Mikayıl Gözəlov - 74
Bu gün Şuşa Rayon İcra Hakimiyyətinin sabiq başçısı 1991-ci il dekabrın 11-də iş otağında qətlə yetirilən Mikayıl Qoca oğlu Gözəlovun doğum günüdür.
Mikayıl Gözəlov 1948-ci il aprelin 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. 7 illik orta məktəbi Mərzili kəndində, orta təhsilini Novruzlu kəndində başa vuryb. Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirib. Təyinatla Şuşa şəhərinə göndərilib. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışdıqdan sonra 1976-cı ildə həmin idarənin rəisi olub. Müxtəlif sahələrdə çalışdıqdan sonra 1989-cu ildə Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsində çalışıb.
Mikayıl Gözəlovun ən böyük əməyi bölgədə erməni işğalına qarşı mübarizə olub. Azərbaycan Respublikası prezidentinin 7 noyabr 1991-ci il fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərib, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirilməsinə rəhbərlik edib. Bundan əlavə Şuşanın genişləndirilməsinə və azərbaycanlıların rahat yaşaması üçün evlərin tikilməsinə köməklik göstərib. 1991-ci il dekabrın 11-də iş otağında güllələnərək qətlə yetirilib.
Allah rəhmət eləsin...
Azadmediatv.com