RÖVŞƏN ƏSƏDOV:

RÖVŞƏN ƏSƏDOV: "Əziz Şahbaz bəy, arzu edirəm ki, etiraz və tələb etmək məcburiyyətində qalmayasınız..."

Əziz Şahbaz bəy, cəmiyyətimiz etiraz edənə “işverən”, tələb edənə isə “demaqoq” kimi, həyasız kimi, “moşennik” kimi baxır...

Hansısa hadisə baş verəndə bir neçə gün izləməyi, sonra danışmağı üstün tuturam. Çünki həmin an hamı danışır, hamı yazır, bütün fikirlər tükənir və o zaman səma daha da aydın görünür. Şahbaz Quliyevin məlum etirazından artıq bir gün keçib. Xeyli fikirlər səslənib, xeyli açıqlamalar verilib. İndi vəziyyət daha aydın görünür. Yazdılar ki, sanki Şahbaz Quliyev Şuşanı əliyalın fəth edən xüsusi təyinatlıdır. Biri Şahbaz Quliyevə həyasız yazıb, biri “moşennik”, biri deyir Şahbaz girovluqda ermənilərə işləyib və s...

Xüsusilə qeyd edirlər ki, Şahbaz hansı xidməti göstərib ki, dövlətdən nəyisə də tələb edir?

Çox absurddur deyilmi? Adamlar öz yurd-yuvasından didərgin düşüblər. Doğmalarının məzarları işğal altında qalıb. Onu ziyarətə gedərkən qəfil öz doğma torpağında gəzişən əlisilahlı erməni terrorçuları onu saxlayıb ömründən 7 il alıblar. Üstəgəl bu illəri o işgəncə altında keçirib, sağlamlığından olub. İndi isə sağlamlıq imkanları məhdud olan şəxs öz dövlətindən iş, dolanışıq istəyir.

İddia edirlər ki, Şahbaz Quliyev və digərləri Kəlbəcərə narkotik becərməyə və s. məqsədlər üçün gedib. Lap o məqsədlər üçün belə getmiş olsa bunu demək, yazmaq, iddia etmək sizcə Vətənə, dövlətə xidmət sayılırmı? Bu, dövlətimizin əleyhinə istifadə etmək üçün düşmənə “yaxşı” arqument vermək, elə ermənilərə işləmək deyilmi?

O demir ki, evdə oturum aylıq mənə (yazanların təbirincə desək) paket versinlər. Adam sağlamlıq imkanlarından məhrum edilib, əlilliyini tələb edir, adam müharibə veteranıdır, veteranlıq verilməlidir, onu tələb edir. Dövlətindən durumuna uyğun iş istəyir, ona sağlamlıq imkanları məhdud olduğu halda süpürgəçi və s. işlər təklif edilir. (Vaxtilə mən də məşğulluğa müraciət etmişdim. Ali təhsilimin olmasına, gənc olmağıma baxmayaraq, mənə “svarşik”-qaynaqçı işi təklif etmişdilər).

Yazırlar ki, o hara müraciət edib ki, iş verməyiblər, hər yerdə iş var... Bu rəyə çox gülmüşəm. Yazanların özləri də işsizdilər, ona görə...

Sonra aidiyyəti qurumdan açıqlama gəldi. Qeyd edildi ki, Şahbaz Quliyevin həyat yoldaşı Qarayeva Təranəyə şirniyyat sahəsi üzrə, bacısı oğlu Qarayev Rəşada inkubator zərfi üzrə şərait qurulub. Özünə isə heyvandarlıq sahəsi üzrə iş qurmaq təklif edilib və o bu təklifi müsbət qarşılayıb. Eyni zamanda qeyd edilib ki, Şahbaz Quliyev 180 manat müavinət alır.

Qeyd edim ki, Şahbaz Quliyev həyat yoldaşından ayrılıb və ayrı yaşayır. Bacısı oğlu üçün isə yaradılan şəraitlə Şahbaz Quliyevin heç bir əlaqəsi yoxdur. Yəni (əgər Şahbaz Quliyev doğrudan da o müavinəti alırsa) adam ay ərzində 180 manat pul alır.

Nəzərə alaq ki, kommunal xərclər, ərzaq və s. xərclər bahalaşıb. O zaman doğrudan da 180 manatlıq müavinətlə dolanmaq mümkündürmü? O rəy yazan, Şahbaz Quliyevi tənqid, təhqir edən şəxslər aylıq 180 manatla dolana bilərmi? Kimsə paket alırsa, onun nə olduğunu bilirsə bu o demək deyil ki, hamı paket alır, yaxud da kimsə paket almaq üçün aksiya etmək fikrinə düşüb.

Şahbaz Quliyev yalan danışa bilər, nəyisə səhv deyə bilər amma onun boğazında düyünlənən qəhər, gözündəki, üzündəki ifadə heç bir halda yalan danışa bilməz. Və mən Şahbaz Quliyevin səmimiliyinə, dediklərində nə qədər səmimi olduğuna inanıram. Əminəm ki, Şahbaz Quliyev doğrudan da çətin durumda olduğu üçün, çıxış yolu olmadığı üçün, çarəsizlikdən belə bir addım atmaq qərarına gəlib. Yəni bir insanın çıxış yolu olmadığı halda yalnız bu yola əl ata bilər, bu birmənalıdır.

Məsələnin digər tərəfi. Hər bir Azərbaycan vətəndaşının, cinayətkarından tutmuş, əyyaşına, narkomanına qədər hər kəsin dövlətindən öz haqq(lar)ını tələb etmək hüquqları var və onu heç bir halda məhdudlaşdırmaq olmaz. İstər güclə, istərsə də mənasız qınaqlarla... Dediklərinizdən belə çıxır ki, yalnız Şuşanı əliyalın azad edən xüsusi təyinatlıların dövlətdən nəyisə tələb etmək hüququ var? Hərçənd ki, heç Şuşanı əliyalın, süngü ilə işğaldan azad edən o xüsusi təyinatlılar da nə əlilliyini ala bilir, nə müalicə oluna bilir, nə də iş tapa bilir. Bütün günü media orqanlarına şikayətlər ünvanlayırlar, haqlarını, hüquqlarını ala bilmədikləri üçün dövlət qurumlarının qarşısında üzərlərinə benzin töküb intihara cəhd edirlər.

Doğrudanmı problem Şahbazdadır, doğrudanmı 7 il girovluqda qalan, işgəncələrə rəğmən, bir dəfə də olsun prezidentinə, dövlətinə, xalqına qarşı açıqlama verməyən, ifadə verməyən Şahbaz Quliyevin dövlətdən haqqını tələb etmək hüququ yoxdur? Günahsız olduğu halda 7 il ömürü, sağlamlığı gedən bir insan üçün normal maaşlı iş tapmaq o qədərmi çətindir?

Məncə çətindir. Bilirsiniz niyə? Haradansa eşitdiyimi, kiminsə danışdığını yox, öz başıma gələni yazacağam.

Universiteti bitirib hərbi xidmətə yollandım. Gələndən sonra əlimdə diplom qaldım küçələrdə. İş üçün hansı idarənin qapısını döydüm təcrübə istədilər. Anlatmağa çalışdım ki, universiteti yeni bitirmişəm, hərbi xidmətimi başa vurub gəlmişəm, təcrübəni necə əldə edə bilərəm? Anlamadılar...

İxtisasım üzrə bir neçə şirkətə baş vurdum. İmtahan verdim, yüksək nəticə əldə etsəm də işə icra başçısının bir yaxın qohumunu götürdülər. Dedilər bilirsən də buradakı vəziyyəti... Çarəm, çıxış yolum qalmadı, üzümü paytaxta tutdum. Sevdiyim, arzusunda olduğum işin izinə düşdüm və bu günümdən də, verdiyim qərardan da şikayətim yoxdur. Amma biri var 22-23 yaşlı, enerjili-sağlam gənc, biri də var 7 ilini erməni girovluğunda işgəncələrə məruz qalaraq keçirən, sağlamlığı əl verməyən 54 yaşlı Şahbaz Quliyev...

Əziz Şahbaz bəy, arzu edirəm ki, etiraz etmək, tələb etmək məcburiyyətində qalmayasınız. Çünki cəmiyyətimiz etiraz edənə “işverən”, tələb edənə isə “demaqoq” kimi, həyasız kimi, “moşennik” kimi baxır...

Azadmediatv.com

 




OXŞAR XƏBƏRLƏR