İkiəlli yaxamdan yapışdı:

İkiəlli yaxamdan yapışdı: "Ya danış, ya da səni vurub özüm gedib içəridə yatacam" (YENİLƏNİB -3)

Mayın 11-də saat 14:00-da  Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.

 Azadmediatv.com-un xəbərinə görə, prosesdə İlkin Süleymanov sərbəst ifadəsini davam etdirib.

 Məhkəməyə sədrlik edən Dadaş İmanov bu prosesdə də İlkin Süleymanova şəxsi sirləriylə bağlı ittiham edildiyi cinayət işi üzrə sərbəst ifadəsinin qapalı hissəsiylə bağlı aydınlaşdırıcı suallar verib:

- İlkin, şəxsi sirlərinlə bağlı məlumatları açıq deyəcəksən ya yox? Kameranda olan hadisələrlə bağlı... Yəni münasibətini bildirməlisən...
Vəkil Ağababa Rzayev:
- O hissəni sual-cavaba saxlayaq...
D.İmanov:  Yəni o hissəylə bağlı danışacaqsansa, məhkəmə prosesini qismən qapalı keçirim. Ona görə soruşuram...

İ.Süleymanov: Ehtiyac görmürəm... 

D.İmanov: Siz ehtiyac görmürsünüz, amma suallar verəcəklər. Nə kimi təklifləriniz var?
Dövlət ittihamçısı Müşviq Rəhimov: O hissəylə bağlı suallarımı sənədlərin tədqiqindən sonra verəcəm.

D.İmanov: Müdafiə tərəfi siz suallarınızı verəcəksinizmi?

A.Rzayev:  Biz də vəziyyətə baxacağıq... Lazım gəlsə, suallarımızı verəcəyik.
D.İmanov:    İndidən qərar verin. Suallarınızı verəcəksinizsə, prosesi qismən qapalı edək.
A.Rzayev:  İfadəsini versin. Sual mərhələsinə gəldikdə  müzakirə edərik.

D.İmanov: İ.Süleymanov, buyurun, davam edin. Yanvarın 9-da qalmışdınız...

İ.Süleymanov:  Əvvəlki prosesdə demədiyim məqamlar var, oradan başlamaq istıyirəm. Bacım İlhamə  Şərifin qardaşıgillə qonşudur. Qızının toyuna  özü yox, oğlu Xansuvar gedib. 

İ.Süleymanovun səsi eşidilmədiyindən hakim ona irad bildirib:

- İlkin, səsinin tonun qaldır,  bərkdən danış. Biz səni zorla eşidirik... Sənin buradan başqa sözünü deyən yerin yoxdur...

İ.Süleymanov:  Xansuvar toydan qayıtdı gəldi, dedi ki, Şərifin qızının itməsiylə əlaqədar  toyda biraz qanqaraçılıq oldu. Həmin gün İlhamə Bakıya getməyə hazırlaşırdı. Axşamtərəfi gəlib onu çağırdlar, getdi. Təxminən 40 dəqiqə sonra qayıtdı gəldi, dedi ki,  məni Leybə xalagilə aparmlşdılar:  "Məktəbin direktoru Mətanət xanım da gəlmişdi.  Məndən soruşdular ki, siz məşğələ keçirsiniz, onlar kimlərdir? Hansı yolla gəlib-qayıdırlar? Bəlkə həmin vaxt kimsə Nərmini görmüş ola? Mən də uşaqların adlarını verdim". Həmin axşam İlhamə kiçik oğluyla Bakıya getdi. Valideynlərim tək olduğuna gprə, İlhaməgilə getmədim. Öz evimizdə qaldım.  Hər səhər gedib ev-eşiyə nəzarət edir, toyuq-cücəyə dən verib qayıdırdım. Arada bir-iki dəfə anam gedib nəzarət elədi. Təxminən Baklya gedəndən 3-4 gün sonra eşitdik ki, İlhamənin nəvəsi dünyaya gəlib, ona görə də hardasa 10 gün oğlugildə qaldı.  Qayıdıb gələndən sonra yenə də  bir-iki dəfə onlara  getdim, lakin orada qalb-qalmamağım yadımda deyil. Sonra İlhamə dedi ki, sən əziyyət çəkmə,  açarı orda qonşuya verərəm, nəzarət edərlər.  Əvvəllər də belə hallar olmuşdu ki, İlhamə açarını qonşularına versin.
Mən yanvarın 6-sı təxminən 14:30-da Gəncə şəhərindən yola çıxmışam. Həmin gün nə Şərifin özünün  nə də ailə üzvlərinin hərəkət edib-ermədiyinə fikir verməmişəm. 7-si ya 8-i yanvar tarixində polis şöbəsində saxlandığım yerdə yanımda həmişə nəzarətçi olub.  Onun telefonundan aparıcı Xoşqədəm Hidayətqızının səsinii eşitdim: "Dəhşət,  mən deyirdim axı uşaq bu kənddən çıxmayıb". Sonra Şərifin yoldaşı Aynurənin səsini eşitdim. Əvvəl qarğıdı, sonra isə dedi ki, yaxşı bunu aparmışdın, aparmışdın... bəs niyə öldürürdün? 

Yanvarın 9-da mənə işgəncə veriləndən sonra 2 nəfər qoluma girdi, bir mərtəbə aşağı düşürüb, şöbə rəisinin kabinetinin qarşısına gətirdilər. Müstəntiq Nadir Mirzəyev orda dayanmışdı.  Onu ikinci dəfəydi görürdüm.  Heç nə danışmırdı, qanıqara vəziyyətdə baxırdı.  Məni otağa keçirdilər, müstəntiq də gəldi. Həmiin vaxt orada rəis Şirzad Əsgərov, Həsən Hənifəyev, Nadir Mirzəyev, əməliyyatçılar var idi. H.Hənifəyev dedi ki, sizin qapıdan tapılan  üzərində qan olan daşı ekspertizaya verib, tam nəticəsini aldıq, ona görə gec gəldik. Görürsən, İlkin, bu da əlahəzrət fakt, sübut. Buna nə deyə bilərsən? Cavabında heç nə demədim... H.Hənifəyev dedi ki, indi nə sözün varsa, otur, Nadir müəllimlə danış.  Əməliyyatçı isə dedi ki, müstəntiqi görüb, özünü də məzlum göstərmə. Məni endirdilər zirzəmiyə. əllərim qandallı oturmuşdum.  Şirzad Əsgərov gəlib qarşımda dayandı və dedi ki, bir hadisədir dəə.. olub, şeytan içinə girib, etiraf elə, işin yüngülləşsin.

Yenə bir şey başa düşmədim... təzyiq, işgəncə və sonra belə mülayim rəftar. Çaş-baş qalmışdım
Ardınca oraya  müstəntiq Nadir Mirzəyev daxil oldu. Bir müddət danışmadı, sonra soruşdu ki,  danışılası, deyiləsi sözün varmı. Dedim ki, Nadir müəllim, məni buradan uzaqlaşdıra bilərsinizmi?

 Daha sonra Tovuz Rayon Polis Şöbəsi rəisinin müavini Şahlar Cəfərov (hazırda Yevlaxda rəis müavinidir-red:), Tovuz rayon prokuroru Elçin Qəhrəmanov (bir müddət əvvəl işdən çıxarılıb-red:) gəldi. Elçin Qəhrəmanova dedim ki, sizə təklikdə vacib sözüm var. Ona dedim ki, məni incidirlər. Axı nəyi etiraf edim, etiraf ediləsi nəyim var axı? O da dedi ki, sən lap ağ elədin e, buna görə məni çağırmısan?” Sonra məni əli qandallı 3-cü mərtəbəyə rəis müavini Şahlar Cəfərovun qəbuluna apardılar. Kabinetdə müstəntiq bilgisayarı quraşdırırdı.  Orada Şahlar Cəfərov, sonradan istintaq qrupunun rəhbəri olan H.Hənifəyev, 3 nəfər tanımadığım adamlar var idi. İşgəncələrdən sonra belə başa düşdüm ki,  mənə başqa çıxış yolu yoxdur. Cinatyəti "etiraf etməyə" məcburam. Lakin nə danışacağımı bilmirdim.  Ssenari qurmaq istəyirdim  Ancaq sözlər, cümlələr necə qurulacaqdı, bilmirdim.  Lakin onu başa düşürdüm ki, boynuma almaq, təqsirkar kimi ifadə vermək hələ təqsirkar olmaq demək deyil.  Araşdırma aparılarsa, təqsirsiz olduğum ortaya çıxacaq.  Bəlkə bu əsil canini tapılmasına da kömək edə bilər.  Cinayət isə bundan ibarət ola bilər. Yanvarın 6-da evimizin qarşısında yanan meyit görmüşəm.  Meyitə baxanda ölçüsündən,. ayaqqabısının ölçüsündən  görünür ki, bu azyaşlıdır. Əynindəki kolqotqasından hiss olunurdu ki, bu cəsəd qlz uşağıdır.  
Yanvarın 8-də ilk dəfə müstəntiqə ifadə verəndə  Şərifin ailəsi və münasibətlərimiz haqqında ətraflı soruşmuşdu. Cavablarım ifadə də qeyd olunmuşdu.  H.Hənifəyev şifahi dindirmələrində  Şərif haqqında soruşmuşdu ki, onu tanıyırammı, demişdim tanıyıram. Ş.Əsgərov mənim yanımda bir nəfərdən soruşanda ki, o vaxt söhbətdə bu da varıydımı? O da cavab vermişdi ki, yox
2019-cu il dekabrın sonunda   qohumumuz Zakirin yoldaşı bizə gəlmiişdi.  O danışdı ki, bəs  Şərifin arvadı Aynurə deyir ki, rəis tapşırıb ki, işdir, əgər uşağın meyitini gətirib harasa atarlarsa, görərsinizsə, siz toxunmayın.

Hakim D.İmanov: İlkin Süleymanov, hadisə barəsində nə edibsən, etməmisən onu danış.  konkret sənə verilən ittihamlarla bağlı  münasibətini bildir. Harada olmusan, necə və kiminlə olmusan,  sənə təzyiqlər olub, olmayıb. nəyə görə belə ifadə vermisən, təzyiqləri göstərənlər kim olub, onları de...  Biz onlara qiymət verəcəyik.  Hadisədən danışın. Bizə bu dəqiqə lazım olan harada və kimlərlə olmusunuz, verilən ittihamlarla özünüzü təqsirli bilirsinizmi, bilmirsinizsə nəyə görə bilmirsiniz. Buyurun, onları danışın... yanvarın 9-da yanınızda kimlər var idi, onları deyin...

İ.Süleymanov:  Yanvarın 9-da  Ş.Əsgərov, H.Hənifəyev, K.Qılıcov, E.Qəhrəmanov,  və adını bilmədiyim bir neçə nəfərin olduğy otağa gətirildim. Nə danışacağını bilmədiyimdən necə ssenari qura biləcəyimi düşündüm. Yanvarın 6-da yanan meyiti görmüşdüm. Ayaqqabısından görünürdü ki, azyaşlıdır. Müstəntiq məndən yanvarın 9-dan 10-a keçən gecədən etibarən ifadə almağa başlayıb. Mənə ən ağır işgəncələr də yanvarın 9-dan 10-a keçən gecə verilib. Nərminin əmisigilə gedən yol bizim evin qarşısından keçir. Ona görə ssenarini o şəkildə uydurmalıydım. Dedim, əmisigilə gedəndə onu aldadıb evə aparmışam.

Hakim D.İmanov: Bunları dediyin şəkildə qurmağı kim təklif etmiişdi?  Kimsə diqtə eləmişdi belə ifadə verməyi, ya özün düşünmüşdün? Ssenarinin müəllifi yəni özünüydün? Konkret cavab ver. Məzmunu sənə kimsə diqtə edirdi ya yox? Məcburiyyət nəydi?


İ.Süleymanov:   İfadələr suallar əsasında formalaşdı. Əlbəttə, mənə işgəncə verib, ifadə  verməyə məcbur etdilər.

Hakim D.İmanov: İşgəncə nədən ibarət idi?

İ.Süleymanov:  Məni döydülər, təzyiq elədilər...
Hakim D.İmanov:  Təzyiq nədən ibarət idi?

İ.Süleymanov:  Prokuror Elçin Qəhrəmanov dedi ki,  sən istəyirsən ailə üzvlərini də buraya gətirim? Yaşlı atan var.  Bura gəlib çatmamış yolda ölər. DİN-in nümayəndəsi , səhv etmirəmsə, Arzu Daşdəmirovdur. Dedi ki, İlkin bax, boynuna almamasan, sənə işgəncə verəcəyik, səni döyəcəklər, Əllərindən asacaqlar. 30 ildir buradayam, görməmiişəm ki, kimsə buna dayana...

Hakim D.İmanov:  İfadəni verəndən sonra sənə işgəncə verdilər?

İ.Süleymanov:  Xeyir, ifadə verənədək. 9-dan 10-na keçən gecə... İfadə verənədək, döymüşdülər. yerə yıxmışdılar, süründürmüşdülər. Amma bu qədər  dözümsüz işgəncə görməmişdim. 

Hakim D.İmanov:  9-da sənə işgəcə vermədilər?

İ.Süleymanov:  Yox. sərt formada yox...

Hakim D.İmanov:   Davam edin...

İ.Süleymanov:  Ümumi ssenarini belə fikirləşdim. Yəni, Nərmin ilk planda məcburi bizim evdə saxlanılıb, yanvarın 6-da yandırılıb. 

Hakim D.İmanov:   Bəs öldürməyinlə bağlı nə ifadə vermişdin?

Vəkil Zabil Qəhrəmanov: Etiraz edirəm, təqsirləndirilən şəxsin ifadəsini  kəsirrsiniz. Qoyun, ifadəsini sərbəst versin.

Hakim D.İmanov:  Etiraz qəbul edilmir... Buyurun, davam edin...

İ.Süleymanov:  Müstəntiqin sualları əsasında ifadə verdim. Yola çıxmışdım, gördüm Nərmin nənəsigildən gəlir.  dedi nə bildin nənəsigldən gəlir? Dedim onlar tərəfdən gəlirdi. Gəldi bizim evin qarşısından keçdi.  Salamlaşdıq.  Sonra təhsiliylə maraqlandım. Onu evimizə çağırdım.  Müstəntiq dedi ki, nə deyib çağırdın?

Hakim D.İmanov:  İfadələrində ciddi fərq var...

İ.Süleymanov: Dedim ki. düşündüm bəs sonra nə ssenariləşdirim, ağlıma ona kitab vermək gəldi. Çünki mən həmişə uşaqlara kitab məsələsində kömək etmişəm. Müstəntiq soruşdu ki, əynində nə vardı? Narıncı gödəkcə olduğunu dedim. Hadisə yerində ayaqqabısı qalmışdı deyə,  onu da dedim. Sonra dedim ki, əynində qalın şalvar vardı. Mən onu məşğələ otağına apardım. Sonra yadıma düşdü ki, məşğələ otağına çox uşaq gəlir, ona görə də ifadəmi dəyişdim. Başa düşdüm ki, bu, inandırıcı olmayacaq. Ona görə də dedim ki, onu evimizin ikinci mərtəbəsinə çıxartdım, rəfdə kitab axtardıq.

(İ.Süleymanovla müstəntiqin dialoqu:)
Müstəntiq: Sonra neylədiniz?
İ.Süleymanov: İkinci mərtəbəyə çıxdım. Orada  hardasa 30 dəqiqə kitab rəfində kitab axtardım.  
M.: Bəs getmək istəmirdi?
İ.Süleymanov:  Getmək istəyirdi, amma mən  imkan vermədim..
M.:  Yaxşı bəs necə oldu?
İ.Süleymanov: Mən onu məcburi şəkildə bağladım, daha doğrusu, hərəkətini məhdudlaşdırdım.
M.: bunu necə elədin?
İ.Süleymanov:  ikinci mərtəbədə şunurlar, kabellər var. Kəndir götürdüm, onunla bağladım... Əllərinin hər ikisini çarpayıya bağladım.
M.:  Bəs ayaqları?
İ.Süleymanov:  Ayaqlarını da bir-birinə bağladım.
M.:  Bəs çığırmadı?
İ.Süleymanov:  Mümükün deyildi, ağzını da bağlamışdım. 
M.:  Bəs nə yeyib-içirdi?
İ.Süleymanov:   su, çay, şirniyyat..
M.:  Təkcə bunlarla?
İ.Süleymanov: Yox, arada yemək də olurdu...
M.:  Bəs təbii ehtiyaclarını necə ödəyirdi?
İ.Süleymanov:  Boya qabı gətirirdim, sonra aparıb atırdım.
M.:  Bəs nə vaxt öldü?
İ.Süleymanov: Yanvarın 6-da gördüm nəfəs almır. 
M.:  Nədən ölə bilərdi?

İ.Süleymanov: Soyuqdan, ac qalmaqdan... (Baxdım ki, müstənriq ifadəmi dəyişdi)
M.:  Adam birdən-birə ölməz, bir az xəstə düşməlidir, nasazlamalıdır... Təqribən 3-5 gün...
İ.Süleymanov: Yəqin nasazalaylb 
M.:  Nədən ölə bilərdi?. Öldüyündən necə əmin oldun? 
İ.Süleymanov: (Mənə göstərilən qanlı daşı xatırladım) onun başına daşla vurub öldürdüm. Sonra onu yolun kənarına aparıb yandırmaq istədim. Kartof “meşok”una atıb gətirdim. Evdə  hamamda salyarka da var idi. Onu yandırandan sonra qayıtdım evə. 
M.: Məqsədin oğurlamaqda  nəydi? 
 İ.Süleymanov: Ona övladım kimi baxmaq istəyirdim (Ağlıma gələn bu oldu).  
M.: (Bu zaman iki əli ilə yaxamdan yapışdı) Ya danış, ya da səni vurub özüm gedib içəridə yatacam.
 Sonra otağa Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov (hazırda təqaüddədir-red:) daxil oldu. O, üzərimə atılmaq istəyəndə Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat, və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəisi Kamal Qılıcov (hazırda Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi-red:) qoymadı ki, ehtiyac yoxdur. Müstəntiq mənə dövlət tərəfindən Araz Əhmədov adlı vəkil ayırdıqlarını  da dedi. Sonra bildirdi ki, hadisə yerinə gedib ifadəni təsdiqləməliyəm. Mən heç bunu düşünməmişdim. Şahlar Cəfərov dedi ki, 50 nəfər əlisilahlını ora düzərəm, kimsə də yaxın gələ bilməz. Başa düşdüm ki, nə desələr, onu da etməliyəm.
 

(ardı var...)




OXŞAR XƏBƏRLƏR