Zaur Əliyev:

Zaur Əliyev: "Göytürk xaqanlığı, Əhlibeyt və Kərbala savaşı..."

Kərbəla hadisəsi həm siyasi, həm tarixi, həm də insanlıq cəhətdən  çox önəmli bir olaydır. Həzrəti Hüseyn qarşılığında hər nə olursa olsun, hər zaman doğrunun və haqqın yanında durmaq barədə insanlığa önəmli bir mesaj çatdırıb. Təsadüfi deyil ki, müasir Hindistanın qurucusu Mahatma Qandi və Afrikanın unudulmaz liderlərindən olan Nelson Mandela daxil olmaqla tarix boyunca bir çox insanlar Həzrəti Hüseynin ədalətsizliyə qarşı duruşunu özlərinə nümunə götürüb. Məsələn, Mahatma Qandi belə deyib. “Mən, Hüseyndən məzlum olduğu halda necə qalib gəlməyi öyrəndim”.

Kərbəla, sadəcə, üzərində ağlanılanacaq və yalnız qəmginliklə qeyd ediləcək bir mövzu deyil. Əsas odur ki, insanlığa da dərs olan Kərbəla məsələsinin ana fikri dərk edilsin. Çoxları bilməsə də, Kərbala savaşında Həzrəti Hüseynin yanında Yezidin qoşununa qarşı Azərbaycanlılar da iştirak ediblər. Bu barədə yazacam.

Ancaq indi yazacağım məsələ Göytürk dövlətinin başçısı İltəriş xaqanın İmam Hüseyni qorumaq üçün atdığı addımlardır. Bu gün mifik bir qurum kimi təqdim edilən "Günəş və Aslan" Mühafizə Təşkilatı, əslində, tarixi bir gerçəklikdir. İslamdan öncə türklərin gizli təşkilatı olan bu qurum İslamdan sonra da fəaliyyət göstərmiş və əsas məqsədlərii türk coğrafiyasına daxil olan ərazilərdə imperatorluqlar, dövlətlər, bəyliklər, xanlıqlar və respublikalar qurmaq idi. Məhz, Kür Şad İnqilabından sonra Ötkəndən üzü Anadoluyadək olan bir coğrafiya "Günəş və Aslan"nın idarəçiliyi altında olub. Bir Xaqan olaraq, “Günəş və Aslan” Təşkilatına rəhbərlik edən İltəriş Xaqan yeni yaranan İslam dinin yayılma coğrafiyası və türklərin arasında Tanrıçılığa yaxın olduğunu bildiyi üçün öz adamlarını Ərəbistana göndərmişdi. Onlar baş verən prosesləri izləyir və mütamadi olaraq, Xaqana məlumatlar göndərirdilər. Bunların işi əsasən, Peyğəmbər nəslinin davamçılarının yanında olmaq, onları qorumaq və Əhli-Beytin mühafizəsi idi. Onların arasında  Mədinə şəhərinə İslam dinini öyrənmək və o zaman "akıncı" deyilən şəxslərə rəhbərlik edən Vazih Külem Türk xüsusilə seçilirdi. O, həm döyüş üzrə yaxşı əsgər olmaqla yanaşı, savadlı və bacarıqlı gənc idi. O, Əhli-Beytə o qədər yaxınlıq göstərir ki, Həzrəti Hüseynin oğlu Zeynal Abidin-ibn-Əli-ibn-Hüseynin şəxsi köməkçisi təyin edilir. Eyni zamanda, Zeynal Abidinin mühafizə xidmətinin rəhbəri olur. Vazih Külem Türkün sədaqəti Həzrəti Hüseyn tərəfindən yüksək qiymətləndirilir. Ərəb mənbələrində adı "Elsem-i Türkî" kimi keçən Vazihin missiyası İltəriş xaqanın tapşırıqlarını icra etmək idi.

Mütamati olaraq, İltəriş Xaqana məktub yazan Vazihin yazılarının birində deyilir: “Mən Həzrətə xaqanlıq barədə məlumat verdim, o əlini Tanrıya uzadaraq, “Ya Allah, mənim ailəmi qoruyan 7 türk igidinə 7 türk dövləti nəsib et”,- deyə dua etdi. Lakin burada vəziyyət çox gərgindir. Yeni xəlifə Məhəmmədin nəslini yox etməyi düşünür. Bir dəstə göndərməyiniz yaxşı olar. Biz Kərbala istiqamətində hərəkət edirik”.

Həzrəti Hüseynin sağ tərəfində Kərbalaya hərəkət edən qafilənin və Vazihin əsas işi onu qorumaq idi. Döyüş başlanan zamandan Həzrəti Hüseyndən ayrılmayan Vazih qarşı tərəfin say çoxğluğunu görərək, İmama yaxınlaşıb döyüş üçün izn istədi və aşağıdakı sözləri deməsi qaynaqlarda yazılır:

"Dəniz, nizə və qılınc

Zərbələrimlə qaynayacaq

Göy oxlarımla dolacaq

Əlimdə iti qılıncım görünəndə

Təkəbbürlülərin qısqanc qəlbi parçalanacaq. "

Döyüş zamanı ağır yaralanan Vazih yerə yıxılır və Həzrəti Hüseynə doğru baxır. Onun yaralandığını görən İmam  Hüseyn ona yaxınlaşır və qanlı başını sinəsinə sıxır. Qaynaqlarda yazılır ki, Vazihin son sözü “"Kim mənim kimi ola bilər, Peyğəmbərin nəvəsi məni qucaqlayır, yanağın yanağımdadır" olur.

Kərbalada Həzrəti Hüseyn və tərəfdarlarının məğlubiyyətindən iki gün sonra isə Göytürk xaqanı İltərişin göndərdiyi 3 min nəfərlik dəstə döyüş yerinə çata bilir…Amma artıq o zaman gec idi…..