Apellyasiya Məhkəməsi sabiq səfirin şikayətini təmin etməyib

Apellyasiya Məhkəməsi sabiq səfirin şikayətini təmin etməyib

Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsində  hakim Elmar Rəhimovun sədrliyi ilə Azərbaycanın sabiq  baş prokuroru və səfir Eldar Həsənovun 10 il azadlıqdan məhrum edilməsi haqda hökmdən onun özü ilə yanaşı, üç övladı və başqa qohumlarının da  verdiyi apellyasiya şikayətinə baxılıb. 

Azadmediatv.com xəbər verir ki,  Bakı Apellyasiya Məhkəməsində bu şikayətlər üzrə bir aya yaxın məhkəmə prosesi getsə də, nəticə dəyişməyib.  Belə ki,  hökmün dəyişdirilmədən qüvvədə saxlanması haqda qərar çıxarılıb.

Qeyd edək ki, Apellyasiya Məhkəməsində sabiq səfirin övladları və digər qohumları maraqlı tərəf qismində çıxış edib. Buna səbəb Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə müsadirə olunan daşınmaz əmlakların əksəriyyəti onların mülkiyyətində olan əmlaklardır. Şikayətlərdə də göstərilib ki, müsadirə olunan əmlakların bir neçəsi alınanda, ümumiyyətlə, E.Həsənov səfir vəzifəsi daşımayıb. Onların arasında 1994-cü ildə alınmış, babadanqalma əmlaklar da var.

Xatırladaq ki, E.Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda suçlanır. Sabiq səfir apellyasiya məhkəməsində də , özünü təqsirli bilmədiyini deyib. Onun sözlərinə görə, ittihamlar söz yığınından ibarətdir, onları təsdiqləyən heç bir sübut ortaya qoyulmayıb. Haqqındakı hökmün sifarişlə çıxarıldığını vurğulayan sabiq səfir onun ləğv olunmasını və ona bəraət verilməsini istəyib.

Lakin Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası bunu özünümüdafiə kimi qiymətləndirib. E.Həsənov və yaxınlarının apellyasiya şikayətləri təmin olunmayıb. Müsadirə olunan əmlaklar siyahısında Nardaran qəsəbəsində bağ evi, Abşeron rayonunda təsərrüfat təyinatlı torpaq sahəsi, Bakının Nəsimi və Yasamal rayonlarında mənzillər, Monteneqronun Budva şəhərindəki mənzil də var.

Eldar Həsənov külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə kimi əməllərdə suçlanır.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR