Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib

Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin məhkəməsi prosesi yekunlaşıb.

Azadmediatv.com-un xəbərinə görə, Rasim Quliyev prosesdə son söz deyib. O, günahsız olduğunu, əsl zərərçəkmişin özü və ailəsi olduğunu çıxışında önə çəkib:

"Hörmətli hakim, məhkəmə heyəti, hörmətli iştirakçılar!

Sabah 60 illik yubileyini qeyd edəcəyimiz dünya azərbaycanlılarının lideri, 2020-ci il dünyanın ən həmrəy xalqı kimi Azərbaycanlıları birləşdirib zəfər zirvəsinə yüksələn Möhtərəm Prezident və qalib sərkərdə İlham Əliyevin Dogum Günüdür, mən bu münasibətlə Xalqmızı və Liderimizi ürəkdən təbrik edirəm.

2019-ci ildə Prezidentimizə «Resurs» AİM olaraq biz «İlham Əliyevin fəlsəfəsi: Bir portret haqqında düşüncələr” adlı analitik məqalə həsr etmişdik. Biz o cizgiləri, o şəxsi keyfiyyətləri qeyd etmişdik ki, 2020-ci ildə Ali Baş Komandan müdrik və cəsarətli rəhbərliyi ilə xalqı birliyə, ordunu qələbəyə apardı və işğaldan azad olunmuş torpaqlarımızda bayrağımızı ucaltdı. 2020-ci ildə biz həmin analitik materiala baxdıq ki, necə də sözbəsöz aktualdır və yenidən dərc etdik. Mən xahiş etdim ki, bəzi əlavələrimi etmək şərti ilə bir daha həmin analitik məqaləni SƏS İnformasiya Agentliyində və SƏS qəzetində dərc etsinlər. Bu bizdən Cənab Prezidentimizin 60- illik Yubileyinə hədiyyə olsun. Bizim mövqeyimiz budur və heç kimə, heç nəyə görə mövqeyimizi dəyişən deyilik.

Sizə hörmət və ehtiramımı bildirərək çıxışıma Ümummilli Lider Heydər Əliyevin sözlərindən sitat gətirməklə başlayıram. «Dövlət iki şeydən sarsılır: bir, cinayətkar cəzasız qalanda, iki, günahsız adam cəzalandırılanda».

Mən sosioloq araşdırmaçı kimi bəzi anlayışlara aydınlıq gətirmək istəyirəm. Ədalət məhkəməsi adlandırılan məhkəmə prosesində ədalətli qərarların qəbul olunması üçün sözsüz ki, dəlil sübutların tədqiqi və təhlilinə ədalətli, qərəzsiz vicdanlı yanaşma ən vacib şərtdir. Bəs ədalət nədir, onun ölçü vahidi və forması necədir? Baş vermiş hər hansı hadisə, dəlil, sübutlar və faktlar maddidir, ədalət və vicdan isə mənəvi dəyərlərdir, deməli, maddi dəyərlərin qiymətləndirilməsi mənəvi dəyərlərlə ölçülür, bu belə də olmalıdır, çünki söhbət insan faktorundan gedir. Çünki ittiham olunan da, qiymətləndirməli olan da insandır. İnsan isə cisimlə bərabər mənəvi-psixoloji varlıqdır. Bəs insan nədir, bəs ədalətin ölçü vahidi hansıdır?

İnsan hüquqları, vətəndaş hüquqları qəbul olunmuş hüquqi normativlər çərçivəsində insanların hərəkət və hərəkətsizlik trayektoriyasıdır. Bu daha çox maddi yanaşmadır, insan haqqları və yaxud insanın haqqı isə daha çox mənəvi dəyərləri özündə etiva edir. Haqq nədir? Həqiqət nədir?

Həqiqət bir cür olur, iki cür həqiqət ola bilməz. Əsil həqiqət isə əbədi və əzəli haqq olan Allah-Taaladır, qalan bütün şeylər daimi olmayan, müvəqqəti və keçicidir. Həqiqət haqqdır, haqq Allah-Taaladır. Haqqın insandakı təcəllisi Allahın insana əmanəti və nişanəsi insanın ruhudur. Sizdə də məndə də olan ruhumuz bizim haqqdan olan nişanəmizdir - bizim haqqımızdır. İçimizdəki haqlının haqqını vermək, haqqa girməmək, haqqı tapdalamamaq hissi, içimizin səsi, elmi-kommunizmin və ateizmin termini ilə ifadə etsək vicdanın səsi əslində içimizdəki imanın ruhun və haqqın səsidir və o maddi varlıq olmadığı üçün səsi qulaqlar duymaz, çünki o səs ruh dilində danışır. Onu insanlar vicdanın səsi və qəlbin səsi, içimdən gələn bir səs kimi ifadə edirlər. Ədalət haqqı və həqiqəti tanımaqdır, Allahın haqqını və Allahdan insanda olan haqqı tanımaqdır. Haqqı tapdalamaqdan qorxmaqdır, haqqa girməkdən qorxmaqdır. Çünki zəifin, məzlumun haqqı Allahın haqqıdır. Əbədi və əzəli olaraq bütün mülklərin tək və şəriksiz sahibi, Qadir və Qüdrətli, Ucalardan Uca Allah heç kimin haqqını heç kimdə qoymaz, çünki haqq olan haqq sahibi Odur.

Haqqıma girməkdən qorxun. Quran ayəsində deyilir ki, «Əmanəti verdik göylərə qəbul etmədi, verdik dağlara qəbul etmədi, verdik insana qəbul etdi. Necədə cahil və zalımdır». Cahildir ki, göylərin, dağların qorxaraq qəbul etmədiyi əmanəti qəbul etdi. Zalımdır ki, əmanəti qoruya bilməyənlər, əmanətə xəyanət edən zalımlar özlərinə zülm etmiş olarlar. Bəs əmanət nədir? Əmanət ədalətdir, haqqı tanımaqdır, haqqa girməməkdir. Əhd-peymandır, yetim malıdır, məzlum haqqıdır.

Yaradılışda məxluqatdan olan adamın kamillik yolu mənəvi, elmi, ruhi və fiziki tərəfləri əhatə etməklə onu insanlıq zirvəsinə ucaldır. Haqqı dərk edir, haqqdan qorxur və ədalətli olur. Mən sadə dildə, qısa şəkildə bu mövzuda danışmaqla heç kimə dərs keçmək istəmirəm, sadəcə olaraq haqqımda hökm verməli olanlara özümü tanıdıram. Mən insanın, özümün səmimi həyatımın heç bir saatını da yalan, riya ilə zəhərləyib ruhuma və vücuduma əziyyət verə bilmərəm. Bütün məhkəmə prosesində səmimi olmuşam. Bəs mənə qarşı irəli sürülən ittiham və prosesdə ortaya qoyulan dəlil sübutlar ittihamçı tərəfindən ədalətli qiymətləndirilirmi?

Mən müstəqilliyin əldə olunması, milli dövlətimizin qurulması, dövlətçiliyimizin inkişafında həmişə aktiv iştirak etmişəm. Fəaliyyətimdə həmişə səmimi olmuşam. İşlədiyim sahədə, o cümlədən, dövlət qulluğunda əlimdən gəldiyi və bacardığım qədər səmimiyyət və sədaqətlə dövlətimə xalqıma xidmət göstərərək öz sahəmdə vətəndaş məmnunluğunun təmin olunmasına çalışmışam və xidmətimə görə cənab Prezident tərəfindən medalla təltif olunmuşam. Yaxşı, bir sual məni düşündürür. Niyə mən? Nə üçün mənə qarşı bu qədər və qərəzli ambisioz münasibət? Axı mən millətimi, xalqımı sevirəm, dövlətimə, Prezidentə sadiqəm.

Möhtərəm Prezidentimiz «Qarabağ» futbol klubunun üzvlərini qəbul edərkən bizim futbolçuların rəqib qapısına vurduğu qolu hesaba almayan referi haqda dedi ki, “Görmədi? Kor idi? Yan xətt hakimi də görmədi? O da kor idi? Bəs bu korlar necə oyun idarə edirlər?”

Prezidentimizin bu sözləri nəyi göstərir? Deməli, Möhtərəm Prezidentimiz bir vətənpərvər, patriot lider kimi Xalqımızla bağlı hər bir detala diqqət yetirir, lazım gələndə açıq və dəqiq münasibətini ifadə edir. İnanıram ki, cənab Prezidentin diqqətindən heç nə yayınmır. Bizim proseslə bağlı isə ictimai-siyasi xadimlər, mətbuat rəhbərləri, QHT nümayəndələri, tanınmış ictimai fəallar və ziyalıların Möhtərəm Prezidentə müraciətinə də öz münasibətini bildirəcək. Mən fürsətdən istifadə edib, onlara da minnətdarlığımı bildirirəm.

Möhtərəm hakim, hörmətli proses iştirakçıları hörmətli media nümayəndələri

Hamınıza məlum olduğu kimi mən Rasim Quliyev əsassız olaraq etmədiyim cinayət əməllərində ittiham olunuram. Mən daima dövlətçiliyə, Prezidentimizə xidmət etmişəm və harda olacağımdan asılı olmayaraq da mən bu əqidəmdən dönən deyiləm.

Mən, 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, 2010-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində Aparat rəhbəri vəzifəsini icra etmişəm. Müzakirə olunan bu tikintiyə 2012-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən icazə verilib və müvafiq sənədləşmə işləri orada söküntü, təmir-tikinti işləri başlayıb. Həmin zamanlarda hara necə nə ziyan dəyibsə mənim məlumatım olmayıb. Mənim məlumatım ola da bilməzdi, çünki mən Aparat rəhbəri idim, nə icra hakimiyyətinin başçısı idim, nə də ki, memarı. 2017-ci ildə mənə göstəriş verilib ki, rəhbərlik ilə razılaşdırılıb və sən İcra Hakimiyyətinin başçısının müavini vəzifəsinin səlahiyyətini müvəqqəti icra edəcəksən, yalnız ümumi nəzarət isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən həyata keçiriləcəkdir. Buna dair xüsusi Sərəncam da vardır, həmin Sərəncam da cinayət işinin materiallarındadır. Vəzifə səlahiyyətlərinin ötürülməsində isə məhkəmə istintaqı dövründə müxtəlif qurumlar və aidiyyatı şəxslər arasında yazışmalardan sübut olundu ki, heç vəzifə səlahiyyətləri də mənə düzgün ötürülməmişdir.

Məhkəmə prosesində də məlum oldu ki, mənim adıçəkilən tikinti şirkəti haqqında və aparılmış işlər barədə heç bir məlumatım olmayıb. Bu məhkəmə istintaqı sənədlərindən də tam sübut olunur, tikinti şirkətinin rəhbəri də ifadəsində bunu xüsusi qeyd etmişdir. Mənim bu məsələyə hər hansı bir aidiyyətim olmayıb. 2018-ci ildə mənim tərəfimdən imzalanmış Sərəncam isə artıq sökülmüş, sakinləri köçürülmüş, 5 mərtəbəsi yenidən inşa edilmiş binada tikinti işlərinin davam etdirilməsi üçün, həmin vaxt qüvvədə olan 2012 və 2015-ci illərin Sərəncamlarına istinadən verilmişdir. Bu Sərəncam İcra Haikmiyyətinin memarlıq baş idarəsi tərəfindən hazırlanmış, aidiyyatı qurumlar tərəfindən rəsmi rəylər təqdim olunmuş və bu səbəbdən tərəfimdən tikintinin davam etdirilməsinə icarə verilmişdir. Mən memar deyildim, mən tikinti mütəxəssisi deyildim, mən yalnız verilmiş rəylərə əsasən və daha öncə verilmiş və həmin zaman qüvvədə olmuş Sərəncamlara istinadən yeni Sərəncam vermişəm. Bir sözlə, bu mövcud rəylər aidiyyatı mütəxəssislər tərəfindən verilir, və rəylər ola-ola mənim həmin Sərəncamı verməməyə bir əsasım da yox idi. Necə ki, məhkəmə və istintaq misal üçün ölüm işində ekspertiza təyin edir və daha sonra cinayət işində həmin ekspertiza rəylərinə istinad edilir. Mən də həmin rəylərə istinad etmişəm və Sərəncam vermişəm. Məhkəmə prosesində bu məsələsə tam olaraq sübut olunmuşdur, bunu da biz hamımız bilirik hörmətli prokuror da bilir, digər proses iştirakçıları da çox gözəl anlayırlar.

Möhtərəm hakim, Sizin üzərinizə böyük yük düşür. Siz bu gün ədalətli qərar qəbul etməklə, hüququn və vicdanın aliliyinin qorunmasını təmin etməklə, eyni zamanda hüquqşünas həmkarlarınızın xətasını düzəltmiş olacaqsınız. Sanki dostunuzu səhvdən, oddan, atəşdən qorumaq üçün ona əlinizi uzadıb xilas etməlisiniz. Bu gün bəlkə onun xoşuna gəlməyə bilər, ilk baxışda öz səhvini görməyə bilər, bəlkə də təkəbbür edər, amma ilahi ədalət təcəlli edəndə sizə minnətdar olacaq. Mən bir daha qeyd edirəm ki, mən tam olaraq özümü təqsirsiz hesab edirəm, mən qanunsuz heç bir şey etməmişəm və bunu cinayət işinin materialları, o cümlədən şahid ifadələri, zərərçəkən kimi tanınan tərəflərin zərərin forması, mahiyyəti, dəyəri barədə məhkəməyə heç bir sənəd təqdim edə bilməmələri sübut edir. Burada əsil zərərçəkən mən, ailəm və dostlarımdır.

Sizdən Allaha və Qanuna əsaslanaraq ədalətli qərar qəbul edərək, mənə bəraət verilməsini xahiş edirəm.

Sizə hörmət və ehtiramımı bir daha ifadə edərək xatırladıram ki, hökm Allahındır insan sadəcə olaraq, öz imtahanını verir, öz yazısını yazır.

Diqqətiniz üçün təşəkkür edirəm".

Hökmə əsasən Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı R.Quliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi .

İttihamda deyilir ki, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verib.

İttihama əsasən, Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb.

Rasim Quliyevin yaxınları bildirir ki, həmin sərəncam Hacıbala Abutalıbovun zamanında imzalanıb.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR