Rəşid Rumzadə:

Rəşid Rumzadə: "Ermənistanın törətdiyi ekoloji cinayətlər faktlar əsasında təsdiqlənib"

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın beynəlxalq qurumlara göndərdiyi bəyanat, müraciət və hesabatlarında Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi soyqırımı, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti də faktlar əsasında təqdim olunub. Otuz illik işğal dövründə ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə Ermənistan tərəfindən ciddi zərər vurulmuş, beynəlxalq ekoloji cinayət törədilmişdir".

Azadmediatv.com xəbər veriri ki, bu haqda Ombudsman Aparatının rəhbərinin müavini Rəşid Rumzadə  belə deyib.

Onun spzlərinə görə, müxtəlif nadir bitki və heyvan növləri məhv olub, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarıb. Transsərhəd çay olan Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalıb və Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərib.

R.Rumzdə bildirib ki,  Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam edir:

"Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir.

2022-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi “Təmiz, sağlam və dayanıqlı ətraf mühitdə yaşamaq hüququ” adlı qətnamə ilə təmiz, sağlam və dayanıqlı ətraf mühitdə yaşamaq hüququ insan hüquqlarının tərkib elementi kimi qəbul olunub. BMT üzv dövlətləri hamı üçün təmiz, sağlam və dayanıqlı ətraf mühitin təmin edilməsi üçün müvafiq addımlar atmağa çağırır. BMT-yə üzv dövlət tərəfindən bu hüquqların pozulması isə, təbii ki, insan hüquqları pozuntusu kimi qəbul edilir.

Hələ 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmış, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdur. Bütün bunlar ciddi pozuntulardır.

Bununla yanaşı, Ermənistan Respublikası tərəfdar çıxdığı “Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında” 1976-cı il tarixli Konvensiya, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” 1989-cu il tarixli Bazel Konvensiyası, “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” 1992-ci il tarixli Konvensiya və digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə də məqsədli şəkildə əməl etmir. Təsadüfi deyildir ki, Ermənistan “Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair” 1992-ci il tarixli Konvensiyanı ratifikasiya etməkdən də qərəzli şəkildə yayınır.

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan Respublikasının bir neçə dövlət qurumunun mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə məhz faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmaq istəsələr də, sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib.

Baş verənlərə etiraz olaraq Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərdə, o cümlədən milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından, xüsusilə sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq, sərbəst hərəkət etmək, fikir və söz azadlığı hüquqlarından istifadə edərək hüquqların pozulmasına bilavasitə təsir göstərən ekoloji fəsadlara səbəb olan hallarla bağlı haqlı narazılıqlarını bildirirlər”, - deyə Ombudsman Aparatı rəhbərinin müavini qeyd edib.

O vurğulayıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Eləcə də, hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

Eləcə də, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ictimai birliklərin ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirmək, təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə məsələləri qaldırmaq hüquqları vardır.

“Bunlarla yanaşı, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi hər bir şəxsin zamanından asılı olmayaraq və şərt qoyulmadan ətraf mühitə dair informasiya almaq hüququna malik olduğunu bəyan edir.

Göründüyü kimi, milli və beynəlxalq hüququn normalarının pozulması ilə müşayiət olunan bu amillər Ermənistan hərbi-siyasi rəhbərliyinin ekoloji terror siyasətini, törətdiyi ekoloji cinayətləri faktlar əsasında təsdiq edir”.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR