoy dövlət qiymət versin. Sən də yaxınlarından narahat olma. Dövlət imkan verməz ki, bir nəfərə görə ailələr və nəsillər arasında düşmənçilik olsun. Dedim ki, axı mənim günahım yoxdur. Yenə heç nədən xəbərim olmadığını, ədalətin yerini tapacağını dedim. Kamal Qılıcov dedi ki, ədalət deyilən bir şey yoxdur, olsaydı, qız ölməzdi. Sonra məni müvəqqəti saxlama təcridxanasına gətirdilər. Əvvəl kameraya getdim, KPZ-dəki şəxs maz gətirddi, yaralarıma sürtdü. Sonra məni MST-na çağırdılar, qan nümunələri götürdülər, axşam Bakı İstintaq Təxridxanasına gətirdilər. Şahlar Cəfərov gecə dedi ki, sən çox vicdansız, şərəfsiz  adamsan, buradakıları incitmə. Rəis də məni kameraya göndərdi. Yanvarın 23-də Həsən Hənifəyev təcridxanaya gəldi və bildirdi ki, bu iş detalları ilə üzə çıxacaq. Soruşdum ki, mən ifadəmdən imtina edə bilərəmmi. Dedi, bilərsən, ancaq bunun heç bir əhəmiyyəti yoxdur.
Kameraya apardılar. Xəsarətlərim olduğuna görə çarpayının ikinci mərtəbəsinə qalxa bilmədim.  Həmin mazı yaralarıma sürtürdüm.  Sonra "sançast"a apardılar. Burada məndən analiz götürdülər. Dizimdə, ayaqlarımda bədənimdəki qançırları görüb sual verdilər ki, nə məsələdir? C
avab vermədim, sonra dedim ki, orada olub. Kamerada 5-6 gün qalandan sonra yanıma bir neçə dustaq gəldi. Lakin başıma gələnlərlə bağlı nə onlar soruşdu. nə də mən bu haqda danışdım. Bizim kamera xüsusi nəzarətdəyi. 47-ci kamerada yanvar- fevral aylarında çölə gəzinti etmək üçün biz ya gərək xahiş, minnət edərdik ya da tələb edərdik ki, havaya çıxaq. Kameradakıların hamısının ilk məhkumluğuydu. Bilmirdik ki, kameranin içindən açılan dəmir qapı hara açılır və nə üçündür.  Biz bunu istəmirdik. Biz istəmədiyimizi də bir qayda olaraq vermirdilər. Kamerada olduğum təxminən bir ay müddətində nəzarətçi dediyim təcridxana işçisi kamerada olurdu, çıxası olsam, mütləq onunla çıxmalıydım. Harda olsam, nəzarətçi də orada yanımda olurdu.  Təxminən bir aydan sonra  apellyasiya məhkəməsi olmuşdu.  Müdafiəçilərim gəlib-gedirdilər. Bir aydan sonra  soruşmağa başladılar ki,  nə olmuşdu, nə məsələdir? Əvvəllər nə danışırdım, nə də cavab verirdim. sonra bir də soruşanda dedim ki, əslində, bu işlə heç bir əlaqəm yoxdur.  məni məcbur ediblər. Bunu hamının yanında dedim, axşamüsütüydü.  Məndən soruşurdular, yaxşı, ölən uşaq, ata-anası kimiydi? Cavab verdim ki, atasının adı Şərifdir, sinif yoldaşımdır. Dedi nətər adamdır. Cavab verdim li, normal adamdır, çak-çukla məşğuldur. Dedi çəkəndi, içəndi? Dedim başqa şeylərindən xəbərim yoxdur, amma biraz içəndir. Onda başladı öz fərziyyələrini yürütməyə. Soruşdu ki, anası kimdir? Dedim kəndin sakini.  Başladı məndən soruşmağa, bu işdə ola bilərmi uşağın yaxınlarının rolu, əlaqəsi olsun. Dedim bilmirəm, ümumiyyətlə, bu işlə bağlı məlumatım yoxdur. Bu işlə bağlı kamerada ən az maraqlanan Rəvan İsmayılov olub (Məhkəmədə İ.Süleymanovun üzünə dayanan, dələduzluğa görə həbs edilən kamera yoldaşı -red:). Rəvan bu işlə bağlı nə təkidlə, nə elə-belə mənim əlim olub-olmamasıyla bağlı heç nə soruşmayıb.  Yuxuda sayıqlayıb-sayıqlamadığımı bilmirəm.  Oyaq vaxtı  bəlkə öz özümə dodaqaltı səviyyədə danışaram, amma bunu ancaq özüm eşidə bilərdim. Vəfadar sözü bizim ləhcəmizdə fərqlidir. "Bafadar" deyillər. Sayıqlamış olsaydım, yəqin belə eşidilərdi. Rəvan da bizim bölgədən deyil, ləhcəni də bilmir. O "Bafadar" sözünü başa düşə bilməzdi. Sonra yanvarda müstəntiq gəldi, H.Hənifəyev dedi ki, İlkin hər şeyi etiraf eləmisən. İndi istintaq qrupu yaradılıb, hər şeyi araşdıracağıq.  Mən də onun rəhəbəriyəm. İstintaq hələ yəzə başlayır. Bizdə qaranlıq heç nə qalmayacaq. Bütün detallarınadək araşdırılacaq. Ona dedim ki, Həsən müəllim, verdiyim ifadədən imtina eləmək istəyirəm, bu mümkündürmü?  H.Hənifəyev dedi ki, mümükün olmağına mümkündür, lakin bu, heç nəyi dəyişmir. Sonra Nadir müəllim soruşdu ki, bəs evinizdə ifadən yoxlananda danışırdın axı necə etmisən... Dedim Nadir müəllim, məni məcbur etdilər, birdə yaşadığım yerdə nəyin harda olduğunu yaxşı bilirəm... Həmin gün məni Apellyasiya Məhkəməsinə apardılar.  O vaxtadək mənim yaxınlarımla heç telefon görüşməm də olmamışdı. 

(Hakim D.İmanov beş dəqiqəlik fasilə elan edir. Fasilədən sonra proses davam edir) 

Sabunçu Məhkəməsində həbs-qətiimkan tədbirindən etiraza baxılırdı.  O vaxtadək yaxınlarımla heç bir  telefon əlaqəm də olmamışdı. Müdafiəçilərimi də orda görmüşdüm. Vəkil A.Əhmədovu da yanvarın 10-dan sonra görməmişdim. Müdafiəçilərimdən Zabil Qəhrəmanov  hakimdən xahiş etdi ki,  mənimlə söhbət etsin. Z.Qəhrəmanov dedi ki, sənə orada işgəncə verib döyüb,  təzyiq gösyəriblərmi? Əvvəlcə  danışmaq istəmədim. Sonra dedi ki, nə varsa de, heç nəyi gizlətmə.  Ondan sonra dedim bəli, söyülmüşəm, döyülmüşəm, işgəncə də görmüşəm. Xəsarət izlərim də qalıb.  Məhkəmə başladı. Müdafiəçim hakimlərdən xahiş elədi ki, müvəkkilim zala daxil olsun və xəsarət izlərini göstərsin. İfadə verdim, yanvarın 6-sı 2020-ci ildə  evimizin qabağında meyit yandığını gördüm. Bundan sonra yaxın qonşularıma xəbər vermişəm.  Məni Tovuz Polis Şöbəsinə aparıblar, həmin gündən həbsdəyəm. Elə birinci gündən əliqandallı vəziyyətdə qalmışam. Sonrakı bütün dindirmələrimdə daim təzyiqlər göstərilib. Yanvarın 8-də  məni yerə yıxıb döyüblər. Sonra yazıya qol çəkdirdilər. Yanvarın 8-də rəis müavini  Ş.Cəfərov dedi ki, bu vətənə qurban lazımdır. Sən kağıza biz deyəni yaz, çıx get.  Sonra sənin başına bir güllə çaxarlar. Hər şey də qurtarar gedər. Bundan sonra yanvarın 9-da daha çox təəccübləndim.  Yanvarın 10-na keçən gecə  dözülməz, şiddətli işgəncələrə məruz qalmışam.  İşgəncələri sadaladım, ayağımın altına rezin dəyənəklə möhkəm döyüblər. Bu da izləri. Məni diz üstə süründürüblər. İzləri də var. İzləri məhkəmə zalında göstərdim.  Qollarımda dərin qandl izlərini göstərib dedim ki, məni asılı vəziyyətdə saxlayıblar. Dözə bilməmişəm. Başıma vedrə kimi iri bir qazan taxıb, dəyənəklə bərk-bərk döyürdülər. Bədənimin həssas yerlərinə elektroşok verdilər. Elə orada vəkilim bu işin araşdırılmasıyla bağlı vəsatətlə müraciət etdi.  Fevral ayında baş Prokurorun (Zakir Qaralov nəzəzrdə tutulur - red:)  böyük köməkşisi Namik Məmmədov məndən izzahat aldı. Onu çox az gördüm. Dedi ki,  işgəncə verənlərin adını bilirsanmi, dedim bəli. Gedəndə dedi ki hər iş günədəmə gəlir, az sonra gündəmdən düşür.   Bu işdə onun kimi. Bir müddət sonra yaddan çıxacaq....
xxxxx

 

Belə baxanda mütləq mənada nə ağıllı, nə də dəli var. Bu sozləri deyib, getdi. İzahar vermməmişdən əvvəl xahiş elədim ki, əlaqə yaradın. heç olmazsa, vəkillərimdən biri gəlsin... Əvvəl dedi ki ki, əlaqə yartmışam, onlar cavab vermir.  Sonra dedi gəlmək istəmirlər. Dedim yaxşı vəkilsiz də olsa, ifadə verməyə hazıram.  2020-ci il yanvarın 6-san 10-dən mənə verilən işgəncələrin hamısını danışdım. Mənə işgəncə verən şəxslərin hamısının adını dedim.  Şirzad Əsgərov, Şahlar Cəfərov,  Azər Daşdəmirov, əməliyyatçılar və bir neçə tanımadığım şəxs.  Sonra  dedilər ki, həmin şəxslərdən izahat almışıq, onlar bunu inkar edirlər. Onların dediyinə görə, guya mən yanvarın 10-da şöbəyə gəlib könüllü ifadə vermişəm.  Fevralın 23-də istintaq təcridxanasında bizə birinci rəy təqdim edilidi. O vaxt prokuror müstəntiq Eldar Bayramov, Nadir Mirzəyev, Həsən Hənifəyev və 4 nəfər ekspert şağırılmışdı.  H.Hənifəyev dedi ki, İlkin, bu hələ dağın başından sənin üstünı qopub gələn xırda daş parçalarıdır.  Hələ bundan sonra sənin üstnə böyük qaya parçaları gələcək.
2020-ci ilin iyulunda istintaq qrupunun rəhbəri dəyişib, Mehman Hümbətov rəhbər təyin edildi.  O mənə dedi ki, sənin səmimiyyətinə inanıram, daha döğrusu  səndən səmimilik  gözləyirəm. 
Sonra yenə yanıma gəldi. Dedi ki, sən Dondardansan, mən isə Bozalqandan. İstəməzdim belə olsun. Amma başqa yol yoxdur. Mən sənə ən ağır cəzanı istəyəcəm. Sən ifadə vermisən, etiraf etmisən.  Belə səmt tutmasaydın, inadkarlıq etməsəydin, iş bu yerə gəlməzdi. Mən hələ sənin əmini, əmin oğlanlarını, qardaşını da tutduracam. Bu maddə ilə yox, nəsə başqa bir şey tapacam.
 Bir daha Şərifə və ailəsinə demək istəyirəm ki,  düzünü danışsınlar. Mən cinayət eləməmişəm. Mənə eləmədiyim halda cinatət etirafi imzalatdırıblar. Etmədiyim cinayəti boynuma götürməyə məcbur olmuşam. Bu cinayətlə yaxından-uzaqdan  elmi-güman heç bir əlaqəm yoxdur.
Hakim Dadaş İmanov: Aydındır.

Məhkəmə prosesi mayın 18-dək təxirə salınıb.

Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı


(əvvəli https://azadmediatv.com/xeber/1196--Ikielli-yaxamdan-yapisdi-Ya-danis-ya-da-seni-vurub-ozum-gedib-iceride-yatacam--YENILENIB-3)

 





OXŞAR XƏBƏRLƏR