Müvəqqəti Saxlanma Təcridxanasının rəisi dedi ki, İlkin

Müvəqqəti Saxlanma Təcridxanasının rəisi dedi ki, İlkin "çujoy paxmel" gedib - ŞAHİD (YENİLƏNİB)

İyunun  1-də saat 16:00-da  Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.

 Azadmediatv.com-un xəbərinə görə, öncə prosesdə İlkin Süleymanov dövlət ittihamçısı Müşviq Rəhimovun aydınlaşdırıcı suallarını cavablandırıb.

Daha sonra İkin Süleymanovla eyni təcridxanada saxlanılan iki şahid dindirilib.

2020-ci ilin martında vəzifə cinayətləri ilə bağlı həbs olunmuş Eyvaz Əliyev müdafiə tərəfinin suallarını cavablandırarkən bildirib ki, təqsirləndirilən İlkin Süleymanovun  hansı səbəbdən həbs edilməsi haqqında tele-kanallarda yayımlanan verilişlərdən və mətbuatda gedən xəbərlərdən  informasiyalı olduğuna görə, saxlanma təcridxanasındakı kamerada onu görəndə orada qalmaq istəməyib: "Onun uşaq öldürdüyünə görə həbs olunduğunu eşitmişdim. Bunun üçün ona qarşıydım. Hətta bu qətl hadisəsini bildiyim üçün həbsimdən əvvəl demişdim ki, üz-üzə gəlsək, onu vurub öldürərdim. Çünki mənim nəslimdən bir neçə nəfər Xocalı soyqırımı zamanı həlak olub. Sonradan isə mən üç övladımı və həyat yoldaşımı itirmişəm. Martın 13-ü ya 14-ü olardı. Onunla eyni kameraya gəyitrildim. O vaxt kamerada məndən əvvəl olan  Rəvan İsmayılov dedi ki, İlkinin günahi yoxdur. Bu cinayəti o törətməyib. İki ay yarım İlkinlə eyni kamerada qaldıqdan sonra əmin oldum ki,həqiqətən  o cinayətkar deyil. Əgər azca şübhəm olsaydı, onunla çörək kəsməzdim. Onu da deyim ki, İlkinə görə bizim kamera xüsusi nəzarətdə idi. Hətta kameramızda dinləyici qurğu olduğundan da xəbərda idik. Bizimlə  eyni kamerada saxlanılan  məhkumlardan ikisi deyib ki, guya İlkin gecə saatlarında yuxuda  sayıqlayarkən Nərmini öldürdüyünü deyib. Yalandır, elə şey heç vaxt olmayıb. Mən gecə saat 4-ə kimi yata bilmirdim. Elə hal baş verdəydi, ilk mən eşidərdim. Bizimlə eyni kamerada qalan məhkum Baxşəli Qəhrəmanov deyib ki, guya içəridə hörmətli biri olub. Həmin adam əxlaqsızlıq yuvaları təşkil etdiyinə görə həbs olunmuşdu. Təcridxanada da hörmətli məhkum olmayıb. Ondan türmədə məlumat yığmaq üçün "suka" kimi istifadə edirdilər. Orda təcridxana rəisinə kimi hamı bilirdi ki, İlkin günahsızdır. Bizi havalandırmaya çıxartmırdılar deyə, etirazımızı bildirdik. Qollarımızı qandalayıb oranın rəisi Elnur müəllimin yanına apardılar. Elnur müəllim  də dedi ki, sizin hardasa dövlətə qaşı günahlarınız ola bilər, amma İlkin "çujoy paxmel" gedib. Ümumiyyətlə, İlkin qorxaq və sakit adam idi. O heç toyuq başı kəsə bilməz. Mən onu tam araşdırdım və əmin oldum ki, İlkinin bu cinayətə qətiyyən aidiyyatı yoxdur. Hətta sonralar onuun əlehinə ifadə verən Rəvan İsmayılov deyirdi ki, bu işdə İlkinin əli yoxdur. Burada Gürcüstan maiyası iş görüb. Hətta Nərminin sağ olduğunu, orqan mafiyasının qurbanı olduğunu da deyirdi. Rəvan 4 yaşlı oğlu Uğurun canına and içirdi ki, İlkin bu işdə günahsızdır. Sonra Rəvanın yanına qohumu kiimi qələmə verdiyi Rauf adlı polis polkovnikin gəlib-getdiyini və hər dəfə ona 100 manat verdiyini  də gördük. O, informasiyaylıydı. Hətta sabiq Baş prokuror Zakir Qaralovun 1 ay sonra vəzifəsindən çıxarılacağını deyəndə ona inanmasaq da, bir ay sonta dediyi söz yerini tutdu. Buna görə də ona çox inanırdıq. İlkin mədəni adam idi. Söyüş, təhqir etmək, özü də bunu valideynlərinə və qohumlarına qarşı etmək onluq deyildi."

İlkin Süleymanovun əleyhinə ifadə verən digər kamera yoldaşı Rəvan İsmayılovun sözlərinə münasibət bildirən şahidin dediyinə görə, Rəvan İsmayılov təcridxanada olan vaxt şəxsən özü and içərək İlkinin günahsız olduğunu deyib. 

Məhkəmədə daha sonra İlkinin dördüncü kamera yoldaşı Raqif Mirzəyev ifadə verib.

Raqif Mirzəyev də ifadəsində ittiham olunan şəxsin günahsız olduğunu deyib: "İlkin təcridxanaya gələndə pis gündə idi. Elə vəziyyətdə idi ki, yaxınlaşanda qorxurdu.
 2020-ci ilin yanvarında saxlanıldım və məni Kürdəxanıya göndərdilər. Elnur müəllim (Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov  nəzərdə tutulur -red:) məni  yanına çağırıb dedi ki, səni İlkin Süleymanovun kamerasına göndərəcəm. Onun yanında qalarsan, narahat olma, o günahsızdır.  Məni içəri girəndə kamerada İlkindən başqa Mehman və Baxşəli, həmçinin kameranın içində 24 saatlıq nəzarətçi var idi. Növbəli şəkildə işləyirdilər. Kamerada 4 çarpayı var idi, amma baxdım 5 nəfərik. Sonradan dedilər ki, bunlar İİlkinin nəzarətçiləridir.  İlkin çox pis halda olduğundan uzanıqlı  vəziyyətdə olurdu. Ayaqlarıının altı gömgöy, baldırları qançır  idi, dərman sürtürdü. Mox pis döymüşdülər. Elnur müəllim demişdi ki, İlkinə hadisə barəsində heç bir sual verməyin. Yəni pis haldadır. İlkin ayağa qalxıb yemək də yeyə bilmirdi.  Çarpayının ikinci mərtəbəsndə yatırdı deyə, zorla kömək edib qaldırırdıq.  Bərk döyüldüyündən sərbəst yeriyə bilmirdi.    Hardasa 10 gün heç nə soruşmadıq. Heç İlkin də danışan deyildi. Sözü ondan zorla alırdıq. Heç acmışam da deməzdi. Zorla deyərdik ki, ac qalma, yemək ye. Özünə qapanmışdı. Yanvar ayında İlkin çox pis vəziyyətdə idi. Məsələn, ona yaxınlaşan olanda qorxurdu, elə bilirdi ki, polisdir, onu döyəcək. Hər kəsdən qorxurdu, düşünürdü ki,  onu döymək üçün yaxınlaşırlar. Mart ayınadək İlkinin üzərində nəzarət davam etdi, sonra isə ləğv etdilər. Bizi havalandırmaya da çıxarmırdılar ki, olmaz. Ümimiyyətlə, İlkinə təklikdə yaxınlaşıb nəsə soruşmaq mümkün deyildi, çünki dinləmə var idi.  İçəridə şərait olmadığına görə, dedik gəlin, tələb edək. İlkinə də dedik ki, qoşul bizə. Ola bilər ki, bizə bu sıxıntıları sənə görə yaradırlar. Nəzarətdəsən,  başqa kameralar rahardır. Yeyirlər, içirlər, bizə isə çaynik belə vermirlər, yəni bunlar fakt sənə görədir. İlkin də hər şeyi tam deyə bilmirdi. Bizim kimi rahat sözünü deyən biri deyildi. Heç kimin xətrinə dəyməzdi. Biri onu acılasa, deyərdi əcəb edirsən.  Onu tam qapalı saxlayırdılar. Bir dəfə hadisəylə bağlı soruşdum,  cavab verdi ki, Raqib. bircə onu deyə bilərəm ki, mənim vicdanım təmizdir. O barədə rahatam,  gec-tez ədalət yerini tapacaq."

Proses  iyunun 2-də öz işini davam eetdirəcək.

Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə

 





OXŞAR XƏBƏRLƏR