İlqar İsmayılov:

İlqar İsmayılov: "Cahangir Əsgərovun mənə qarşı ittihamları Ermənistanın Qarabağa iddiası kimi absurd və qanunsuzdur"

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, hazırda həbsdə olan iş adamı İlqar İsmayılova qarşı  “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL)  prezidenti Cahangir Əsgərov və onun həyat yoldaşı Zərifə Həmzəyevanın apardığı qisas xarakterli məhkəmə təqibləri davam edir.

Azadmediatv.com-un xəbərinə görə, martın 5-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə  AZAL-ın prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın hüquqşünası Məharət Hüseynlinin   "İdeal Company"-nin sahibi İlqar İsmayılova qarşı xüsusi ittiham ərizəsi əsasında birinci instansiya məhkəməsində ona bəraət verilmiş iş üzrə məhkəmə baxışı davam etdirilib.

Belə ki,  İlqar İsmayılov məhkəmə baxışında çıxış edərək bildirib ki,   ona C. Əsgərov  və eyni zamanda onun həyat yoldaşı Z.Həmzəyeva tərəfindən  bu və ya digər qaydada irəli sürülən ittihamlar sanki Ermənistanın Qarabağ torpaqları ona aiddir kimi irəli sürdüyü iddialar qədər  absurd, məntiqsiz və və qanunsuzdur:
"Təəssüf ki, Azərbaycan məhkəmələri bu şəkildə absurd, qanunsuz və sübutsuz ittihamlarla məni təqsirli bilməkdə davam edirlər. Azərbaycan məhkəmələri tərəfindən mənə qarşı irəli sürülən qanunsuz iddia və ittihamlara sifarişlə  bu şəkildə qanunsuz qərarlar qəbul edilməsi ölkədə həyata keçirilən məhkəmə islahatlarına kölgə salır".

  İ.İsmayılov çıxışında bildirib ki, ona qarşı bugün baxılan xüsusi ittihamlı iş də sonuncu "Zəfər Günü" münasibəti ilə tətbiq edilən  amnistiya aktının təsiri altına düşür:
"Cənab Prezidentin Azərbaycan xalqına ərmağan etdiyi bu amnistiya aktını yüksək qiymətləndirəm. Eyni zamanda, Azarbaycan xalqına bu amnistiya aktını töhfə verdiyinə görə,  cənab prezident başda olmaqla, Milli Məclisə öz təşəkkürümü bildirirəm.  Lakin özümü  C.Əsgərovun  və Z.Həmzəyevanın  irəli sürdüyü bu və ya digər formada ittihamların heç biri üzrə  təqsirli bilmirəm.  Məhz, buna görə də sonadək də təqsirsizliyim və bəraətim uğrunda  mübarizə aparacağam. Bu səbəbdən də heç bir ittiham üzrə mənə amnistiya tətbiq edilməsini istəmirəm və ümumiyyətlə, bunun əlehinəyəm".

 İ.İsmayılov  çıxışının sonunda bir daha qeyd edib ki, öz hüquq və haqları uğrunda əzmlə və cəsarətlə mübarizə aparacaq. Prosesdə  işə baxan  məhkəmə heyətinə  üzünü tutan İ.İsmayılov hakimləri ədaləti bərqərar etmək üçün cəsarətli olmağa səsləyib: 

"Bilirsinizmi, hörmətli hakimlər, ədalətli olmaq  cəsarət tələb edir. Müəyyən  təsirlər altında olduğunuzu da bilirəm. Mən cəsarətli ola bilmədiyinizə görə, sizi qınamıram, lakin  üzümü sizə tutub demək istəyirəm ki,  Allahın yerdə ədalətini təmin edən bu hakim kürsüsündə əyləşmisinizsə, o zaman ədaləti bərqərar etmək üçün özünüzdə cəsarət tapmalısınız. Mən sizə cəsarətli şəkildə ədalətli olmağı arzu edirəm".

İ.İsmayılov çıxışında müxtəlif sosial şəbəkələrdə  guya C.Əsgərovun İ.İsmayılova 2017-ci ildə 2 milyon manar məbləğində maddi yardım etməsi  haqda yayılan və tirajlanan xəbərlərə də  məxsusi olaraq münasibət bildirib. O, bunu qəti şəkildə təkzib edərək qeyd edib ki,  heç vaxt bu və ya digər şəkildə C.Əsgərovdan nə maddi yardım istəyib, nə də qəbul etməyib: 

"Bütün bunlar şaiyədən başqa bir şey deyil. Heç vaxt bu və ya digər şəkildə C.Əsgərovdan nə maddi yardım istəmişəm, nə də qəbul etmişəm. Əslində, C.Əsgərov özü də  heç kimə maddi yardım edən bir şəxs deyildir. C.Əsgərov  mənə "İdeal" Şirkətində olan payımın əvəzi olaraq,  18 milyondan  cəmi 2 miliyonunu ödəyib. Yəni bu mənim haqqıdır, yerdə qalan 16 miliyonunu isə bu günədək də ödəməyib". 

İ.İsmayılov qeyd edib ki,  məhz, həmin 16 miliyonu tələb etdiyinə görə həbsdədir, bu səbəbdən də C.Əsgərov  və onun həyat yoldaşı Z.Həmzəyeva ilə 10-dək məhkəmə çəkişməsindədir.

Qeyd edək ki, İlqar İsmayılov 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı. “İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir. Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.

Lakin məhkəmə İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.

Xatırladaq ki, İ.İsmayılova AR CM-in 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhləməsinin hökmünə əsasən, İlqar İsmayılov verilmiş maddələrlə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin İ.İsmayılov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR