Əli Əliyev məhkəmə zalında həbs edilib

Əli Əliyev məhkəmə zalında həbs edilib

Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məhkəmə zalında həbs ediliib.

Azadmediatv.com-un xəbərinə görə, buna səbəb Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun və DSX kapitanı Ramin Ədilovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı qərarın qəbul olunmasıdır.

Hər iki proses bu gün keçirilib. Onların şikayətləri ayrı-ayrı icraatlarda araşdırılıb.

Belə ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, VİP sədri Ə. Əliyev 5 ay müddətinə həbs edilib.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb ediblər.

İddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü açıqlayıb. Çıxışdan sonra hərbçilər Əli Əliyevi məhkəməyə verib.

Hakim Rauf Daşdəmirovun sədrliyi ilə  keçirilən prosesdə DSX kapitanı Ramin Ədilovun Əli Əliyev barəsində şikayətinə  baxılsa da qərara elan edilməyib.

Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq, xüsusi ittiham qaydasında verdikləri şikayət əsasında iki məhkəmə iclası keçirilib İddiaçıların şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

İddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” “YouTube” kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.

Ə.Əliyev isə məhkəmədə bildirib ki, iddiaçılar məhkəməyə ünvanladıqları şikayət ərizəsində onun həmin fikirlərini kontekstdən çıxarılmış və tamamilə təhrif olunmuş formada təqdim ediblər.

Vətəndaş və İnkişaf Partiyası (VİP) isə Əli Əliyevə qarşı qaldırılmış bu əsassız iddiaları və məhkəmə araşdırmasının ölkə üçün qeyri-adi operativliklə təyin olunmasını siyasi hakimiyyətin prinsipial müxalifət mövqeyində dayanan VİP-ə və onun sədrinə qarşı təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirir: "VİP növbəti dəfə hakimiyyəti ölkədə vətəndaş həmrəyliyini sarsıdan və siyasi qarşıdurmanı dərinləşdirən bu kimi addımlardan çəkinməyə, köklü islahatlar çərçivəsində gerçək siyasi açılıma başlamağa çağırır".

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR