Nərmin Quliyevanın qatil şahidlərin arasındadırmı? - QALMAQAL

Nərmin Quliyevanın qatil şahidlərin arasındadırmı? - QALMAQAL

Aprelin 15-də Tovuz rayonunun Dondar Quşçu kəndində xüsusi amansızlıqla qətlə yetirilən 10 yaşlı Nərmin Quliyeva cinayətində ittiham olunan İlkin Süleymanovun  məhkəmə prosesi şahidlərin dindiriilməsiylə davam etdirilib.

Azadmediatv.com-un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə  İlkin Süleymanovun valideynləri Gülnaz və İbrahim Süleymanovlar, kənd sakini Altay Ələkbərov və onun azyaşlı oğlu, həmçinin polis mayoru Azər Məmmədov dindirilib.

Prosesdə  kənd camaatı və sosial şəbəkələrdə Nərmin Quliyevanı oğurlayıb, qətlə yetirdiyi iddia edilən Altay Ələkbərov müdafiə tərəfinin tələbiylə ikinci dəfə məhkəmə qarşısında ifadə verib.  Müdafiə tərəfinin suallarını cavablandırarkən o bildirib ki, həmin gün evdə televizorla çanaq antennanı birləşdirən naqil sıradan çıxdığından  bacısının həyat yoldaşı Fikrətə zəng edib. O da bildirib ki, yeni televizor aldığından həmin naqildan onlarda var:

"Maşına minib Fikrətgilə gedirdim, oğlum da yanımdaydı, naqili götürüb geri qayıdanda Nərminin yanan meyitini  gördüm". Vəkillərin “Nəyə görə getdiyin asfalt yolla yox,  "qruntovoy" yolla qayıtmısan?” sualına şahid cavab verməkdə çətinlik çəkib.

Məhkəmədə o da məlum olub ki, Altay Ələkbərovun adı Nərminin yanmış meyitini İlkin Süleymanovgilin evinin yaxınlığına atmaqda hallanıb. Həmin vaxt cinayət işi ilə bağlı əməliyyatçılar onun evində  də olublar. Şahid cinayət işində adının hallanmasına etiraz da edib. 

Qeyd edək ki, prosesdə ifadə verən Altay Ələkbərovun 9 yaşlı oğlu  Emil dindirilərkən atasından fərqli olaraq, getdikləri yolla geri qayıtdıqlarını deyib.. Həmçinin Ələkbərovların verdikləri ifadədə ziddiyyətlər olduğuna görə, məhkəmə onun ifadəsini yenidən elan edib.

Daha sonra İlkin Süleymanovun atası İbrahim Süleymanov və anası Gülnaz Süleymanova da ifadə verib.

İbrahim Süleymanov ifadəsində oğlunun cinayət işi ilə əlaqəsi olmadığını, Nərminin yanmış meyitini qəsdən gətirilib evlərinin yaxınlığına atıldığını deyib:
“Var qüvvələri ilə çalışırlar ki, İlkin həbsdə qalsın. Halbuki İlkin günahsızdır. Nərmin itkin düşən vaxt mən insult keçirmişdim. İlkin gecələr mənimlə birgə qalırdı. Nərminin saxlanıldığı deyilən evdə həmin müddətdə dəfələrlə olmuşuq. Müstəntiq mənə deyir ki, oğlun Nərminə dəfələrlə təcavüz edib”.

İlkin Süleymanovun atası ifadəsində həmin vaxt Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdüyünü  də xatırladıb: “Rüstəm Usubova oğlumun günahsız olduğunu dedim. Bildirdim ki, necə ola bilər, Nərmin 47 gün bir otaqda qalıb, amma saçının bir teli belə həmin yerə düşməyib. Mənə dedi ki, görünür elə təmizləyib, heç bir iz qalmayıb”.

İbrahim Süleymanov onu da deyib ki, yanvarın 9-dan 10-na keçən gecə saat 04 radələrində rayonun o vaxtkı polis rəisi Şirzad Əsgərov və müavini Şahlar Cəfərov onların evinə gəliblər. Burada isə məqsəd İlkinin Nərmini evdə saxlandığını sübut etmək olub.

Prosesdə daha sonra Tovuz RPŞ-nin əməkdaşı, polis mayoru Azər Məmmədov ifadə verib. O deyib ki, yanvarın 9-dan 10-a keçən gecə evdə olub. O, həmin gecə, ümumiyyətlə,  elektrik uzadıcısı üçün Murad Süleymanova zəng etmədiyini də qeyd edib.

Təqsirləndirilən şəxsin vəkilləri şahidin dediklərinin düzgün olmadığını bildiriblər. Müdafiəçilər cinayət materiallarının içində həmin gün deyilən vaxtda şahidin Murad Süleymanova zəng etməsini təsdiq edən sübutların olduğunu bildiriblər.

İlkin Süleymanovun anası G.Süleymanova da ifadəsində oğlunun cinayət işi ilə bağlı heç bir əlaqəsi olmadığını deyib. O bildirib ki, oğlu Nərmin itkin düşən müddətdə toyda, hüzr məclislərində iştirak edib: “Nərmin itkin düşən gün İlkin Ağdam kəndində yasda olub, Yanvarıln 6-da isə Gəncədə olub.  Saat  15 radələrində evə qayıdıb, nahar edib yatıb. Axşam da oyanıb, darvazanın ağzında siqaret çəkməyə çıxıb. Ondan sonra evə qayıtmayıb. Mənim oğlum hadisəni gördüyü üçün bəlaya düşüb”.

Proses aprelin 20-də davam edəcək.

Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı




OXŞAR XƏBƏRLƏR