Qaloşa möhtac edilən azərbaycanlı milyonçu
Hər situasiya üçün mütləq bir hikmətli kəlam icad edən müdrik atalar İbrahim Zeynalovun hazırkı durumu üçün də uyğun gələn qanadlı ifadələr işlədib: “Kiminin əvvəli, kiminin axırı”; “Qızıldan taxtın olunca, quruca bəxtin olsun”; “Dost dosta tən gərək, tən olmasa, gen gərək” və s.
Məsələyə başqa prizmadan yanaşanlar başqa atalar sözləri tapa bilərlər: “Kələklə gələn küləklə gedər”; “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə” və s.
İndi bu kəlamların az qala hamısı İ.Zeynalova aid edilə bilər. Vaxt vardı, vaxtlar... o, çox pul qazanırdı, yaxşı malikanədə yaşayır, lüks avtomobillər sürür, əla kurortlarda dincəlir, dostlarına, yaxınlarına bahalı hədiyyələr bağışlayır, böyük adamlarla oturub-durur, fransız konyakı içir, italyan ayaqqabısı geyir, zövq-səfa içində ömür sürürdü. Ona işi düşənlər, ondan kömək umanlar qoluna girir, altına stul çəkirdilər.
Bu gün o, daha pul qazanmır, borclarını necə verəcəyinin qəhrini çəkir, Neftçalada, yayda isti, qışda soyuq vaqonda yaşayır, heç kəsdən nə bahalı hədiyyə, nə sədəqə ummur, indi onun qoluna kömək etmək üçün girirlər, altına stulu da mərhəmət naminə çəkirlər. Onun ayağında çoxdan brend ayaqqabı yoxdur, qaloş geyir. (Bu, bəlkə də sağlıq problemi üzündəndir, yoxsa İbrahim kişi hər halda geyib məhkəməyə gəlmək üçün bir cüt ayaqqabı tapardı).
O boyda iş adamını rəsmi milyonçu ikən borc içində batan kasıba çevirənlər bu dövlətin poqonluları və mandatlıları olub.
Məhz, onlar bu uğurlu biznesmeni şərləyib, dolaşdırıb, girov götürüblər, sonra leşə daraşmış qarğa-quzğun kimi onun varidatına çöküb pay-bölüş ediblər, nəyi var, əlindən alıblar, hələ özünü də xərcə-borca, qırx arşın quyunun dibinə salıblar. İndi İbrahim kişinin heç nəyi yoxdur, hətta ailəsi də – həyat yoldaşı, bir oğlu və bir qızı vəfat edib, bir oğlu qalıb, o da atasını 7 aydan sonra girovluqdan qurtarmaq üçün xirtdəyəcən borca girib.
Artıq İbrahim Zeynalova heç nə lazım deyil. O, öz məhv olmuş biznesinin, ailəsinin, həyatının möhnətini çəkə-çəkə yaşayır, bilir ki, əlindən gedənlər heç vaxt geri qayıtmayacaq. Lap bir neçə gündən sonra məhkəmə onun əlindən zorla alınmış 8 milyon nağd pulunu, fabrik-zavodlarını, sexlərini, torpaq sahələrini, evlərini geri qaytarsa da, bütün bunların ayağı qaloşlu keçmiş milyonçu üçün qara quruş qədər dəyəri olmayacaq.
Ona lazım olan yeganə şey hazırda yalnız ədalətin öz yerini tutmasıdır. İztirab çəkməyə məhkum edilmiş bütün normal adamlar kimi, o da öz düşmənlərininn, onu bu hala salanların cəzalandırıldığını görmək istəyir. Bunca məşəqqətlərin bir qisası olmalı deyilmi? O zalımların etdiyi pisliklər cavabsız qalmalıdırmı? Əsla.
Ən pisi odur ki, bir iş adamının başına bu müsibətləri gətirənlər dövlətin mundirini, mandatını daşıyıblar, adamı dövlətin təcridxanasında girov saxlayıblar, ondan xəracı dövlətə məxsus inzibati binada alıblar, axırda da onu dövlətin adından “əfv edib” azadlığa buraxıblar.
Biz belə epizodları xarici detektiv filmlərdə görmüşük. Sadəcə, o filmlərin çoxunda varlı adamları girov götürənlər residivist quldurlar, reketlər olur və filmin final bölümündə hamısı cəzasını alır. Mahiyyətcə quldur, təbiətcə reket olan canilərin çiyinlərində general rütbəsi olanda isə onların cinayətləri daha mütəşəkkil, daha geniş miqyaslı və daha uzun ömürlü alınır, onların ifşası gec, cəzaları yüngül olur. Nə edib, nə yapıb, canlarını qurtarırlar.
İbrahim Zeynalovun zorla çəkildiyi (hər mənada) çoxbölümlü trillerin sonunda ifşa olsa da, zərərvericilər üçün ağır cəzayla, zərərçəkənlər üçün isə “həpi end”lə bitməyib. Zeynalovun və onlarca başqalarının milyonlarını “hop” eləyib udanlar azadlıqda gəzir, villalarda yaşayır, şotland viskisi içir, lüks avtomobillərdə şütüyürlər, ziyana düşənlər isə ya Zeynalov kimi vaqonda yaşayırlar, ya da daxmada oturub dövlətdən ədalət gözləyirlər.
Keçmiş milyonçunun oğlu borcun içində üzərkən, məhkəmə zallarında üzülərkən, onun atasını milyonlarını qamarlayan generalın oğlu həmin pullarla Londonda özünə iş qurub, 5 ulduzlu otellərin hovuzunda üzür, trenajor zalında idman edir.
Ədalət yerini tapmalıdır. Bir iş adamını ayağı qaloşlu görmək insanların gələcəyə və ədalətə olan inamını sarsıdır. Zeynalovu dövlətin gücüylə “sındırıblar”. İndi onun sınıqlarını dövlət sarımalıdır.
Xalid Kazımlı
Yeni Müsavat