Sizi hər zaman layinqincə dəyərləndirib öz sevgi ağuşuna alan dövlətimiz var - AYBƏNİZ HAŞIMOVA

Sizi hər zaman layinqincə dəyərləndirib öz sevgi ağuşuna alan dövlətimiz var - AYBƏNİZ HAŞIMOVA

2022-ci il  Azərbaycan mədəniyyət tarixində danılmaz xidmətləri olan böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın 100 illik yubileyi qeyd ediləcək.  Böyük sənətkarın tələbəsi, Xalq artisti Aybəniz Haşımova ustadı haqqında  Azadmediatv.com-a xatirələrini bölüşüb.

"Ustad! 100 il, nə tez kecdi? Mən də sizinlə yaşlandım, hec xəbəriniz oldumu? Sizinlə ilk tanışlığımda 12 yaşında yeniyetmə bir qız idim. İllər ötdü, necə ki, arzulayıb öz sinfinizdə məni müəllimliyə də öyrətdiniz. Bax, o sinfi artiq 24 ildir davam etdirib yeni səslərin musiqimizə gəlməsinə, sizin nəfəsinizi, sehrli məlizmələrinizin, oxu tərzinizin nəğmələrə köcməsilə, sizin təkrarsız məktəbinizin yaşanması ücün bütün ruhumla, qanımla, sönməz sevgimlə musiqimizə xidmət edir, onun inkişafı naminə əlimdən gələni əsirgəmirəm. Qarşıda isə,100 illik yubileyiniz gəlir. Oktyabrın 22-də 100 yaşınız tamam olacaq, ustad! Siz bu dəfə sənətinizin zirvəsi kimi göylərdən bizi seyr edib öz alqışınızı göndərəcəksiniz. Buna əminəm. Cünki sizi yaşadan təkrarsız ifalarınızın sədaqətli tamaşacısı və sizi hər zaman layinqincə dəyərləndirib öz sevgi ağuşuna alan dövlətimiz var. Yaxşı xatırlayıram. Ulu öndər Heydər Əliyev ikinci dəfə təkrar Azərbaycanın rəhbəri kimi ölkyə dəvət olunanda, ilk işlərindən biri Şövkət xanımın coxdan gözlədiyimiz, ancaq reallaşmayan barelyefinin yaşadığı binanın qarşısına vurulmasını gerçəkləşdirmək oldu. Şövkək xanımın adına Bakının gözəl kücələrindən birini verdi. Şövkət Ələkbərova adına iki musiqi məktəbi, bütün regionlarda yubileylərinin qeyd edilməsi, musiqi müsabiqələri, haqqında kitab yazılmasının sərəncamlarını verdi.

Bir sənətkar ücün bundan böyük səadət ola bilərmi?!

Ömrümün sonunadək ustadlarıma, özümə verilən dəyərə, qayqı, diqqətə görə xalqımıza, dövlətimizə minnətdaram. Bu ildə, həmişə olduğu kimi ustadımın dogum gününə böyük həvəslə hazırlaşıb, tələbələrimlə onun 100 illik yubileyinə böyük töhvələr vermək arzusundayam.

Ümüd edirəm ki, Allah o böyük günü mənə görməyi nəsib edəcək. Amin!"

Xatırladaq ki, Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda dünyaya gəlib. Unudulmaz sənətkar Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında solist kimi çalışan sənətkar, sonralar M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.

Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini çəkərək onların xeyir-duasına alan Ş.Ələkbərova ömrünün sonunadək ifası ilə özünü sübut etməklə yanaşı, sənətə əsl sənətkar kimi xidmət göstərib. Onun “Qarabağ şikəstəsi”ni məlahətli səsi ilə mükəmməl səviyyədə ifa etməsi peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazandı.

Dünyanın bir çox şəhərlərində uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Şövkət xanım haqqında bir çox bəstəkarlarımız, o cümlədən Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Ramiz Mirişli və başqaları öz xatirələrini bölüşüblər. Bu sənət adamlarının dediklərində bir ümumi xətt var. O da Şövkət xanımı əsl professional kimi xarakterizə etməkdir. Burada ümumi bir fikirlə də rastlaşırıq: “Şövkət Ələkbərova istər xalq lirik mahnılarının, istərsə də bəstəkarlarımızın yaratdıqları lirik mahnıların bənzərsiz ifaçısıdır”.

“Dərələr”, “Ağ çiçəyim”, “Bir könül sındırmışam”, “Gedək üzü küləyə”, “Ağlaya-ağlaya”, “Haradasan”, “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran” və digər onlarla mahnı böyük sənətkarın ifasında möhürlənib. Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi və ifa bir-birini tamamlayaraq, vəhdət təşkil edib. Elə buna görə də, müğənninin ifa etdiyi mahnılar ilk ifadan dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda dərin iz buraxıb. Onun konsertlərində iştirak edən insanlar etiraf edirlər ki, Şövkət Ələkbərovanın mahnıları dillər əzbəri olduğundan tamaşaçıların dodaqlarının tərpənməsini müşahidə etməmək mümkünsüz idi.

Ş.Ələkbərova 1993-cü il fevralın 7-də 70 yaşında vəfat edib.

Musiqidə belə bir məqam var ki, xalq tərəfindən sevilən mahnılar zaman keçdikcə xalq mahnıları kimi qəbul olunur. Sözsüz ki, belə mahnıları yaradan sənətkarlar üçün bu, böyük xoşbəxtlikdir. Şövkət xanımın ifa etdiyi mahnılar məhz bu qəbildən idi. Onun mahnıları səsləndikcə Şövkət xanımı da yaşadacaq.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR