"Şirzad Əsgərov məni məcbur edirdi ki, qatilin İlkin olduğunu deyib, üzünə durum"- ŞAHİD

Martın 16-da Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi şahidlərin dindirilməsiylə davam etdirilib.

Azadmediatv.com-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxs İlkin Süleymanovun qonşusu  Mahir Orucov sərbəst ifadə verib. Mahir Orucov  bildirib ki, hadisə baş verən gün  o, öz evində olub:

“Yanvarın 6-da həyat yoldaşım Gülarə  evə gəlib dedi ki, küçə polislərlə doludur. Küçəyə çıxanda bildim ki, yaxınlıqda  meyit yandırıblar. Polislər əraziyə heç kimi yaxın qoymurdular. Aramızda hardasa 15 metr məsafə vardı. Dedilər burada meyit yandırıblar. Mən küçəyə çıxanda Nərminin atası hələ gəlməmişdi. 2 saata yaxın orada oldum, hələ də Nərminin atası orada yox idi. Sonra gözümün qabağında İlkini tutub apardılar. Yanvarın 7-də  axşam polislər evimə basqın etdilər. Barxanamı dağıtdılar. Evi ələk-vələk etdilər, başıma itin müsübətini gətirdilər. Sonra da maşına basıb şöbəyə apardılar. Orada da nə soruşdularsa, nə görmüşəmsə, hamısına cavab verdim".

 Dövlət ittihamçısı Müşviq Rəhimovun suallarını cavablandırarkən şahid bildirib ki,  N.Quliyeva itkin düşəndən sonra polis əməkdaşları uşağı axtarmaq məqsədiylə kəndə it gətirmişdilər: "İt kəndin içiylə keçib Nərminin itdiyi  istiqamətdə - nənəsi Leybənin evinə tərəf getdi". 

 Müdafiə tərəfinin suallarını cavablandırarkən şahid proses üçün əhəmiyyətli hesab ediləcək cavablar verib. M.Orucov qeyd edib ki, yanvarın 7-də evinə basqın edən polislər gecə onu şöbəyə aparıb, fiziki və psixoloji təzyiq göstəriblər:

"Şirzad Əsgərov eynəyimi gözümdən çıxartdı. Ondan az əvvəl gözümdən əməliyyat olunmuşdum. Sonra mənə hədə-qorxu gəldi,  döymək üçün "badvala" (zirzəmi -red:.) salmaq istədi. Mən də girmək istəmədim. Şirzad həkimimə zəng etdi,  o da təsdiqlədi ki, əməliyyat olunmuşam. Sonra da Ş.Əsgərov dedi ki, bu işi İlkinin etdiyini təsdiqlə, çıx get. Mən də dedim ki, İlkin uşaqlıqdan gözümün önündə böyüyüb. O, bu işi görə bilməz. Həmişə onu tərbiyəli adam kimi tanımışam. Şirzadnan birinci müavin dedi ki, buni İlkin edib. Etiraz elədim, dedim ola bilməz! Şirzad da dedi ki, onda kim eliyib onu de. Mən də dedim ki, hardan tapım deyim? Görməmişəm axı. Amma heç nə yazmadılar. Dedilər bu,  biz deyəni demiyəcək. Buraxın getsin. Bir neçə gün sonra məni yenidən çağırdılar. Orda bildim ki,  məni Qılıcov gələn kimi yenidən çağırtdırıb (Kamal Qılıcovu nəzərdə tutur, o, həmin vaxt Baş Prokurorluqda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsini daşıyırdı- red:.). Qılıcov polis şöbəsində məni  aşağı-yuxarı bir neçə dəfə xeylaq süzdü. Sonra da dedi ki, sən bilərsən, bunu kim edib? Mən də dedim ki, bilmirəm.  Soruşurdu ki, İlkinin normaldırmı, yanı başı xarafdırmı,  kənddə qız-gəlinə baxırmı. cavab verdim ki, yox, İlkinin başı da yaxşı işdiyir, namussuzluğunu da görməmişik, dediklərimi yazırdılar. Amma sənədləşmə olmadı. Meyit tapılanadək nə mənim, nə də qonşiların evində heç vaxt  axtarış aparılmamışdı.  Amma onların dedikləeini təsdiqləmədim deyə, məhləni, evi, hamamı təmiz yoxladılar.  Amma bu haqda heç bir sənəd imzalatdırmadılar. K.Qılıcov Bakıya gedəndən sonra şöbəyə bir də məni çağırdılar. K.Qılıcov rəis Şirzad Əsgərovla votsapda canlı danışırdılar. Qılıcov rəisə dedi ki, arvadı içəridən çıxart (həyat yoldaşı Gülarə nəzərdə tutulub -red:.), qapını da bağla. Yoldaşım yanımdaydı, məni tək buraxmaq istəmirdi. Ehtiyat edirdi ki, məni tutarlar. Sonra Qılıcov dedi ki, əgər sən bunu İlkinin etdiyini təsdiqləməsən, 3 nəfər sənin üzünə duracaqlar.  Soruşdum kim? Dedi ki, İlkin, Murad və Nazim. Çünki yanvarın 7-də məni Şirzadın yanına aparanda onlar hadisə yerində kimi gördüyümü soruşmuşdi. Mən də kimləri gördüyümü demişdim. İlkin, Murad, Nazim, kənd adamları və polisləri. Qılıcov da üstümə çığırırdı, deyirdi ki, əgər sən bunu edənin İlkin olduğunu deməsən,  həmin 3 nəfər sənin üzünə dayanacaq. Dedim duracaq, duracaq də, nağayarım? Sonra Şirzadgil tələb edirdilər ki, İlkinin meyiti ora ardığını və yandırdığını gördüyümü deyim. Dedim axı görməmişəm, İlkinin bundan elmi-güman xəbəri yoxdur, həncəri yalan deyim, onda məni döymək istədilər, ancaq gözümə görə çəkindilər.  Sonra Qılıcov evimizə gəldi. Pilləkənin başında dayanıb dedi ki, ağsaqqal, buradan ora (hadisə yeri-red:.) lap yaxşı görünür, denən buradan baxanda görmüşəm. Mən də dedim ki, axı bu soyuqda, qiyamatda mən pilləkənin üstündə niyə oturum, otursaydım da ora gürünmür. Məni sıxırdılar, məcburluyurdular ki, İlkinin üzünə durub, şərləyim.".

 Müdafiəçilərin hadisə yerindən iy, qoxu gəlirdimi sualına şahid bildirib ki, xeyir,  qəti iy hiss etməyib:

"Yox, qətiyyən iy gəlmirdi. İy olsaydı, mənim eviməcən gələrdi. Bir qram meyitdə iy yoxuydu.   Həmin yerdə bir tikə kabab çəksən, iyi kəndi götürər. İy gəlmirdi. Kənddə, çayxanada, "stalavoy"da da söhbət edirdilər, camaat danışırdı ki, tapılan yanan meyit Nərmininki deyil. Deyirdilər ki, Nərmin balaca uşaqdır, bu meyit isə çox böyükdür. Heç Nərminin qohumları da meyitə yaxın getmədilər, uzaqda durmuşdular. Hamı meyitdən 15 m kənardaydı, mən pis görürəm, qaranlıqıydı, görünmürdü. Heç kimin yaxınına gedib meyitə baxdığını da görmədim. Şəriflə münasibətim normaldır, amma o içəndir, mən yox. Dostluq etməmişəm.  Qızı itəndən  sonra qaynanasıyla söz-söhbəti olmuşdu. 
 Mən həmin vaxta qədər Dəmir yolunda fəhlə işləyirdim.  Bu məsələyə görə, məni işdən çıxardılar. Kamal Qılıcovun sözünü demədim, İlkinin üzünə durmadım deyə, məni işdən çıxartdırdı.  Qılıcovla söhbətimdən 20 gün sonra  müdir məni çağırıb dedi ki,  Mahir çıx get. Dedim ki mənim pensiya yaşıma 1 il 6 ay var, hara gedim? Dirəşdim ki, niyə gedim, dedi ki, "zoğallama" get. Sənə hörmətim var,  xətrini də istəyirəm, amma gərək ya sən gedəsən, ya da mən. Sonra da mənə "çırtdatdılar" ki,  belə-belə... Səni işdən Kamal Qılıcov çıxartdırıb."


Daha sonra prosesdə hadisənin ikinci şahidi Nazim Vəliyev sərbəst ifadə verib. O, bildirib ki, meyit onun hasarına bitişik hissədə yandırılıb: 

“Mən həmin vaxt evdə idim. İlkin Süleymanov bizim qapını ilk dəfəydi ki,  döymədən içəri girirdi və dedi ki, orada cəsəd yanır. Dərhal İlkinlə birlikdə meyit yanan yerə getdik.  Əvvəlcə elə bildim, heyvan cəsədidir. Alışqanı yandırıb baxdım. Gordüm ki, cəsədin  qarın hissəsində bekara alov var. Meyitin üzü qapqara idi, sanki bitumla rənglənmişdi.   2 sm ölçüdə dişləri görünürdü.  Qara saçları, arasında ağa çalan bəzək (refle -red:) görnürdü. Şokdaydım, özümə gəlib İlkinin qonşuluqda yaşayan  əmisi oğlunu çağırmasını tapşırdım. Çünki o, polisdə işləyirdi, hara müraciət olunmasını bizdən yaxşı bilirdi.  Murad gəldi. Rayon polisinə zəng etdi. Sonra rəis Şirzad Əsgərov Murada zəng etdi və soruşduku yanan meyirin üstündə qırmızı kurtka varmı. Murad da yaxınlaşıb baxdı və dedi ki var, Şirzad da tapşıırdı ki, əgər  üstündə qırmızı kurtka varsa, söndürün. Qərara gəldik ki, hadisə anını telefona çəkək, gələcəkdə istintaqa lazım ola bilər. Telefonla çəkdik və mən evdən bel gətirdim. Beli gətirənədək İlkinlə əmisi oğlu meyitin qarın hissəsinə qədər olan yerini söndürmüşdü”, -  deyə şahid bildirib.

 Proses martın 30-da saat 16:00-dək təxirə salınıb.

Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı

 





OXŞAR XƏBƏRLƏR