Bozqurdlar 104 metrlik Azərbaycan Bayrağı ilə yürüyüş ediblər - Sənə can qurban, AZƏRBAYCAN! - 104
Bu gün Azərbaycanda Müstəqillik Günüdür.
Azadmediatv.com-un xəbərinə görə, Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ilində Azərbaycandakı siyasi-ictima təşkilat nümayəndələri, o cümlədən ayrı-ayrı vətəndaşlar M.Ə.Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsini ziyarət ediblər
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 104 il keçir. Müstəqillik Günü ilə bağlı siyasi partiyaların təmsilçiləri, ictimai fəallar Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndindəki abidəsini ziyarət ediblər.
Son illərdən fərqli olaraq, bu dəfə pandemiya qadağalarının aradan qaldırlması səbəbindən abidəni ziyarət edənlərin sayına hər hansı məhdudiyyətlər tətbiq olunmayıb.
AMDP (Bozqurd) Partiyasının üzvləri isə bu bayram günündə fərqli törənlə Şamıxıda Acıdərə ərazisindəki Türk Şəhidliyində 104 metrlik Azərbaycan Bayrağı ilə yürüyüş ediblər. Diqər qrup isə ənənəvi olaraq Novxanıda ziyarətdə olublar. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 104-cü ildönümü münasibətilə Azərbaycan Milliyətçi Demokrat (Bozqurd) Partiyası Şamaxı rayonu “Acıdərə Türk Məzarlığı”nda tədbir keçirib. Tədbirin açılışı 104 metr uzunluğunda Turan, Türkiyə və Azərbaycan rəsmi bayraqlarının şosse yolu ilə törən yerinə gətirilməsi və Azərbaycan, Türkiyə himnlərinin ifası ilə başlanılıb.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 104-cü ildönümü münasibətilə təbrik nitqi söyləyib, 1918-ci ildə Azərbaycanın yadelli işğalçı rus və erməni daşnak cinayətkar quldur dəstələrindən azad edərkən şəhid olan “Qafqaz İslam Ordusu” əsgərlərini yad ediblər. Bu döyüşlərdə “Qafqaz İslam Ordusunun” yüzlərlə əsgər və zabiti şəhidlik zirvəsinə ucalması qeyd olunub. Azərbaycan xalqı, xilaskar Qafqaz İslam Ordusuna minnətdardır. Böyük Azərbaycan sevdalısı Nuru Paşanın bu kəlamlarına nəzər salmaq kifayətdir ki, türk qardaşlarımızın hansı niyyətlə ölkəmizə gəldiklərinin mənasını dərindən dərk edə biləsən:
“Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq”. “Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar” düşüncəsi ilə yaşayan ulu əcdadlarımız bugünkü müstəqil yeni Azərbaycanı və qüdrətli Türkiyə dövlətini bizlərə əmanət edərək əbədiyyətə qovuşublar. Bu, tarixdir və tarixdən heç nəyi silmək olmaz. Tarixinə biganə olan millət öz gələcəyini də sual altında qoyar. Azərbaycan və Türkiyə dar günün, qara günün dostudur, qardaşıdır. Dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olacaq. Bu kəlamların deyildiyi vaxtdan bir əsrdən də çox vaxt ötməsinə baxmayaraq yenə də aktualdır, müasirdir. Tədbirin sonunda vətənpərvərlik mahnılarının müşaiyəti ilə 104 metr uzunluğunda bayraq məzarlığın ətrafında dolanmışdır. Acıdərə Türk şəhidliyinə yürüş edən iştirakçılar arasında ictimaiyyətin nümayəndələri, Qarabağ qaziləri, şəhid valideynləri, televiziya və KİV olmuşdur. Tədbir şəhidlərin ruhuna Quran surəsinın oxunması və tədbir iştirakçılarının “Yaşa Azərbaycan” mahnısının ifası ilə tamamlanıb.
M.Ə. Rəsulzadənin abidəsini ilk Ağ Partiya üzvləri ziyarət ediblər. Partiya sədri Tural Abbaslı çıxışında Cümhuriyyət ənənələrinin sözdə yox, əməldə davamçıları olduqlarını söyləyib.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sözçüsü Rüfət Məmmədov AXC-nin yaranmasının necə çətin dövrə təsadüf etdiyini xatırladıb. "104 il bundan öncə Tiflisidə Cümhuriyyət elan olundu, o Cümhuriyyət ki, hələ onun arxasında xalq belə formalaşmamışdı. Kimlər onu formalaşdırdı? Başda milli liderimiz M.Ə. Rəsulzadə olmaqla sayları bir neçə onluğu təşkil edən kişilər...".
Gün ərzində M.Ə. Rəsulzadənin abidəsini Müsavat Partiyası, Milli Şuranın rəhbər və üzvləri ziyarət ediblər.
M.Ə.Rəsulzadənin abidəsini ziyarət edənlər arasında KXCP, ADP rəsmiləri, həmçinin Milli Şuraya daxil olan siyasi partiya və birliklər də var idi. Abidəyə doğru hərəkət edənlər ənənəvi olaraq, "Rəsulzadə" və "Azadlıq" şüarları səsləndiriblər.
Qeyd edək ki, bu dəfə ziyarətçilərə səsgücləndiricilərdən istifadəyə icazə verilməyib.
Azadmediatv.com xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür.
Müstəqillik Günü artıq iki ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci il).
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq ediləndən sonra ilk dəfədir Azərbaycan Müstəqillik Gününü qeyd edir.
Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.
Azadmediatv.com