Ombudsman Səbinə Əliyeva Beynəlxalq Miqrant Günü  münasibətilə keçirilən tədbirdə çıxış edib

Ombudsman Səbinə Əliyeva Beynəlxalq Miqrant Günü münasibətilə keçirilən tədbirdə çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Miqrant Günü münasibətilə keçirilən tədbirdə iştirak edib. Ombudsman Aparatının, Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkil etdiyi tədbirə müxtəlif dövlət qurumlarının, miqrasiya sahəsi üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

 Azadmediatv.com -a Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, Səbinə Əliyeva tədbirdə çıxış edərək, Ombudsman təsisatı tərəfindən əhalinin həssas qruplarının, o cümlədən miqrantların hüquqlarının səmərəli təmini məsələsinin diqqət mərkəzində saxlanıldığını, qaçqınların, əcnəbilərin, vətəndaşlığı olmayan və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi, sığınacaq sisteminin inkişaf etdirilməsi və digər sahələrdə müntəzəm tədbirlərin həyata keçirildiyini bildirib.

Ombudsman çıxışı zamanı COVID-19 pandemiyası dövründə qeyri-müəyyən vəziyyətdə yaşayan miqrantların hüquqi vəziyyətinin tənzimlənməsi məsələsinin əsas problem olduğunu vurğulayıb.

S. Əliyeva Ombudsman təsisatının müvafiq sahədə Dövlət Miqrasiya Xidməti, xarici dövlətlərin ombudsmanları, o cümlədən diplomatik nümayəndəliklərlə geniş əməkdaşlıq əlaqələri barəsində də danışıb.

Ombudsman Aparatı tərəfindən davamlı olaraq hədəf qruplarına ünvanlanan maarifləndirmə tədbirlərinin həyata keçirildiyi də nəzərə çatdırılıb. Tədbir iştirakçılarına Ombudsmanın 916 nömrəli Çağrı Mərkəzinin və sosial şəbəkə səhifələrinin operativ fəaliyyəti, Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində miqrantların hüquqlarının təmini vəziyyətinin monitorinqi məqsədilə keçirilən mütəmadi monitorinqlər haqqında geniş məlumat verilib.

Müvəkkil çıxışı zamanı müvafiq sahədə vacib hesab etdiyi məsələlər və onların həlli barəsində təkliflərini irəli sürüb.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR