Elçin Qəhrəmanov mənə dedi ki, vətənə qurban lazımdır, özünü güllələ, adını əbədiləşdirək. Onda anladım ki... - İLKİN SÜLEYMANOV

Elçin Qəhrəmanov mənə dedi ki, vətənə qurban lazımdır, özünü güllələ, adını əbədiləşdirək. Onda anladım ki... - İLKİN SÜLEYMANOV

Mayın 4-də  Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib. 

Azadmediatv.com xəbər verir ki, təqsirləndirilən İlkin Süleymanov məhkəmədə sərbəst ifadə verib. Belə ki, o, çıxışında özü haqqında  anket məlumatı verərkən, həmçinin yaşadığı evin təsviri, N,Quliyevanın itkin düşməsi haqqında ona məlum olan informasiyaları, həbsədək və həbsdən sonra qətlin boynuna qoyulması üçün məruz qaldığı  təzyiqlərdən də danışıb.

İ.Süleymanov ifadəsində bildirib ki,  işgəncə altında bu cinayəti üzərinə götürməyə məcbur olub, əslində isə Nərmin Quliyevanın oğurlanmasının, öldürülməsinin ona heç bir aidiyyəti yoxdur.

İlkin Süleymanov ifadəsində  bildirib ki, Dondar Quşçu kəndində yaşlı valideynlərilə birlikdə yaşayıb. 2019-cu il oktyabrın 12-də atası insult keçirdiyinə görə kənddə yaşayan bacısı İlhamə Süleymanova o vaxtdan daimi onlara gəlib, atasına qulluq edib. Həmin müddətdə də, bacısı Bakıya  övladlarının yanına getdiyi günlərdə onun kənddəki evində qalıb:

“Bacımın ev təsərrüfatı var, toyuq-cücəni hinə salmaq lazım olur və s. Axşamlar gedirdim, səhər saat 10 radələrində  öz  evimizə qayıdırdım. Nərminim oğurladığı iddia olunan gün – 2019-cu il noyabrın 21-də  də  bacım İlhamənin evində qalmışdım. Bacım Şərif Quliyevin qardaşı Arifgilin qonşusudur. Qızının toy məclisində də iştirak etdi, hətta oradan xeyli gec qayıtdı. Noyabrın 21-də də  axşam bacımgildə qalmışdım. Noyabrın 22-də səhər saat 10 radələrində bacımgildən evimizə qayıdanda  gördüm ki, Arifgilin qapısında polis maşınları var. Yolda da xeyli polislər vardı. Düzü, maraqlanmadım ki, nə məsələdi. Sonradan anam evdə dedi ki, sinif yoldaşın Şərifin ortancıl qızı Nərmin itkin düşüb. Mən o vaxtadək  nə Şərifin ortancıl qızını tanıyırdım, nə də adının Nərmin olduğunu bilirdim. Bircə böyük qızı Şəbnəmi tanıyırdım. 3-4 gün sonra küçədə Şərifi gördüm, uşağı soruşdum, dedi ki, xəbər yoxdur. Soruşdu ki, sən bilərsən, peyklə adamı izləyib, tapmaq olarmı? Dedim, mən bilən, yox, amma mobil telefonla izləmək olur.  Hətta telefon dayansa belə, yeri göstərir. Şərif dedi ki, yox, telefonu olmayıb.  Sonra da  dedi ki, qadınlar fala baxdırıb, deyiblər, qonşu kənddədir. Nərmin itkin düşdüyü  47 gün ərzində guya yaşadığımız evdə Nərmini gizli saxlamışam. Bu yalandır,  həmin  müddətdə dəfələrlə Gəncəyə, Şəmkirə, Tovuzun müxtəlif kəndlərinə toy, yas mərasimlərinə gedib, saatlarla evdə olmamışam.  Bu müddətdə uşaq tək qalıbsa, niyə səsini çıxarmayıb, niyə qaçmağa cəhd göstərməyib?"

İ. Süleymanov sərbəst çıxışında hadisəni gördüyünü təsvir edərkən bildirib ki, o gün yas yerindən gəlib, nahar edib dincələndən sonra adəti üzrə darvazadan çöldə siqaret çəkib:

"Valideynlərim siqaret çəkdiyimi görməsin deyə, adətən, belə vaxtlarda küçəyə çıxırdım. Həmin vaxt da siqaret çəkmək üçün çölə çıxdım, darvaza ilə üzbəüzdə, qonşumuz Nazim Vəliyevin hasarının küçəyə baxan hissəsindəki ərazidə yanğını gördüm. Evimizdən 50 m məsafədən kənarda cəsədin tapıldığı ərazi əmimoğlu Murada məxsusdur. Oranı doldurub, şəxsi məqsdələri üçün istifadə etmək niyyətindəydi. Oraya adətən, kənd sakinləri gizlicə zibil tökərdi.  Arada da o zibillər yandırılanda nəzarətsiz qalanda ağaclara ziyan dəyərdi. Odur ki yaxina gedib qaranlıqda yanğına baxdım ki, nə məsələdir. Köhnə, quru yarpaqlarla yanğın artıb ətrafa yayılmasın. Yaxınlaşıb baxanda  insan ayaqları olduğunu anladım. Hətta ayaqqabısının bir tayı yanmamamışdı. Bir an donub qaldım. Sonra yanan əraziyə ən yaxın hasarın sahibi Nazim dayının qapısını döymədən içəri girib onu çağırdım. Nazim dayı gəldi, o da həyəcanlandı, dedi ki, Murada zəng vur buraya çağır, o daha yaxşı bilər nə etmək lazımdır. Murad  da gəldi, kiməsə zəng elədi, arada "bəli, komandir" deyib, gördükləriylə bağlı məlumat verirdi. Həmin vaxt dedim ki, buranı çəkək, yəqin lazım olar. Murad da telefonla danışa-danışa işarə etdi ki, çəkim. Səsəd yanan ərazidə  üzü dərəyə gedən istiqamətdə böyük ayaq izləri və əl arabasının təkərlərinin keçdiyini təsdiqləyən görüntülər var idi. Hətta əvvəlcə həyəcandan viedo əvəzinə şəkil çəkdim. Az keçməmiş polislər gəldi.  Elə o gecə məni guya şahid qismində Tovuz RPŞ-yə apardılar.

 Həbs olunduğum ilk günlər idi. Təzyiq altında mənə kağıza "Ata, məni bağışla, bir səhvdir etmişəm", sözlərini yazdırdılar. Dedilər ziyalı adamsan, bir cümlə yaz, xəttinə baxaq və bu cümləni yazmağa məcbur etdilər. Sonra da dedilər imza at, ona da baxaq. Baxdılar və cəld də əlimdən alıb götürdülər. Dedilər boş şeydir, cırıb atacağıq.  Sonra kənd mağazasında işləyən Şamili gətirdilər. Şirzad Əsgərov yanımda ona iki sillə vurdu. Şamil də dillənmədi. Ş.Əsgərov ona dedi ki, sənə dedik mağazaya kamera qoy, niyə qoymayıbsan?   Mənə işgəncə verənlər deyirdi ki, boynuna al. onsuzda kameralarda çıxacaq. Cavab verdim ki, əgər varsa, qoy çıxsın.  Sonra biri gəlib boynumun arxasından yapışıb, içəri bədənimə baxdı və yanındakına dedi ki, onun kürəyi tüklü olub. Kİmi nəzərdə tuturdu, demədi. O qədər təzyiq etdilər, sonda dedim ki, nə desəniz, boynuma alacam. Bunun çoxu rəis müavini Şahlar Cəfərovun otağında olub".
Elə həmin gün axşam məni hadisə yerindən Tovuz Rayon Polis Şöbəsinə apardılar. Dörd gün ərzində şöbədə müxtəlif formada psixoloji və fiziki təzyiqlərə məruz qaldım.  Ən pis işgəncələrə isə yanvarın 8-i və 9-dan 10-a keçən gecə məruz qaldım. Məni rəis müavini Şahlar Cəfərovun otağına gətirdilər. Otaq da 5 nəfər var idi. Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat, və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəisi, general Kamal Qılıcov (hazırda Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi-red.), Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov (hazırda təqaüddədir-red.), onun müavini Şahlar Cəfərov (hazırda Yevlax RPŞ-də eyni vəzifəni daşıyır.-red.), Tovuz rayon prokuroru Elçin Qəhrəmanov (bir neçə gün öncə işdən çıxarılıb-red.). Elçin Qəhrəmanov mənə deyir ki, sən hər yanğın görəndə gedib nəzarət edirsən? Deyirəm, xeyr. Deyir, Novruz bayramında tonqaldan tullanmırsan? Dedim, mənim tonqaldan tullanan yaşım keçib. Məni bir otağa apardılar, əlimi stula bağladılar, səhərə qədər elə saxladılar. Hətta yualetə getmək istədiyimi bildirəndə deilər giua qandalın açarı açmır. Orada olduğum müddətin son iki günündə hədsiz  psixoloji təzyiqlərə məruz qaldım. Yanvarın 8-də Baş Prokurorluğun müstəntiqi Nadir Mirzəyev məndən şahid qismində ifadə almışdı. Həmin vaxt fotomu da çəkdilər. Çox maraqlıdır ki, mənim işimin məhkəməyə göndərilməsi haqda xəbəri telekanallarda yayanda həmin gün çəkilmiş fotomu göstərdilər. Halbuki, o gün əynimdə olan köynəyimi protokolla götürmüşdülər. Maraqlıdır, o fotonun çəkilməsi hansı məqsədi daşıyırdı? Kim çəkmişdi o fotonu, hansı məqsədlə çəkilmişdi? Bəs deyirlər, guya məni yanvarın 10-da saxlayıblar? Yanvarın 8-də protokollaşdırılıb götürülmüş köynəklə çəkilən fotonu necə verirlər efirə? General Kamal Qılıcovla aramızda söhbət oldu. o mənmimlə rusca danışmağa başladı.  İşgəncələrin ən pik həddi yanvarın 9-da oldu. Əllərimi ayaqlarımın arxasına pərçim edib, aşağı əyilmiş vəziyyətdə gəzməyə məcbur edirdilər. O vəziyyətdə dayanmaq çox ağır idi. Kamal Qılıcov mənə dedi ki, səndə psixi xəstəlik, yaddaşsızlıq problemi varmı? Dedim, yox. Mənimlə davranışlarından artıq anlayırdım ki, planları  məni dəli kimi qələmə verib, bu cinayəti üstümə qoymaqdır. Xahiş elədim ki, evdəkilərlə əlaqə saxlamağıma imkan versinlər. Rəis dedi ki, evinizdəkiləri qoruyan bizik. Biz olmasaq, evinizdəkiləri bilirsən neyləyərlər? Mən çöldə baş verənlərdən xəbərsiz idim.  
 Tovuzun Prokuroru Elçin mənə dedi ki, vətənə qurban lazımdır. Sən özünü gülləylə vur öldür. Biz də sənin adını əbədiləşdirək. Adına bulaq çəkdirərik. Xərcini də şəxsən özüm çəkərəm. Yanındakl serjant isə ələ salırmış kimi gülüb dedi ki, sənin adına küçə də verərik. Sonra yenidən zirzəmiyə endirib, radiatora bağladılar. Gecə serjant gəlib açdı, hər iki əlimi qandallayıb, dizüstə yerdə irəli-geri sürünməyə məcbur elədi. Mənə nə qədər əziyyət verəndən sonra qaldırdı rəis müavini Şahlar Cəfərovun otağına. Elə qandallı vəziyyətdə uzatdılar yerə. Şahlar Cəfərov dəyənəklə ayaqlarımın altına vururdu. Corablarımı çıxartdılar, ayaqlarımı isladıb, yenidən vurmağa başladəlar. Başıma qazan, ya vedrəydi keçirib, üstündən dəyənəklə vururdular. Dəhşətli idi. Həssas yerlərimə elektroşok verirdilər. Gördüm ki, dözə bilmirəm. Dedim ki, nə olar, endirin, nə istəyirsiz, eləyirəm. Şahlar Cəfərov gəlib dedi ki, başa düşmürsən ki, bizimlə oyun olmur? Gətirdilər, ayağıma corab, ayaqqabı geyindirmək istədilər. Ayaqlarım şişmişdi. Geyinə bilmədim. Tərlik geyindirdilər, müstəntiqin yanına apardılar. Müstəntiq rəisin otağının qarşısında qanıqara vəziyyətdə dayanmışdı…"

Proses mayın 11-də İlkin Süleymanov ifadəsiylə davam edəcək.

Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı

 




OXŞAR XƏBƏRLƏR