Kaspersky: tanışlıq xidmətlərindən istifadə edən hər altıncı şəxs onlayn təqibin qurbanı

Kaspersky: tanışlıq xidmətlərindən istifadə edən hər altıncı şəxs onlayn təqibin qurbanı

Kaspersky-nin beynəlxalq araşdırmasının məlumatlarına görə, onlayn tanışlıq tətbiqlərində hesab sahiblərinin təqribən hər altıncısı (17%) sosial şəbəkələrdə təqib olunmağın nə olduğunu bilir.

Azadmediatv.com-a  Kasperskydən verilən məlumata görə, bu tətbiqlərin istifadəçilərinin qarşılaşdığı digər insidentlər arasında şəxsi məlumatın pis məqsədlər üçün istifadəsi təhdidi, yazışma skrinşotlarının və şəxs fotoların ictimai məkanlarda yayılması təhlükəsi və hətta real həyatda təqib də var. Üstəlik, bu cür təhdidlər həm istifadəçinin tətbiq vasitəsilə bir müddət ünsiyyətdə olduğu şəxslərdən, həm də heç tanımadığı insanlardan gələ bilər.

Bu cür riskləri maksimum azaltmaq üçün həddən artıq məlumat paylaşmaqdan (oversharing), yəni şəbəkədə özü haqqında artıq və lazımsız paylaşımlar etməkdən çəkinmək lazımdır. Belə ki, ev ünvanı, iş yeri, şirkətin adı və ya telefon nömrəsini internetdə asanlıqla tapmaq olarsa, təcavüzkarlar bundan istifadə edə bilərlər.

Məlumatın istifadəçinin razılığı olmadan, onun reputasiyasına xələl gətirmək üçün paylaşılması doksinq adlanır. Onlayn tanışlıq xidmətlərindən istifadə edən hər altıncı şəxs (16%) onunla qarşılaşıb. Daha 11% doksinqə məruz qalıb, amma bu haqda bilməyib, çünki belə bir anlayış haqda məlumatı olmayıb.

«Həyatımızın rəqəmsallaşması fonunda onlayn tanışlıq adi bir hala çevrilib, tanışlıq tətbiqləri isə sevgi tərəfdaşı tapmaqda dəstəyə. Amma bununla bərabər bu cür xidmətlərin istifadəçiləri üçün mümkün məlumat sızıntısı, doksinq, kiber casusluq və başqa təhdidlərlə bağlı müxtəlif risklər də meydana çıxıb. Buna görə də tanışlıq tətbiqlərində olan zaman öz şəxsi məxfiliyinizi qorumaq və şəbəkədə minimum şəxsi məlumat paylaşmaq barədə düşünməlisiniz”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky öz şəxsi məlumatlarınızı istifadə etdiyiniz xidmətdən asılı olmayaraq, təcavüzkarlardan qorumaq üçün tövsiyə edir:

· cihazınıza yüklədiyiniz tətbiqin hansı funskional icazələrə malik olduğunu müntəzəm olaraq yoxlayın;

· iki faktorlu audentifikasiya tətbiq edən xidmətlərdən istifadə edin;

· şəbəkəyə hər hansı bir məlumat yükləməzdən əvvəl onun necə təfsir ediləcəyi və başqaları tərəfindən necə istifadə edilə biləcəyi barədə düşünün.

* Onlayn tanışlıq xidmətləri istifadəçiləri arasındakı sorğu Kaspersky-nin sifarişi ilə Sapio Agentliyi tərəfindən 2021-ci ilin iyun ayında aparılıb. Sorğuda dünya üzrə 18 mindən çox istifadəçi iştirak edib.

Azadmediatv.com