Şuşada ənənəvi medianın problemləri ilə bağlı panel keçirilib - <span class=FOTO " style="width: 100%;">

Şuşada ənənəvi medianın problemləri ilə bağlı panel keçirilib - FOTO

Bu gün Şuşada Beynəlxalq Media Forum çərçivəsində “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar" adlı birinci panel keçirilib.

APA xəbər verir ki, Emin Musəvinin moderatorluğu ilə keçirilən birinci paneldə ənənəvi medianın problemləri, konvergensiya prosesi, “feyk nyus”la mübarizə məsələləri ətraflı müzakirə edilib.

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman xatırladıb ki, tezliklə Azərbaycan mətbuatının 150 illik yubileyi qeyd ediləcək.

O, həmin vaxta qədər Beynəlxalq Media Forumunun qlobal səviyyəyə çatacağına ümidini ifadə edib.

Mixail Qusman 44 günlük Vətən müharibəsində Azərbaycanın beynəlxalq mediada üzləşdiyi ədalətsizliyi də xatırladıb.

“Bu gün Şuşa və Qarabağ əbədi olaraq Azərbaycanındır və bu həqiqət dünya ictimaiyyətinə çatdırılmalıdır. Beynəlxalq Media Forumun vəzifələrindən də biri budur”, - o diqqətə çatdırıb.

“Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim Şuşada belə forumda iştirak etməkdən qürur hissi duyduğunu vurğulayıb.

“Elə etməliyik ki, media hər kəsin güvəndiyi bir struktur olsun. Bu baxımdan, bizim hamımızın üzərinə bir məsuliyyət düşür”, - o əlavə edib.

Bakıda köhnə qəzetlərlə bağlı sərgini ziyarət etdiyini xatırladan ekspert həmin nəşrlərin bu günə gəlib çıxmasının başlıca səbəbi kimi onların etibarlı və oxunaqlı olmasını göstərib.

APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı deyib ki, ənənəvi medianın hazırkı problemi adamların ona olan marağının azalması, yəni kütləvilikdən uzaqlaşmasıdır: “Səbəb isə ənənəvi medianın təkyönlü olmasıdır. Ənənəvi mediada interaktivlik və debat mühiti yox idi. Bizim televiziyalarda və sairədə yaratdığımız debat mühiti konkret ekspertlər arasında olurdu. Yəni tamaşaçımızla interaktivliyimiz yox idi. Yeni medianın yaratdığı ən böyük üstünlük bu idi ki, o, öz tamaşaçısına, dinləyicisinə və oxucusuna interaktivlik və debat təklif edirdi. Və buna görə də yeni media resursları – burada təkcə saytlar deyil, kompüter vasitəsilə istifadə olunan və yaranan məhsullar nəzərdə tutulur – maraqlı idilər. Ta o vaxta kimi ki, yeni media məhsulu ortaya çıxdı: bu isə artıq sosial media idi. Hansı ki sosial media insanlara məlumatı öyrənmək, daşımaq və eyni zamanda, ötürmək imkanı tanıdı. Həmçinin birbaşa debat mühitini yaratmaq imkanını iştirakçının özünə verdi. Artıq sosial medianın imkanları ona gətirib çıxardı ki, saytlar belə sosial media üçün yalnız və yalnız mənbə rolunu oynayırlar. Və görünən ondan ibarətdir ki, çox qısa zamandan sonra artıq bütünlüklə sosial mediaya daşınan informasiyalarda ilk mənbə rolunu sosial media oynayacaq, yəni proses buna doğru gedir. Belə bir vəziyyətdə seçilmiş ifadə son dərəcə doğrudur ki, burada inteqrasiyadan yox, tamamilə konvergensiyadan söhbət gedir”.

Vüsalə Mahirqızı qeyd edib ki, daha tez yerləşdirilmiş məlumat daha çox önə çıxarılır, daha çox önə çıxarılan məlumat daha çox “tık”lanır, daha çox “tık”lanılan məlumat daha çox pul qazandırır və daha sensasiyalı məlumat çox pul qazandırır. Bu gətirib çıxarır bizim panelimizdə qoyduğumuz üçüncü məsələyə: feyk xəbərlər məsələsinə. İnsanlar daha sensasiyalı, daha çox feyk xəbərlərə üstünlük verirlər. Mənim fikrimcə, feyk xəbər media yox, siyasət hadisəsidir. Çünki bu, “qara piar” əlamətidir, bununla “qara piar” aparılır”.

Bolqarıstanın BTA agentliyinin informasiya siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva qeyd edib ki, adıçəkilən media qurum videokontentlərin yaradılması ilə məşğuldur: “İnfoqrafikaların yaradılması yeni kontent quruculuğu fəaliyyətidir. Biz yeni kontent üzərində çalışırıq ki, bütün xəbərləri canlı şəkildə çatdıraq. Bizim müxbirlərimiz bütün regionlarda canlı şəkildə çıxış edirlər. Biz BTA olaraq canlı tədbirlər, kampaniyalar təşkil edirik”.

“Haqqin.az" analitik veb-saytının rəhbəri Eynulla Fətullayev çıxışı zamanı mətbuatın ictimai və iqtisadi formasiyaya bağlı institut olduğunu diqqətə çatdırıb: “Dil nəinki təfəkkürün ifadəsidir, həm də strukturdur. Media da özünüifadədir. Təxminən 7-8 əsr bundan öncə dünyada milli mədəniyyət yox idi, kontinental mədəniyyətlər var idi. Məsələ burdadır ki, o zaman dini kimlik var idi, milli kimlik yox idi. Məhz burjua-demokratik proses, məhz kapitalizmin sürətli inkişafı milli sərhədlər, milli özünüifadə yaratdı. Milli özünüifadə də milli mediaya gətirib çıxardı”.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda beynəlxalq media forumu keçirilir.





OXŞAR XƏBƏRLƏR