Xalid Kazımlı:

Xalid Kazımlı: "Dövri mənzil qovğası – Qınaqçılar bizi “Taliban”dan qaçan tərcüməçilərə döndəriblər"

Bu mövzuda soyuqqanlı, təmkinli, emosional ovqata qapılmadan yazmaq, fikir bildirmək daha yaxşı olar.

Birincisi, hələ qurd keçini yeməyib, rus demişkən, axşam düşməyib, ona görə də “hər şey bitdi, 4 il gözləyən jurnalistlər evsiz qalacaqlar” ovqatına qapılmağın yeri yoxdur. Son qərarı verən şəxs başqadır və onun hərtərəfli informasiyası, güclü iradəsi var.

İkincisi, 4 il əvvəl 3-cü binanın təməli atılarkən “bu bina da jurnalistlərə veriləcək” deyə bina tikiləcək əraziyə barmaq tuşlanıbsa, demək, çoxsaylı insanlara ümid verilib. İndi umsuq duruma düşənlərin ovqatını da nəzərə almaq lazımdır.

Üçüncüsü, heç kəs şəhid ailələri və qazilərlə media əhlini üz-üz qoymamalıdır. Son 30 ildə şəhid ailələrini və qaziləri ardıcıl və prinsipial olaraq müdafiə edən bircə təbəqə olub – jurnalistlər. Qəzetlərin arxivini qaldırıb baxmaq kifayətdir.

Dördüncüsü, ölkənin rayonlarında və paytaxtda kifayət qədər boş mənzil var, bir ucdan da tikilir, dövlət lazım bildiyi adamları, insanlar qrupunu həmin rezervdən mənzillə təmin edə bilər, vaxtaşırı edir və bundan sonra da edəcək.

Beşincisi, 3 min şəhidimizin əksəriyyəti subay idi, onların ailəsi ata-analarından ibarətdir və həmin valideynlərin çoxunun rahat və geniş evləri var. Bu valideynləri, ehtiyacları olan başqa şeylərlə təmin etmək lazımdır.

Altıncısı, şəhidlərin çoxu ölkənin rayonlarından, Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan, Mingəçevir, Şirvan, Tovuz kimi şəhərlərindəndir, onlar mənzillə öz yaşadıqları yerdə, qohum-əqrəbalarının yaxınlığında təmin edilsə, daha yaxşı olar. Bakılı şəhidlərimiz isə təbii paytaxtda evlə təmin olunmalıdır.

qaciqin_binasi_133108.jpg (20 KB)

Yeddincisi, məcburi köçkünlər işğaldan azad olunmuş rayonlarımıza köçəndən sonra boş qalan mənzillər, eləcə də iki il əvvəldən onların məskunlaşması üçün tikilən, amma hələ hazır olmayan, paylanmayan evlər qazilərə verilə bilər. Onsuz da qazilər üçün də ayrıca iri yaşayış massivləri salınmaqdaydı.

Yəni bir sıra adamların yazı, açıqlama, status və şərhlərindən elə çıxır ki, ölkədə boş mənzil sahəsi olduqca məhduddur, bir qrupu təmin etmək üçün mütləq başqa bir qrupun gözləntisi vurulmalıdır. Elə şey yoxdur. Dövlətin varidatı, potensialı, resursları kifayət qədərdir.

Bu xüsusda səslənən gəlişigözəl cümlələrdən biri də belədir ki, jurnalistlərə ev verilirsə, onda avtobus sürücülərinə, qəssablara, bərbərlərə (bir çox peşələrin adları sayılır) də verilsin.

Hiss olunur ki, bunu deyən adamların jurnalstikanın əhəmiyyəti barədə bildikləri bu qədərdir.
Hamı bilməlidir ki, mətbuatın 4-cü hakimiyyət olduğu barədə deyilən sözlər havayı, lütfkarlıq üçün dilə gətirilən sözlər deyil.

photo_2021-07-25_15-05-05.jpg (71 KB)

Media xüsusi status daşıyan bir sferadır. İstənilən ölkədə dövlətin bir neçə sütunundan biri mediadır. Hər bir demokratik ölkədə demokratiyanın əsas sütunu KİV-dir. Media olmayan ölkələrdə azadlıq, demokratiya, haqq-ədalət yoxdur, ola bilməz. Mətbuat sahəsində külüng vuranların az olduğu, sıradan çıxdığı ölkələr qısa müddətdə Şimali Koreyanın və Türkmənistanın gününə düşür. Demək, hansı şərtlər daxilində olursa, olsun, media ayaqda qalmalı, mövcudluğunu qorumalıdır. Bundan ötrü bu sahəyə yeni adamlar gəlməlidir. İşi çətin, qazancı az,təhlükəsi çox sahəyə gənclər niyə gəlsin ki? Demək, stimul olmalıdır.

Uzun illər bu ölkədə haqq-ədalətin keşikçisi jurnalistlər olublar. Onlar əllərindəki kor balta ilə “yoğunlamış, yosunlamış kötükləri” vura-vura aşırıblar. “Burda mənəm, Bağdadda kor xəlifə” deyən elə məmurlar vardı ki, onlara fələyin də gücü çatmırdı, göylə gedirdilər, media yaza-yaza onlardan elə bir eybəcər fiqur düzəltdi ki, axırda dövləti idarə edənlər eybəcərlərlə bir komandada olmaq istəmədilər və onları qapı dalında qoydular. “Get kimə deyirsən, de” deyərək məzlum insanlara, şikayətçilərə zülm edən yüzlərlə məmuru məhz jurnalistlər quzuya döndərirdilər.

images.jpg (8 KB)

Media olmasa, acgöz və tamahkar, nadan və zorba məmurlar quldarlıq quruluşunun qaydalarını tətbiq edərlər. İllərlə son instansiya məhz media olub, icra hakimiyyəti məmurlarının özbaşınalığından, məhkəmə qərarlarının ədalətsizliyindən narazı qalan insanlar hər gün sonuncu çarə yeri kimi jurnalistlərin üstünə gəlirlər.

Cəmiyyət bu xidmətləri az-çox bilir, bilməyənlər də bilsinlər və ona görə də həyatını haqq-ədalətin bərqərarına həsr etmiş adamları başları üzərindək tavana görə xor görməsinlər.

“Jurnalistə ev verilməməlidir, verilənlər də geri alınmalıdır” deyən siyasi fəalların arasında vaxtilə və indi hakimiyyətə iddia edən siyasi partiyaların funksionerləri var.

Onların yadına salmaq istəyrəm ki, hakimiyyətə gəlmək şansının daha böyük olduğu illərdə bu şəxslərin liderləri hakimiyyətə gələcəkləri təqdirdə sosial proqramlar həyata keçirərək aztəminatlı ailələri mənzillə təmin etmək barədə vəd verirdilər. Konkret olaraq, bilirəm ki, İsa Qəmbər 2003-cü ildə hakimiyyətə gəlsə, jurnalistləri və başqa aztəminatlı kateqoriyadan olanları mənzillə təmin edəcəkdi.

Daha bir məsələ. Bəziləri elə qələmə verir ki, sanki bizim jurnalistlər mənzilləri ölkəmizi işğal altında saxlayan metropoliyadan və ya düşmən dövlətdən alıblar. Elə deyil, onlar mənzili öz müstəqil dövlətlərindən alıblar. Heç İrəvanda çıxan “Haykakan Jamanak”da da işləmirlər, öz ölkəmizin mediasını təmsil edirlər. Bəzən elə bir təqib-təzyiq kampaniyası başladırlar ki, adam özünü ABŞ hərbçilərinə qoşulub “Taliban”dan qaçan tərcüməçilər kimi hiss edir - “bu hökumətə işləmisən, cavab verəcəksən!!!”

55.jpg (10 KB)

Ev alan jurnalistləri qınayaların arasında elə adamlar var ki, özləri xarici dövlətlərdən maaş, mükafat, qrant, bonus alıblar və bu sayədə hər şeyləri var: topdağıtmaz evləri, lüks avtomobilləri, cah-cəlalları. Başqa dövlətdən çox şey alaraq, öz dövlətinin hesabına zəruri yaşayış şəraiti əldə edənləri qınamaq absurdun kvadratıdır.

Dövlət təkcə vergi yığmaq, övladları hərbi xidmətə aparmaq üçün deyil, həm də vətəndaşlarının qayğısına qalmaq, onların problemini həll etmək, onları yaşatmaq üçündür.

“Kanadada elə şey yoxdur”, “İsveçrədə dövlət jurnalistə ev vermir”, “Fransada jurnalistlər mənzili özləri alır” və sair və ilaxır arqumentlərlə camaatın baş-qulağını dəng edənlər də bilməlidir ki, bura Kanada, İsveçrə, Fransa deyil, Azərbaycandır və hələlik bu ölkədə yaşam şərtləri belədir.

Bəs ölkədəki mövcud durum niyə belədir? On minlərlə savadlı, fəal, mübariz adam ölkədən qaçıb xaricə gedəndə, orada rahat şəraitdə oturub üzübəri “qızıl xırdalayanda”, ağıllı-ağıllı yol göstərəndə ölkədəki durum belə də olmalıydı. Biz təkləndik, mövcud şəraiti başqa cür etməyə gücümüz çatmadı. Siz öz şəraitinizi elə dəyişdiniz, biz də belə dəyişməyə məcbur olduq.

Xalid KAZIMLI 

musavat.com





OXŞAR XƏBƏRLƏR