Seymur Kazımov: “Bayraktar” onların ən sevimli silahlarından biridir”

Seymur Kazımov: “Bayraktar” onların ən sevimli silahlarından biridir”

Mart ayında 3 azərbaycanlı jurnalist Ukraynaya yola düşdü. Ukrayna-Rusiya müharibəsinin dəhşətlərini öz gözləri ilə görmək, faktları yazı və fotolarla çatdırmaq üçün qaynar nöqtələrə üz tutdular. 10 gün müddətində Ukraynanın 4 şəhərində sığınacaqlarda yaşayan insanlarla ünsiyyətdə oldular, müharibənin ağrı-acısını onların dilindən eşitdilər, eşitdiklərini Azərbaycan oxucusuna çatdırmaq üçün bütün riskləri gözə aldılar.

 Ukraynadan yenicə qayıdan müstəqil jurnalist Seymur Kazımov müharibənin dəhşətlərindan danışıb:

- Ukraynada hava yolları bağlanıb. Bu durum sizin səfərinizə necə təsir edib?

- Müharibədən öncə, təxminən fevralın 10-da mən Ukraynaya akkreditasiya üçün müraciət etmişdim. Biz akkreditasiyanı bir aydan sonra aldıq. Ukraynaya şəxsi təşəbbüsümüzlə yollanmışdıq. Bölgəni bilən, münaqişələrdə çalışan jurnalist kimi nəsə olacağını proqnozlaşdırırdıq. Faciənin miqyasının bu qədər böyük olacağını isə düşünmürdük. Bildiyiniz kimi, müharibə başlayan gündən Ukraynanın hava məkanları bağlandı. Buna görə də Bakıdan yola düşən 3 jurnalist - Famil Mahmudbəyli, Əziz Elxanoğlu və mən alternativ yollar axtarmağa məcbur olduq. Yeganə tez və vizasız yol Moldovaya idi, lakin orada da hava məkanı bağlandığı üçün çətinlik yaşadıq. Bu durumda Rumıniya səfirliyinə müraciət etməyə qərar verdik. Bir gün də gözlədilmədən vizanı aldıq. Bakı-İstanbul-Buxarest-Suçeva-Çernovtsı (sonuncu Ukrayna şəhəridir- red.) marşrutu ilə 18 saatlıq yol qət etdik. Çernovtsı gənclər şəhəri kimi tanınır, lakin müharibə dövründə məcburi köçkün düşərgəsinə çevrilib. Rusiya ilə qərb sərhədində yerləşən bu şəhərə bomba düşməyib. Bütün inzibati binalar, yataqxanalar, qonaq evləri, hotellər, hostellər Ukraynanın müxtəlif bölgələrindən gələn qaçqınlarla dolu idi.  

- Onların arasında azərbaycanlılar var idi?

- Bəlkə də var idi, amma biz rastlaşmadıq. Biz qaçqınlarla bir yerdə qaldıq. Mən jurnalist kimi o atmosferdə olmasam, məqalə, reportaj yaza bilmərəm. Orada 1 gün qalıb, Kiyevə yola düşdük. Bizə xəbərdarlıq edilmişdi ki, Kiyevə avtomobil, yaxud avtobusla getməyək, çünki rus ordusu hər an vura bilər. Ən təhlükəsiz nəqliyyat vasitəsi kimi qatarı tövsiyə etdilər. Biz maşınla gedəsi olduq.

 Rumıniyadakı qaçqınlarla ünsiyyətdə oldunuz. Müharibə haqqında nə düşünürlər?

- Biz də proqnoz verirdik ki, lokal çərçivədə müharibə olacaq, Donetsk və Luqansk istiqamətində nəsə gözlənilirdi. Birdən-birə rus ordusunun Kiyevi, Xarkovu bombalamağa başlaması, Mariupolu yer üzündən silməsi, Lvovda NATO-nun hərbi bazasını bombalaması isə şok effekti yaratdı. İnsanlar bunu anlamırlar. Nəzərə almaq lazımdır ki, sözügedən bölgələr münaqişə zonası deyil. Bakıda da eyni ab-hava var idi. Biz də şokda idik. Mənim ünsiyyətdə olduğum şəxslər 3 həftə zirzəmidə qaldıqdan sonra martın 12-də Ukraynadan çıxmışdılar. Fərqli-fərqli talelər var idi. Kimi ilk gün çıxmışdı, kimi bir aydan sonra...

- Müharibədən əziyyət çəkən Ukrayna xalqı Volodimir Zelenskiyə necə münasibət göstərir? Onun siyasətini dəstəkləyirmi?

- Biz əsasən məcburi köçkünlərlə ünsiyyətdə olduq. Nə V.Zelenskinin, nə də hökumətin ünvanına neqativ fikir səsləndirmədilər. Görünən odur ki, hətta müxalifətçilər də - Yuliya Timoşenko, Petro Poroşenko sərt fikir səsləndirməyiblər. Bəlkə də müharibə bitdikdən sonra hər hansı müxalif fikir səsləndirən olacaq.

Возможно, это изображение (3 человека, люди стоят и на открытом воздухе)

- Kiyevdəki müşahidələriniz necədir?

- Biz Kiyevə çatanda komendant saatı idi. Bu da o deməkdir ki, küçədə gəzmək olmaz. Jurnalistlər üçün heç bir ayrı-seçkilik yoxdur. Qaydaları pozanları həbs edə, diversant hesab edib güllələyə bilərlər. Ən yaxşı halda həbs oluna bilərsən. Bir sözlə, başına bir sıra xoşagəlməz hadisələr gələ bilər. Buna görə də dərhal sığınacağa getdik. Bizi metro stansiyalarından birinə - “Dneprın qəhrəmanları” stansiyasına apardılar. Hətta vaqonların içində də insanlar var idi. Gecəni vaqonda qaldıq. İnsanlar bizim jurnalist olduğumuzu bilmirdi. 3 gün Kiyevdə qaldıq. Dəfələrlə artıq işğaldan azad olunmuş İrpen, Buça və Hostomel şəhərlərinin yaxınlığına getdik. Lakin icazə ala bilmədik. O şəhərlərdə jurnalist yox idi. Şəhərlərin kadrları bugünlərdə yayılmağa başladı. Əsasən sığınacaqlarda çəkilişlər etdik. Könüllülər qaçqınlara əllərindən gələn köməyi göstərirdilər. Psixoloqlar uşaqlara yardım edirdilər. 

- Sığınacaqlarda ən çox çatışmazlıq nə ilə bağlı idi?

- Ərzaqla bağlı elə bir problem müşahidə etmədim. Qıtlıq görmədim. Müəyyən dərəcədə gigiyenik problemlər var idi. Metropoliten səhər saatlarından normal fəaliyyət göstərirdi. Yeri gəlmişkən, heç kim virusa əhəmiyyət vermirdi, qapalı məkanlarda demək olar ki, maska taxmırdılar. Həm adekvat, həm də aqressiv reaksiya verən insanlarla qarşılaşırdıq.

- Xəstəxanalarda çəkiliş edə bildinizmi?

- Bizə xəstəxanalarda çəkiliş etməyə icazə vermədilər. Kiyevdə bir neçə hospitala getmək istədik. İlk günlər müəyyən dərəcədə sərbəstlik var idi, sonradan xüsusi nəzarət başladı. Müəyyən günlərdə jurnalistlər üçün mediaturlar təşkil edirdilər. Mən isə bu formatda çəkilişdən imtina etdim. Bəlkə də hərbi rejimdə bu, doğrudur, amma mən istəmədim.

- Nə qədər qəribə səslənsə də, müharibə dövründə sosial media faktorunu da nəzərə almaqla feyk xəbərlərin yayılması normaldır. Biz də Vətən müharibəsi dövründə bunu yaşadıq.

- İstənilən müharibədə feyk xəbərlər yayılır. Məsələn, Buçada yayılan görüntülərlə bağlı reaksiyalar birmənalı deyil, ruslar təkzib edir, ukraynalılar sübut etməyə çalışır. Ukraynada bununla bağlı qanun qəbul etdilər: medianın fəaliyyəti çox ciddi şəkildə məhdudlaşdırılıb. Məsələn, Odessada gözümüzün önündə italiyalı operatorun kamerasını əlindən alıb çəkilişin yarısını sildilər. Mən metroda, yəni sığınacaqda heç nə çəkə bilmədim. Gizli çəkiliş etsən, akkreditasiyan ləğv oluna bilər, deportasiya oluna bilərsən və s. Təbii ki, jurnalist marağı var, çəkmək, göstərmək istəyirsən. Amma ehtiyatlı olmaq lazımdır.

- Ümumilikdə, müharibə başlayan gündən medianın fəaliyyəti sizi qane edirmi?

- Açığı deyim ki, xeyr, qane etmirdi. Fövqəladə vəziyyət olduğunu anlayırıq. Amma bəzən yersiz qadağalar olurdu. Məsələn, akkreditasiyam olsa da, dəmiryol vağzalının rəhbərliyindən hər ehtimala icazə aldığım halda, polis işimə mane oldu. Şikayət etdikdən sonra məsələ həll olundu. 10 gün müddətində 4 şəhərdə - Kiyev, Çernovtsı, Odessa və Mikolayev şəhərlərində işlədim. Bir gün də Moldovada olduq. Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm, azərbaycanlılara hər mənada əlindən gələn köməyi əsirgəmədi. 

- Yeri gəlmişkən, Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı narazılıqlar vardı.

- Əksəriyyət Moldova və Rumıniyaya gedirdi. Biz orada olarkən Ukrayna səfirliyinin fəaliyyəti barədə heç nə eşitmədik. Rastlaşdığım azərbaycanlılar isə əsasən Odessaya gəlirdilər. Anar Natiqoğlu çox əziyyət çəkdi. Proses hələ də davam edir. İnsanların qarşılanması, yerləşdirilməsi və s. Mikolayevdə Zaur Ağabəyov prosesə çox dəstək olur. Bir sözlə, sıravi azərbaycanlıların fəaliyyəti daha çox idi, nəinki səfirliyin.

- Ukrayna ordusunda ab-hava necədir?

Возможно, это изображение (1 человек, стоит и на открытом воздухе)

- Qarabağ məsələsindən xəbərdardırlar. Azərbaycandan olduğumuzu biləndə bizə çox yaxşı münasibət göstərdilər. Ordu daxilində ab-hava yüksək səviyyədədir. Hərbçilər gümrah görünürdülər.

- Hərbi, yaxud digər mənada dəstək gözləntisi varmı?

- Türkiyənin dəstəyini yüksək qiymətləndirirlər. “Bayraktar” onların ən sevimli silahlarından biridir. Eyni zamanda Türkiyənin Azərbaycana dəstəyini də qeyd edirdilər. Qərb dövlətlərindən gözləntiləri isə bu idi ki, NATO hava məkanını bağlasın ki, Rusiya havadan hücum edə bilməsin. Zelenski də bunu dəfələrlə dilə gətirib, çünki ciddi hücumlar havadan olur, şəhərlər bombalanır.

- Bu müharibə iki slavyan xalqını üz-üzə qoydu. Bu fakta münasibət necədir?

- Təəssüf ki, Rusiya vətəndaşları arasında müharibəni dəstəkləyənlər var. Xaricdə aparılan sorğular göstərdi ki, əhalinin böyük qismi müharibəni dəstəkləyir. İllərdir Ukraynada tanınan şou-biznes nümayəndələri də o cümlədən. Ukraynalılar buna görə kədərlənirlər. Sağlam düşüncəli ruslar da var, amma onların sayı o qədər də çox deyil. Ukraynalılar düşünürdü ki, ilk növbədə rus xalqı buna reaksiya verər. Rus xalqı heç bir təhlükəyə, qorxuya baxmayaraq Vladimir Putinin korrupsiya, rüşvət siyasətinə qarşı meydanları doldururdu. Təəssüf ki, bu gözlənti özünü doğrultmadı. 

- Əslində paytaxt Moskvada, Sankt-Peterburqda, başqa kiçik şəhərlərdə etiraz olmuşdu...

- Doğru, amma kütləvilik olmadı. Ukrayna xalqı kədərlə danışırdı ki, ilk növbədə rus xalqının etiraz edəcəyini gözləyirdilər, çünki rus xalqı da əziyyət çəkir, sanksiyalar və s. Əksinə, xalq Putini dəstəklədi.

- Bəs Ukraynada yaşayan ruslar necə, Putini dəstəkləyirmi?

- Onlar daha çox Ukrayna xalqının yanındadır. Mən ruslarla rastlaşmadım, amma bəlkə onlar orada idilər, sadəcə, özlərini gizlətmişdilər. Ukraynada ruslara qarşı aqressiya yaranıb. Buça qətliamından sonra aqressiyanın miqyasını, dozasını təsəvvür edin. Ukraynalılarla ruslar arasında qohum olanlar çoxdur. Bu faktor da öz təsirini göstərir. Buna görə də pərişanlıq, ümidsizlik, məyusluq var.

- Ukrayna xalqı və ordusu daha nə qədər müqavimət göstərə bilər?

- Ukrayna təslim olmaq niyyətində deyil, dayanacaqlar. Vətəni qoruyurlar, yetərincə hərbi və iqtisadi dəstək də var. İstənilən halda müharibənin davam etməsi günahsız insanların, əsgərlərin ölüm sayının artması deməkdir. Mütəxəssislər deyir ki, Putin nə zaman istəsə, müharibə də o zaman bitəcək. Müharibəni Rusiya başladı. Fevralın 24-də Zelenski Putinə zəng etdi, o isə cavab vermədi. Reallıq budur ki, müharibənin bitməsi Putinin kefinə bağlıdır. Görünür, Putin hələ də müəyyən ambisiyalarına çatmayıb, müharibəni davam etdirmək niyyətindədir.

- Bu gedişlə müharibə nə zaman bitə bilər?

- Fikrimcə, may ayında bitə bilər. Rus qoşunları işğaldan azad olunan ərazilərdən çıxıblar. Hazırda Donbasda toplaşıblar. Mariupol quru yolu olduğu üçün strateji əhəmiyyəti var, port şəhəridir. Bu şəhəri tam nəzarətə götürsələr, dayana bilərlər. Mariupol 2014-cü ildən rusların hədəfindədir. Hər iki ölkənin başçılarının görüşü baş tutsa, müharibə sonlana bilər. Bütün hallarda qərar verən şəxslər liderlərdir. Təbii ki, hər iki liderin öz şərtləri olacaq. Görünür, Rusiya hələ ki görüşə həvəsli deyil. Açıqlama veriblər ki, liderlərin görüşü üçün əsas yoxdur.

- Türkiyənin vasitəçiliyi nə dərəcədə rol oynaya bilər?

- Kifayət qədər rolu olar. Çünki Türkiyə həm Rusiyanın, həm də Ukraynanın etibar etdiyi yeganə NATO dövlətidir. Yeganə dövlətdir ki, Rusiyaya qarşı heç bir sanksiyaya qoşulmasa da, Ukrayna onu strateji tərəfdaş kimi görür. Türkiyə Rusiyadan silah alan (S-400) yeganə NATO dövlətidir. Ukrayna əhalisi bunu bilir. Bütün hallarda Türkiyəyə rəğbət var. Ukraynada hesab edirlər ki, Türkiyə müharibəni başa çatdırmağa qadir, tərəfləri bir masa ətrafına gətirəcək yeganə dövlət ola bilər. Fikir verirsinizsə, Zelenski Macarıstanı, Serbiyanı tənqid edir, amma Türkiyəyə qarşı eyni ritorikadan istifadə etmir. Türkiyəyə böyük ümid bəsləyirlər.

Yeni Müsavat




OXŞAR XƏBƏRLƏR