Var qüvvələri ilə çalışırlar ki, İlkin həbsdə qalsın  - ŞAHİD (YENİLƏNİB -I)

Var qüvvələri ilə çalışırlar ki, İlkin həbsdə qalsın - ŞAHİD (YENİLƏNİB -I)

 

20 aprel, saat 17:30

Aprelin 20-də saat  14:00-da Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.
Azadmediatv.com
-un əməkdaşının məhkəmədən verdiyi məlumata görə, rosesdə İ.Süleymanovun vəkili Əlibaba Rzayev vəsatət qaldıraraq iş üzrə istintaq zamanı ifadə verən 26 şahidin məhkəmədə dindirilməsini tələb edib. 

Ə.Rzayev  məhkəməyə həmin şəxslərin kimliyi və nəyə görə dindirilməli olduğunu izah edərək,  vəsatəri əsaslandırıb. O, bildirib ki, istintaq zamanı İ.Süleymanovla eyni kamerada təcridxanada  salanılanlardan beş  nəfərin ifadəsi alınıb. Həmin şəxslərdən ikisi deyib ki, İ.Süleymanov  gecələr sayıqlayaraq Nərmini öldürdüyünü deyib. Eyni yerdə saxlanılan digər iki şahid isə İlkinin elə bir şey sayıqlamadığını bildiriblər. Lakin təqsirləndirilən şəxsin əleyhinə ifadə verən iki nəfər şahid kimi tanınsa da, istintaq orqanı müdafiə tərəfinin xeyrinə ifadə verən digər üç nəfəri şahid kimi tanımayıb.
Hakim həmin şahidlərin məhkəmədə ifadə vermələrinin təmin olunacağını bildirib.
Vəkil daha sonra kənd sakinləri Rüfət Əliyev və Zahidə Əliyevanın məhkəmədə dindirilməsini xahiş edib. Müdafiəçi bildirib ki, sözügedən kənd sakinləri bildiriblər ki, Nərminin əmisi Arif Əliyev hadisə baş verməzdən iki gün əvvəl meyitin onların həyətinə atıla biləcəyi ehtimalı olduğunu deyib: "Sözügedən şəxslər Nərminin yanmış meyiti aşkar edilməzdən iki gün əvvəl Ariflə danışıblar. Arif deyib ki, ehtiyatlı olun, Nərminin meyiti sizin qapınıza atıla bilər. Arif nə bilirdi ki, Nərminin meyiti kiminsə qapısına atılacaq?"

Müdafiə tərəfi İlkin Süleymanovun əmisi Hüseyn Süleymanovun, bacısı İlhamə Süleymanovanın övladlarının və şagirdlərinin məhkəmədə ifadə vermələrini də  istəyib.

Müdafiəçi bildirib ki, Nərminin atası Şərif Quliyev qızının yanmış cəsədi aşkar edilən yerdə bir gün sonra qazıntı aparıb. Torpaq qazmaq üçün beli isə Hüseyndən alıb: "Hesab edirik ki, Hüseynin də məhkəmədə ifadə verməsi lazımdır. İlkinin bacısı uşaqlarına gəlincə, onlar dəfələrlə Nərmin saxlanılan otaqda olublar. Bundan başqa, İlkinin bacısı İlhamənin həmin vaxt atasına baxdığını sübut etmək üçün onun dərs dediyi şagirdlər də şahid kimi dindirilməlidir".
 Hakim Dadaş  İmanov təqsirləndirilənin bacısı, kənd məktəbinin müəllimi ilhamə Süleymanovanın  hadisə baş verən ərəfədə Bakıda olmasını təsdiqləyən şəxslərin adlarını dəqiqləşdirib məhkəməyə təqdim etməsini tapşırıb:
"2019-cu ilin noyabrın 22-dən dekabrın 2-dək, həmçinin dekabrın 29-dan 2020-ci il yanvarın 6-dək sizin bakıda olduğunuuzu təsdiqləyən şəxslriin adlarını dəqiqləşdirib məhkəməyə təqdim edin. Həmçinin 2019-cu il oktyabrın 12-dən 2020-ci il yanvarın 6-dək sizin evinizin açarlarının olduğu şəxslərin kimliyini dəqiqləşdirin. Eləcə də hazırlıq dərslərini neçə növbədə həftənin hansı günləri və saatında keçirdiyinizi, şənbə-bazar günləri harada olmanızla da bağlı məlumatı dəqiqləşdirib növbəti presesdə məhkəməyə təqdim edin".
hakim D.İmanov 16 bəndlik vəsatətlə tərəflərin və dövlət ittihamçısının yanış olması üçün şərait yaradıb. Belə ki. dövlət ittihamçısı Müşviq Rəhimov geniş tərkibli vəsatətələ tanış olub. ədalətli münasibət bildirmək üçün vaxt istəyib. 30 dəqiqəlik fasilədən sonra məhkəmə adları çəkilən kənd sakinlərindən  İlkin Süleymanovun əmiləri,  bacısı uşaqları,  həmçinin  İ.Süleymanovla   təcridxanada  eyni kamerada qalan  şəxslərin və aidiyyatı üzrə ifadəsi vacib  hesab edilən şəxslərin məhkəmədə dindirilməsi barədə vəsatətlərin böyük əksəriyyətini təmin edib, bir qismini isə baxılmaməş saxlayıb.
 Daha sonra müdafiə tərəfi kənd sakini Mənzər Vəliyevanın dindirilən şahidlər siyahısında olan Aqil Ələkbərovun ona dedikləriylə bağlı ifadənin əhəmiyyətli olduğunu bildirib onun şahid qismində dindirilməsi üçün şifahi vəsatət qaldırıb. Qeyd edək ki, m.vəliyeva iddia edir ki, A.ələkbərov özü şəxsən ona deyib ki, yandırılmış cəsədin tapıldığı gün hadisə yerində dərənin aşağısıyla qaçan adamı görüb.
Məhkəmə vəsatəti təmin eyməyib.

Proses aprelin 21-də saat 14:00-da davam etdiriləcək.
 

XXXXXXXX

Aprelin 20-də Tovuz rayonunun Dondar Quşçu kəndində xüsusi amansızlıqla qətlə yetirilən 10 yaşlı Nərmin Quliyeva cinayətində ittiham olunan İlkin Süleymanovun  məhkəmə prosesi şahidlərin dindiriilməsiylə davam etdiriləcək.

Azadmediatv.com-un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə  önəmli şahidlərin ifadə verəcəyi gözlənilir.

Qeyd edək ki, ötən prosesdə İlkin Süleymanovun valideynləri Gülnaz və İbrahim Süleymanovlar, kənd sakini Altay Ələkbərov və onun azyaşlı oğlu, həmçinin polis mayoru Azər Məmmədov dindirilib.

Prosesdə  kənd camaatı və sosial şəbəkələrdə Nərmin Quliyevanı oğurlayıb, qətlə yetirdiyi iddia edilən Altay Ələkbərov müdafiə tərəfinin tələbiylə ikinci dəfə məhkəmə qarşısında ifadə verib.  Müdafiə tərəfinin suallarını cavablandırarkən o bildirib ki, həmin gün evdə televizorla çanaq antennanı birləşdirən naqil sıradan çıxdığından  bacısının həyat yoldaşı Fikrətə zəng edib. O da bildirib ki, yeni televizor aldığından həmin naqildan onlarda var:

"Maşına minib Fikrətgilə gedirdim, oğlum da yanımdaydı, naqili götürüb geri qayıdanda Nərminin yanan meyitini  gördüm". Vəkillərin “Nəyə görə getdiyin asfalt yolla yox,  "qruntovoy" yolla qayıtmısan?” sualına şahid cavab verməkdə çətinlik çəkib.

Məhkəmədə o da məlum olub ki, Altay Ələkbərovun adı Nərminin yanmış meyitini İlkin Süleymanovgilin evinin yaxınlığına atmaqda hallanıb. Həmin vaxt cinayət işi ilə bağlı əməliyyatçılar onun evində  də olublar. Şahid cinayət işində adının hallanmasına etiraz da edib. 

Qeyd edək ki, prosesdə ifadə verən Altay Ələkbərovun 9 yaşlı oğlu  Emil dindirilərkən atasından fərqli olaraq, getdikləri yolla geri qayıtdıqlarını deyib.. Həmçinin Ələkbərovların verdikləri ifadədə ziddiyyətlər olduğuna görə, məhkəmə onun ifadəsini yenidən elan edib.

Daha sonra İlkin Süleymanovun atası İbrahim Süleymanov və anası Gülnaz Süleymanova da ifadə verib.

İbrahim Süleymanov ifadəsində oğlunun cinayət işi ilə əlaqəsi olmadığını, Nərminin yanmış meyitini qəsdən gətirilib evlərinin yaxınlığına atıldığını deyib:
“Var qüvvələri ilə çalışırlar ki, İlkin həbsdə qalsın. Halbuki İlkin günahsızdır. Nərmin itkin düşən vaxt mən insult keçirmişdim. İlkin gecələr mənimlə birgə qalırdı. Nərminin saxlanıldığı deyilən evdə həmin müddətdə dəfələrlə olmuşuq. Müstəntiq mənə deyir ki, oğlun Nərminə dəfələrlə təcavüz edib”.

İlkin Süleymanovun atası ifadəsində həmin vaxt Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdüyünü  də xatırladıb: “Rüstəm Usubova oğlumun günahsız olduğunu dedim. Bildirdim ki, necə ola bilər, Nərmin 47 gün bir otaqda qalıb, amma saçının bir teli belə həmin yerə düşməyib. Mənə dedi ki, görünür elə təmizləyib, heç bir iz qalmayıb”.

İbrahim Süleymanov onu da deyib ki, yanvarın 9-dan 10-na keçən gecə saat 04 radələrində rayonun o vaxtkı polis rəisi Şirzad Əsgərov və müavini Şahlar Cəfərov onların evinə gəliblər. Burada isə məqsəd İlkinin Nərmini evdə saxlandığını sübut etmək olub.

Prosesdə daha sonra Tovuz RPŞ-nin əməkdaşı, polis mayoru Azər Məmmədov ifadə verib. O deyib ki, yanvarın 9-dan 10-a keçən gecə evdə olub. O, həmin gecə, ümumiyyətlə,  elektrik uzadıcısı üçün Murad Süleymanova zəng etmədiyini də qeyd edib.

Təqsirləndirilən şəxsin vəkilləri şahidin dediklərinin düzgün olmadığını bildiriblər. Müdafiəçilər cinayət materiallarının içində həmin gün deyilən vaxtda şahidin Murad Süleymanova zəng etməsini təsdiq edən sübutların olduğunu bildiriblər.

İlkin Süleymanovun anası G.Süleymanova da ifadəsində oğlunun cinayət işi ilə bağlı heç bir əlaqəsi olmadığını deyib. O bildirib ki, oğlu Nərmin itkin düşən müddətdə toyda, hüzr məclislərində iştirak edib: “Nərmin itkin düşən gün İlkin Ağdam kəndində yasda olub, Yanvarıln 6-da isə Gəncədə olub.  Saat  15 radələrində evə qayıdıb, nahar edib yatıb. Axşam da oyanıb, darvazanın ağzında siqaret çəkməyə çıxıb. Ondan sonra evə qayıtmayıb. Mənim oğlum hadisəni gördüyü üçün bəlaya düşüb”.

Proses aprelin 20-də  saat 14:00-da davam edəcək.

Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı





OXŞAR XƏBƏRLƏR