Qərarı oxudular, orada yazılıb ki, oğlum heç bir cinayət törətməyib - VALİDƏ ƏHMƏDOVA

Qərarı oxudular, orada yazılıb ki, oğlum heç bir cinayət törətməyib - VALİDƏ ƏHMƏDOVA

 Aprelin 19-da "Tərtər hadisələri" üzrə istintaq  qrupu bəyan edib ki, 2016-cı ildə casusluq ittihamıyla həbs edilib, işgəncəyə məruz qalan, işgəncə nəticəsində ölsə də, casusluq, dövlətə xəyanət ittihamlarıyla haqqında ittiham hökmü çıxarılan Elçin Quliyevə 5 il sonra bəraət verilib.

Azadmediatv.com xəbər verir ki, bu haqda  onun anası Validə Əhmədova  açıqlamasında bildirib. Onun sözlərinə görə,  bəraət qərarını  ona bugün  Baş Prokurorluqda təqdim ediblər: 

" Bu gün "Tərtər işi" üzrə istintaq qrupunun rəhbəri tərəfindən dəvət edilmişdim.  Baş prokuror  Kamran Əliyev məni şəxsən özü də qəbul etdi. Qərarı oxudular, orada yazılıb ki, oğlum heç bir cinayət törətməyib. Bəraət qərarı sevindirici  hal olsa da, bununla kifayətlənmək niyyətində deyiləm. Heç bir təqsiri olmadığı halda, oğluma işgəncə verib öldürənlərdən tutmuş, bu işə sifariş verənlərə qədər hamısı cəzalanmalıdır: Bəlkə onda bir az rahatlıq taparam. Oğlumun ölümünə, adının ləkələnməsinə sifariş verənlər, icra edənlər azadlıqdadır, rahat həyat sürürlər. Buna  necə qane olum?".

Qeyd edək ki, E.Quliyev 2017-ci ilin mayında dövlətə xəyanətdə ittihamı ilə saxlanan və barəsində cinayət işi başlanan çoxsaylı hərbçilərdən biridir. Sonradan o, öldüyünə görə hərbi prokurorun müavini Şəfahət İmranovun qərarıyla barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Sözügedən qərarın özünü isə Baş prokuror Kamran Əliyev 2022-ci il yanvarın 31-də ləğv edib.

Xatırladaq ki, "Tərtər hadisələri"ndə ölənlərin və məhkum edilənlərin yaxınları Hərbi prokuror Xanlar Vəliyevin, müavinin, keçmiş korpus komandiri, general Hikmət Həsənov və digərlərinin cəzalandırılmasını tələb edir.

İşgəncə verməkdə ittiham olunanlardan bir neçəsi də məhkəmədə ifadələrində bildirib ki, heç bir işi özbaşına görməyiblər. Məsələn, Cavid Ağadadaşov deyib ki, general Hikmət Həsənovun əmrini yerinə yetiriblər.

Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ilin mayında bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini, onlara dövlətə xəyanət maddəsi üzrə cinayət içi açıldığını bildiriblər. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. İşgəncə nəticəsində ölənlərin (hüquq müdafiəçiləri onların sayının 10 civarında olduğunu bildirirlər. Amma bu rəsmən təsdiqlənməyib) bəzilərinə sonradan bəraət verilib.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR