Azərbaycan Bozqurdları bəyanat verib

Azərbaycan Bozqurdları bəyanat verib

Azərbaycan Milliyətçi Demokrat  (Bozqurd) Partiyası 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib.

Azadmediatv.com-un xəbərinə görə, bəyanatda deyilir:

"Çar Rusiyasının süqutu ərəfəsində 1828-ci ildən, Azərbaycanın müxtəlif bölgələrinə köçürülmüş ermənilər hakimiyyət böhranından istifadə edərək, Azərbaycanın kənd və qəsəbələrinin əhalisini soyqırıma məruz qoyaraq yerli türk-müsəlman torpaqlarını ələ keçirməyə başladılar. Mifik dənizdən-dənizə “Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırım, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirmiş, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalmışdır. 1905-ci ildən başlayaraq ermənilərin hərəkətləri mütəşəkkil xarakter alır və erməni faşistləri fəal surətdə silahlanaraq Azərbaycanın müxtəlif bölgələrində, dinc müsəlman-türk əhalisinə qarşı qətliamlar törətdilər. Onlar yerli əhalini qorxutmağa və bölgədəki vəziyyətə çaşqınlıq gətirməyə çalışırdılar. Bu siyasətin ən dəhşətli təzahürü 1918-ci ilin mart ayından başlayaraq törədilmiş soyqırımı hadisələridir. 1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti (bolşevik) və daşnak erməni cinayətkar silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törətdilər. Baş vermiş soyqırımı aktı nəticəsində Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılmışdır. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və dinc əhaliyə divan tutulmuşdur. 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Erməni faşistləri 1918-ci ilin mart ayınadək qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi, ümumilikdə 199 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırıma məruz qoymuşlar. Aparılan araşdırmalar nəticəsində 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar, saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar aşkarlanmışdır. Ermənilərin vəhşiliklərinə yalnız Osmanlı Dövlətinin Hərb Naziri Ənvər Paşanın göstərişi ilə yaradılmış Qafqaz İslam Ordusu Azərbaycana gəldikdən və Azərbaycan ərazisində bolşevik və erməni daşnak cinayətkar hərbi dəstələrini məğlub edərək, 15 sentyabr 1918-ci ildə Bakını işğaldan azad etdikdən sonra son qoyuldu. Erməni faşistlərinin xalqımıza qarşı törətdikləri cinayət əməlləri soyqırım olaraq tanınmadığından, növbəti cinayət Xocalı soyqırımı törədilmişdir. 1992-ci il fevralın 25-dən, 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğala məruz qalmışdır. Bu işğal zamanı dinc əhaliyə qarşı dünyada misli görünməyən soyqırım cinayəti törədildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əlehinə yönəlmiş əməl olmaqla ən ağır cinayət hesab edilir. Təəssüflər olsun ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, bəşəriyyət əleyhinə olan bu cinayətlərə münasibətdə adekvat reaksiya verilməmiş, Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilmişdir. Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, İslam Əməkdaşlıq Təşkilatına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Beynəlxalq Sülh Bürosuna, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir".

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR