Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması günüdür

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması günüdür

Dekabrın 27-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması günüdür.

Azadmediatv.com-un xəbərinə görə,  bu gün nazirliyin yaranmasının 103 ili tamam olur.  Belə ki, 1918-ci il dekabrın 26-da  Azərbaycan Demolkratik Respublikasında Poçt, Teleqraf və Əmək Nazirliyi, daha sonra ayrıca qurum kimi Əmək Nazirliyi yaradıldı.  Bununla da 1918-ci ilin 26 dekabrı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günü kimi qeyd edilir.

Poçt, Teleqraf və Əmək Nazirliyi və az sonra adı dəyişdirilərək, yeni qurulan Əmək Nazirliyi əmək, məşğulluq, sosial müdafiə sahəsində mühüm qərarlar qəbul edib, sosial əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində bir sıra zəruri addımların atılmasına nail olub.

Qeyd edək ki, Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlayıb, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə “İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında” və 1912-ci ildə “Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında” qanunlar qəbul olunub.

XX əsrin əvvəllərində Rusiya imperiyasında sığorta münasibətlərini tənzimləyən “Xəstəlik zamanı fəhlələrin təminatı haqqında”, ”Fəhlələrin sığorta məsələləri üzrə idarə və şuranın təsis edilməsi haqqında”, “Fəhlələrin bədbəxt hadisələrdən sığortası haqqında” və s. qanunlar qəbul olunsa da, ölkədəki gərgin ictimai-siyasi hadisələr bu qanunların tətbiqinə imkan verməyib.

İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan “Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında” məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edilib.

Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradılıb. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E.P.Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi.

Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu. Yakov Zevin komissar təyin olundu. Az sonra Bakı Sovetini əvəz edən Bakı Xalq Komissarları Sovetində də Xalq Əmək Komissarı yenə Yakov Zevin oldu. Xalq Komissarları Soveti iyulun 31-dək, 3 aylıq fəaliyyəti ərzində 200-dən çox şəxsi neft mədənini, 299 sənaye müəssisəsini milliləşdirməklə yanaşı, fəhlə və qulluqçuların əmək hüquqlarının müdafiəsi, işçilərin əməyinin mühafizəsinin təşkili və s. ilə bağlı bir sıra sosial tədbirlər də həyata keçirib. 

1918-ci il mayın 28-də Tiflis şəhərində Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılaraq İstiqlal Bəyannaməsi elan olundu və 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edildi. İlk hökumət kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi ``Hümmət`` partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olunub.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sosial siyasətinin əsas istiqaməti ümumi daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümumi daxili məhsulda milli gəlirin və məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatın səviyyəsinin yüksəldilməsinə yönəlmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid 315 qanun layihəsi təqdim olunub ki, onlardan 10-u sosial sahəyə aid idi.  

Pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilmişdi ki, onlardan biri 28 avqust 1918-ci il tarixli “Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında” qərar idi. Qərarda istefaya çıxan şəxslərə xidmət illərinə görə pensiya təyin olunması nəzərdə tutulurdu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərirdi. Bakı Əmək Birjası 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında yaradılıb. 

26 dekabr 1918–ci ildə isə 14 nəfərdən ibarət üçüncü koalisiyon hökumət təşkil edildi. Bu hökumətdə Poçt, Teleqraf və Əmək naziri vəzifəsinə Aslan bəy Səfikürdski təyin olunub. 

Üçüncü hökumət fəhlələrin ağır iş rejimi və sosial vəziyyətini nəzərə alaraq əmək haqlarının, müavinətlərin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi və s. ilə bağlı bir sıra tədbirlər həyata keçirib. Parlamentin 21 yanvar 1919-cu il tarixli qərarı ilə Xalq Cümhuriyyəti Hökumətində əmək münasibətləri və bununla bağlı digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis olundu. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirib. Müşavirədə tərəflərin bərabər təmsil olunması şərti ilə, fəhlə və müəssisə sahibləri daxil olmaqla 19 nəfərdən ibarət xüsusi komissiya yaradılması qərara alındı. Yanvarın 26-da isə nazirlik kollektiv müqavilənin şərtlərində bir sıra dəyişiklik edilməsi barədə qərar verilib.

Hökumətin fəaliyyəti fəhlə qanunvericiliyinin formalaşdırılmasına, fəhlə və sahibkarlar arasında münasibətlərin tənzimlənməsinə, əməyin mühafizəsi və zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdi. Üçuncü hökumətin fəaliyyəti ərzində fəhlələrin və qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə konkret qərarlar qəbul edilib. 

1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Cümhuriyyəti Hökumətinin 14 nazirdən ibarət dördüncü hökumət kabineti təşkil edildi və Aslan bəy Səfikürdski Ədliyyə və Əmək naziri təyin edilib. Bu zaman inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edib. Elə bu məqsədlə Parlament Dəmir Yol Nazirliyinin xətti üzrə dəmir yollarında xidmət etmiş şəxslərin xidmət illərindən sonrakı təminatı haqqında Əsasnaməni, habelə hökumət qulluqçuları və ibtidai məktəb müəllimlərinin əmək haqqlarının artırılması, yaşayış minimumunun qaldırılması haqqında qanunları qəbul edib. Dördüncü hökumətin fəaliyyəti dövründə qaçqınların problemlərinin həllinə aid bir sıra qanun və qərarlar da qəbul olunub.

1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olunub. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə edib. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı. Aprel işğalınadək fəaliyyəti dovründə müfəttişlik tərəfindən nazirliyə daxil olan 1537 şikayətdən 922-si fəhlələrin xeyrinə həll edilib, 145-nə rədd cavabı verilib, 14-ü məhkəməyə göndərilib, 456-sı isə həll olunmamış qalıbdır. ADR parlamentinin 7 dekabr 1918-ci il tarixli “Fəhlə məsələsi haqqında“ qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilib. 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti dövründə pensiya məsələləri üzrə ikinci qərar 27 avqust 1919-cu ildə qəbul edilmiş “Pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında” qərar olub. 

1919-cu il dekabrin 22-də təşkil edilmiş sonuncu, 12 nəfərdən ibarət beşinci hökumətdə Əkinçilik və Əmək Nazirliyinə Əhməd bəy Pepinov rəhbərlik edib. Həmin hökumət fəhlə məsələsinə aid proqram hazırlamış və bununla bağlı məlumat yayıb. Proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarların işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əmək haqqının qaldırılması məsələləri nəzərdə tutulurdu. 

Beşinci hökümətin fəaliyyəti dövründə ehtiyacı olan şəxslərin kommunal xidmətlərdən, nəqliyyatdan güzəştlə istifadə etmələri, maaşların artırılması və qaçqınlara əvəzsiz maddi yardım göstərilməsi kimi sosial güzəştləri nəzərdə tutan qərarlar qəbul edilib.
1920-ci il aprelin 27-də XI Qırmızı Ordu beynəlxalq hüquq normalarını pozaraq, silahlı qüvvələrini Azərbaycana yeritdi və Azərbaycanın dövlət müstəqilliyinə son qoydu.1920-ci il aprelin 28-də hakimiyyət Müvəqqəti İnqilab Komitəsinin əlinə keçdi. Mayın 3-də Azərbaycan İnqilab Komitəsinin 2-ci iclasında hökumətin tərkibində Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası yaradıldı. Seyidcəfər Yaqub oğlu Yaqubov Azərbaycan SSR Xalq Əmək Komissarı təyin olunub.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Soveti işçi qüvvəsindən səmərəli istifadə etmək, fəhlələri öz ixtisaslarına görə yerləşdirmək, işçilərin həyatını, sağlamlığını və əməyini mühafizə etmək məqsədilə Xalq Əmək Komissarlığının nəzdində Əməyin Mühafizəsi Müfəttişliyini təsis etdi. Bu təşkilatın vəzifəsi zəhmətkeşlərin əməyinin mühafizəsi və mənafeyi ilə bağlı zəruri tədbirlər görmək idi. 1920-ci ildə neft sənayesi müəssisələrində əməyin mühafizəsi üzrə 150 komissiya yaradılıb. 

Sovet hakimiyyətinin bərqərar olmasından sonra fəhlə və qulluqçuların sosial təminatı ilə əlaqədar bir sıra qərarlar qəbul olunub. “Muzdlu əməklə məşğul olan şəxslərin sosial sığortası haqqında” 15 noyabr 1921-ci il tarixli Dekret muzdlu əməklə məşğul olan bütün şəxslərə və əmək qabiliyyətinin müvəqqəti və ya daimi olaraq itirildiyi bütün hallara, işsizliyə, eləcə də ölüm hallarına şamil edilirdi. 9 dekabr 1921-ci il tarixli “Ailə başçısının itirilməsinə görə zəhmətkeşlərin ailələrinin sosial təminatı haqqında” və “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və analığa görə sosial təminat haqqında” dekretlərlə ailə başçısının itirilməsi ilə əlaqədar pensiya təminatı həll olunmuşdur. Bundan başqa, 8 dekabr 1921-ci il tarixli “Əlillərin sosial təminatı haqqında”, 19 dekabr 1921-ci il tarixli ”Xəstəliyin sığortası haqqında” və 28 dekabr 1921-ci il tarixli “İşsizliyə görə sosial təminat haqqında” Dek-retlər də qəbul olunib. 

1922-ci il oktyabarın 30-da ZSFSR MİK-nin 9-cu çağırış 4-cü sessiyasında “Əmək haqqında qanunlar məcəlləsi” qəbul edildi. Bu Məcəllə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “Əmək haqqında qanunlar məcəlləsini qüvvəyə mindirmək haqqında” 30 dekabr 1922-ci il tarixli qərarı ilə əmək məsələlərinin tənzimlənməsində hüquqi baza olmuşdur. Məcəllə 1971-ci ilə qədər, yəni Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin qəbul edildiyi tarixədək qüvvədə olub.  

RSFSR Xalq Səhiyyə Komissarlığı və Xalq Əmək Komissarlığı 19 aprel 1924-cü il tarixdə “Sığorta olunan şəxslərin protez və ortopediya aparatları ilə təchiz edilməsi tədbirləri haqqında” sərəncam vermişdir. Bu sərəncam əsasında sosial sığorta pensiyası alan əmək əlillərinin və onların ailə üzvlərinin pulsuz protez və ortopediya aparatları ilə təmin edilməsinə başlanılıb. 

1922-27-ci illər Azərbaycanda əsasən, xalq təsərrüfatının bərpası, yerlərdə kənd sovetlərinin yaradılması və sosializm quruculuğu dövrü olduğundan İctimai Təminat Komissarlığının vəzifələrini Azərbaycan Xalq Komissarları Soveti və ayrı-ayrı şuralar yerinə yetirirdi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 20 iyun 1927-ci il tarixli qərarı ilə Xalq İctimai Təminat Komissarlığının fəaliyyəti bərpa edildi və M.Hacıyev komissar təyin olunub.

Bu Komissarlıq əsasən, ictimai təminat sistemini yaxşılaşdırmaq və təkmilləşdirmək, əlil və işçi vətəndaşlara imtiyazlar vermək kimi işləri yerinə yetirirdi. Görülən işlər sayəsində 1927-ci ilin avqust ayında Bakıda əlillərin problemləri ilə məşğul olmaq üçün “Əlillər korporasiyası” yaradılmış, İctimai Təminat Komissarlığı sisteminə daxil olan 25 arteldə müxtəlif ixtisaslar üzrə yüzlərlə əlil işlə təmin edilib. 

Sovet dövründə pensiya və müavinətlərın təyin olunması və artırılması ümumittifaq qanunvericiliyi çərçivəsində, yəni SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Sovetinin qəbul etdiyi qanun və qərarlar əsasında həyata keçirilirdi. Respublikada pensiya təminatı sisteminə nəzarət edilməsi məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Dövlət ictimai sığortası üzrə pensiyaların təyin edilməsi barədə” 1937-ci il 9 may tarixli 2891 nömrəli qərarı ilə AHİŞ-da, dəmir yolları, dəniz nəqliyyatı və çay nəqliyyatı fəhlələri həmkarlar ittifaqlarında bütün növ pensiyaların təyin olunması dayandırılaraq, bu işin həyata keçirilməsi səlahiyyəti Xalq İctimai Təminat Komissarlığına verilib. 

1937-ci il 19 avqust tarixli 3793 nömrəli qərara əsasən, 1939-cu il sentyabrın 1-dən etibarən Azərbaycan SSR-nin Konstitusiyasına (maddə 100) uyğun olaraq Bakı şəhərinin rayon sovetlərində ictimai təminat şöbələri yaradılıb.  
Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1958-ci il tarixli qərarı ilə İctimai Təminat Nazirliyi tərəfindən 1960-cı ilin yanvarın 1-dən başlayaraq, çoxuşaqlı və tək analara hər ay dövlət yardımı verilməsinə başlanıldı. Həmçinin həmin il sovet pensiya sistemində müavinətlərin yeni növləri tətbiq edilib. 

1970-1985-ci illərdə Azərbaycanda əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və respublika iqtisadiyyatının hərtərəfli, kompleks şəkildə inkişafı, xüsusən, əhalinin maddi rifahının yüksəldilməsi nəticəsində respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 213 sənaye müəssisəsi işə salınıb, eyni zamanda 350 adda məhsulun dünyanın 65 ölkəsinə ixrac olunmasına başlanılıb. 1958-1970-ci illərdə fəhlə və qulluqçuların əmək haqqı 109,6 rubl olduğu halda, 1985-ci ildə 234 rubla çatıb. 

Qocalara, əlillərə, əmək qabiliyyətini müvəqqəti itirənlərə, əmək və müharibə veteranlarına, ailə başçısını itirmiş ailələrə və tək analara maddi yardım artırılmışdır. Qocalığa və əlilliyə görə dövlətdən pensiya alanların sayı 1970-ci ildə 643 min idisə, 1989-cu ildə bu göstərici 987 min nəfərə, işləyənlərin sayı 1.273 min nəfərdən 2.361 min nəfərə çatdırılıb.

Əhalinin sağlamlığının qorunması sahəsində də mühüm tədbirlər həyat keçirilib. Əhaliyə ambulator-poliklinika yardımı göstərən müəssisələr 1075-dən 1826-ya, qadın məsləhətxanaları, uşaq məsləhətxana və poliklinikalarının sayı 313-dən 1034-ə, həkimlərin sayı 13 mindən 27,5 min nəfərə çatmışdır. 2239 yaşayış məntəqəsində ilk tibbi yardım xidməti təşkil edilmişdir. 10 dekabr 1971-ci ildə Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsi qəbul edilib.  

1991-ci il oktyabrın 18-də ``Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında`` Konstitusiya Aktı qəbul olundu və Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini qazandı. Dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikanın dövlət təsisatlarının yenidən təşkilinə başlanıldı. 

Azərbaycan Respublikasıçəç II Prezidenti Əbülfəq Elçibəyin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında” 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb.

1993-cü ildən başlayaraq Azərbaycan Respyblikasının III Prezidenti Heydər Əliyevin hakimiyyəti dövründə əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobilləri, veloarabalar və digər reabilitasiya vasitələri ilə təminatı, pensiya və müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi və s. istiqamətlərdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanıldı. 

2003-cü ildən bu günümüzədək isə Azərbaycan Respyblikasının IV Prezidenti İlham Əliyev bu sahənin inkişaf etdirilməsi üçün mühüm qərarlar qəbul edib.   Eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb. 

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlətin ilbəil güclənən sosial siyasətinin yüksək səviyyədə icrasına, ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verən və bu səbəbdən cəmiyyətin inam və etimadını qazanmış bir hökumət strukturu kimi fəaliyyətini uğurla davam etdirir.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR