Jalə Mütəllimova - A(a)S(ı)LAN...

Jalə Mütəllimova - A(a)S(ı)LAN...

Rauf Arifoğlu, zamanında bir tərpənişi ilə ölkənin ən böyük müxalifət partiyasını çökdürən media adamıdır...

Mirşahin Ağayev, dövlət siyasətini insanlara daşıyan gücdür...

Mehman Əliyev, Qərb və Avropa informasiya qaynaqlarının səlisliyinə əmin olduğu üçün məhz onu oxuyub davrandıqları media rəhbəridir...

Vüsalə Mahirqızı və APA səhifəsini müddətli bağladılar. Baxdılar ki, gördüyü işi görən yoxdur, ya da onun kimi görən yoxdur, məcbur olub APA -nı qaytardılar, elə onun özünü də...

Arif Əliyev və Elçin Şıxlı ölkənin rus dilli təbəqəsini bir davranışla başına cəm edə bilən nəhəng imza və media quruluş rəhbəridirlər...

Aynur Camal, ola bilər ki, "filankəslərlə bir siyahıdayıq", ifadəsini düzgün seçmədi, amma bu, məmləkətin bir media adamına ""Həsənov priyomu" gəlməyə əsas deyildi...Səhv addım, yalnış qərar idi...

Xaricdə və Azərbaycanda öz gücü ilə işləyən internet media quruluşları. Tanınmış imzaların aparıcılıq etdiyi kanallardır əksəriyyəti. Onlar məmləkətin media yükünü daşımalarına rəğmən sektorda iş tapa bilmədikləri üçün öz medialarını qurdular. Bəlkə də ən düzü də elə bu idi. Onlar kimsənin edə bilmədiyini, etdi. Söyüş müxalifəti və mediasının auditoriyasını ciddi şəkildə parçaladı. Hətta o səviyyəyə endirdi ki, həmin söyüş bloqerlərinin bir qismi artıq şoubiznes adamlarını təhdid edir və para qazanır, siyasətdən qaçıb.

Deməm o ki,bu real güclərin üzərinə yerimək yox, onlarla əməkdaş olmaq lazımdır. Ancaq nə görürük? Hamıya a(A)s(ı)lan biri yenə peyda olub. Özünü elə göstərir ki, guya Hikmət Hacıyevi müdafiə edir. Bu arada, Hikmət Hacıyev bu gün, media sektoru ilə bağlı mübahisə və mübarizənin, öz istəyindən asılı olmayaraq, mərkəzinə düşən adamdır. Ölkə Prezidentinin köməkçisidir. Və mediaya baş olmaq istəyənlərin hamısından daha çox camiəyə bələdçiliyi var. Amma a(A)s(ı)landan belə görünür ki, guya bu gün adı çəkilən siyasətçinin müdafiəyə ehtiyac var.

Fərdi yanaşmamdır, yeni komandada nə H.Hacıyevin, nə də MEDIA rəhbəri Əhməd Ismayılovun, a(A)s(ı)lanlara ehtiyacı yoxdur. Amma kimlərinsə mütləq ehtiyacı vardır. Onlar da unutmaya gərək, medianın qızıl qaydasıdır, sən də a(A)s(ı)lana söykənməyəcəksən, yıxılarsan...

Ötənlərdə yazmışdım, iki müsabiqədən sonra Azərbaycan media məkanına tam yeni komanda ilə iş başına gətirilən, KIVDF-nin əvəzinə yaradılan MEDIA, PA-dakı məlum ictimai-siyasi şöbə müdürü kürsüsünün boşluğundan davamlı hücumlara məruz qalacaq. Hətta medianı parçalayan qurum təəssüratı yaratmasına çalışacaqlar. O prosesə artıq start verilib. Prosesə hamıya a(A)s(ı)lanın buraxılması bunu göstərir.

Kadroloji və məlumatlılıq baxımında gənc olan MEDİA heyətini də duruma hakim olana qədər, qorumaq və yetişdirmək gərəkdir. Ancaq aşırı ehtiyatlılıq, medianın ayrı-ayrı simaları barədə yalnış məlumatlandırmalar bəzi məqamlarda bu qurumu da mediada Həsənov labirintinə salır. Yəni qeyri-müəyyənlikdə qalırlar. Nəticədə, Həsənov kadrları aşağıda və yuxarıda bildiyini edir. Yalnış olaraq belə təəssürat yaranır ki, mediada ümid olunan yeniliklər, kosmetik dəyişiklikdir, köklü islahat deyil.

Və bu yazı niyə yazıldı?

Yuxarıda təqdim olunan adamlara və ayrı-ayrı imzalara hucumlar var. Baş rolda hamıya

a(A)s(ı)landır...

Bu nə bəylər?! Simamı qalmadı məmləkətdə? O adam, a(A)s(ı)lan kim, məlumatınız yoxmu? Yoxsa a(A)s(ı)lanı "Sumqayıt işi"ni aparan hakimə, Mənsur Ibayevə sorun. Və ya o işin sənədlərini sətir-sətir oxuyan, kitab yazan, film çəkən, tərcümələri yayılan, telejurnalist, Ibrahim Məmmədova. Görün niyə M.Ibayev a(A)s(ı)lanın dörd azərbaycanlıya ölüm hökmü tələb elədiyi cinayət işini təkrar istintaqa qaytarıb? Öyrənin, görün nə yaşayıb buna görə özü və ailəsi, hətta qohumu, sabiq nazirlərdən biri olan o hakimin?! Görün niyə zamanında a(A)s(ı)lan Ramiz Mehtiyevi nəinki oğul, hətta ata Əliyevdən üstün tuturdu? Indiki "sevdası" nədəndir hazırkı Azərbaycan Prezidenti, oğul Ilham Əliyevə ?

Deməm o ki, hamıya a(A)s(ı)lanı boş vermək lazım. Azərbaycan mediasında dəyişiklik etmək üçün mövcud milli güclərlə danışıq, müzakirələr lazım. Bu məmləkətə iqtidar-müxalifət dialoqu, Qarabağ savaşının diplomatik masada müzakirəsində Rusiya-Azərbaycan anlaşması və sair məsələlər qədər önəmlidir, vacibdir. Yenə də niyə deyən varsa, cavablayıram?

Ölkə mediasının böyük bir qanadı Irana çalışır...

Digər qanad Rusiyaya...

Amerika ilə əməkdaşlıq edənlər də var...

Qərbyönümlülər var, çoxlu sayda...

LGBT belə jurnalist saxlayır məmləkətdə...

Hələ xaricdən züy tutan "vətənşüvənlərə" xəbər daşıyanları demirəm...

Fetö artıq jurnalist ordusu yetişdirir ölkədə. Türkiyə-Azərbaycan münasibətlərinə, qarşıdakı on ildən sonra vurulacaq zərbələri hesablayıblar...

Bakıda, Rusiya maliyəsi ilə, erməni əsilli rəhbərləri olan media quruluşlarını demirəm hələ...

NEXTA törəməsi, olan media quruluşlarını heç dilə gətirmirəm...

Üstəlik, SOROS maliyəsinə işləyən mediatik tiplər var...

Reket medianı da unutmadım...

Bu ərəsətdə, bir ovuc Azərbaycana çalışan adamın üstünə a(A)s(ı)lan göndərmək böyük səhvdir. Və görünən o ki, arxasında dövləti yox, fərdi maraqlar dayanır. Cənablar, Azərbaycan ictimai rəyi də, mediası da çox yaxşı tanıyır o a(A)s(ı)lanı . Və bir funksiyası var, a(A)s(ı)lan olmaq, vəssalam. Indi görün nə deyirəm, oturub qanun, layihə müzakirə eləmək yaxşıdır, ya a(A)s(ı)lana arxa durmaq?..Suala cavabı bir də canlı-canlı eşitmək, çox maraqlı olardı düzü...

 





OXŞAR XƏBƏRLƏR