CCBE-yə üzv olmaq Azərbaycan vəkilinə nə verir? -İLHAMƏ HƏSƏNOVA

CCBE-yə üzv olmaq Azərbaycan vəkilinə nə verir? -İLHAMƏ HƏSƏNOVA

Azərbaycan Vəkillər Kollegiyası Avropanın ən böyük vəkillər təşkilatı olan Avropa Vəkillər və Hüquq Cəmiyyətləri Şurasında (CCBE) müşahidəçi statusu alıb.  Bu status vəkilliyin inkişafı üçün Avropada  bir milyondan çox hüquqşünasın işlədiyi standartlara uyğun  yeni perspektivlər açır.  Beynəlxalq peşəkar birliyə inteqrasiya hansı imkanları təmin edir? 
Bu haqda Azadmediatv.com-un müsahibi  Azərbaycan Vəkillər Kollegiyası İntizam Komissiyasının sədr müavini, 20 saylı Vəkil Bürosunun və 2 saylı Mediasiya Təşkilatının sədri İlhamə Həsənova geniş açıqlama verib...

- Danılmaz faktdır ki, son 5 ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası  milli səviyyədə özünü müstəqil peşəkar təşkilat kimi təsdiqləsə də, bununla kifayətlənməyərək  beynəlxalq əlaqələri geniş inkişaf etdirməyə başlayıb. Kollegiyanın çox nüfuzlu beynəlxalq tədbirlərdə vəkillik üçün ən aktual məsələlərlə bağll aktiv iştirakı, bu cür tədbirlərə ev sahibliyi etməsi, demək olar ki, əksər dövlətlərin vəkil birlikləri ilə sıx, faydalı əməkdaşlığı, Böyük Britaniya Vəkil Birliyi ilə qarşılıqlı əməkdaşlıq və razılaşma çərçivəsində vəkillərimiz üçün bu ölkənin vəkili olmaq imkanının yaradılması (hətta bizim bir vəkilimiz bu imkandan istifadə edib və bu ölkənin vəkili statusunu qazanıb), vəkillərimizə beynəlxalq səviyyədə peşə bacarıqlarını inkişaf etdirməklə nüfuzlu layuhələr və proqramlarda iştirak etmək imkanının yaradılması-onlarla belə hal sadalamaq olar.

Vəkillər Kollegiyasının ən mühüm vəzifələrindən biri, əlbəttə, müasir şəraitdə  vəkillər üçün onların peşəkar inkişafına kömək edəcək şəraitin  yaradılmasıdır. Lakin qlobal hüquqi birliyə inteqrasiya olmadan, beynəlxalq peşəkar təşkilatların məlumat və alətlərinə çıxış əldə etmədən Vəkillər Kollegiyasının funksiyalarının səmərəli şəkildə yerinə yetirilməsi mümkün deyil. 
Əlbəttə, söhbət  ilk növbədə Azərbaycan Vəkillər Kollegiyasının prioritet fəaliyyət istiqamətinə çevrilən vəkillərin hüquqlarının müdafiəsi üzrə funksiyalarının yerinə yetirilməsindən gedir ki, Avropa Vəkillər və Hüquq Cəmiyyətləri Şurasında (CCBE) üzvülüklə biz vəkillərin hüquqlarının müdafiəsində  daha səmərəli mexanizm yaradılması üçün dövlətin bizim üçün yaratdığl imkanlarla yanaşı,yeni imkanlara malik oluruq.
CCBE Avropada vəkil  peşəsinin vahid səsidir.  1960-cı illərdə bir sıra Avropa ölkələrinin  peşəkar vəkil birliklərinin assosiasiyası kimi əsası qoyulan bu təşkilat bu gün Avropa Şurasının, Avropa İttifaqı institutlarının və Avropa məhkəmələrinin hesablaşdığı nüfuzlu qüvvəyə çevrilib.  

- Əslində, CCBE-ni vəkillərin özünüidarəsinin beynəlxalq orqanı adlandırmaq olarmı?

 - Bir növ, bəli.  Belə ki, CCBE-yə milli səviyyələrdə vəkillik peşəsinin rəsmi təmsilçilərinin nümayəndə heyətləri daxildir.  Müvafiq olaraq, CCBE-nin plenar iclaslarında qəbul edilmiş qərarlar həmin təmsilçilərin ölkəsində olduğu kimi icra edilir.

- Azərbaycan Vəkillər Kollegiyası  tam üzv qəbul edilməyib.  Niyə?  Bəs müşahidəçi statusu nə verir?

 - CCBE-də iştirakın bir neçə formatı var və hər biri üçün meyarlar müəyyən edilir, bunlar arasında dövlətin beynəlxalq statusu da var.  CCBE-nin tamhüquqlu üzvü Avropa İqtisadi Birliyinin üzvü olan dövlətin Vəkillər Kollegiyası ola bilər.Assosiativ üzvlük Avropa İttifaqına üzvlüyə namizəd olan ölkələr üçün nəzərdə tutulub.  Müşahidəçi statusu digər Avropa ölkələri, o cümlədən Azərbaycan  üçün mümkündür.  Hələlik bu, bizim üçün maksimumdur və biz ona çatmışıq.

 CCBE-də qərar qəbul etmək hüququ yalnız tamhüquqlu üzvlərə verilir.  Qalanların hamısı təşkilatda öz ölkələrinin təmsilçiləridir və səsverməyə təsir etmirlər.  Azərbaycan Redpublikası Vəkillər Kollegiyası ən yaxşı Avropa təcrübə və qaydalarını ölkəmizdə tətbiq edir və bundan sonra  bu imkanlarımız daha da genişlənəcək.Onu da qeyd etməliyəm ki,bu gün CCBE vəkillərin peşəkar burliyi kimi Azərbaycan Vəkillər Kollegiyasının  inkişafını ,ölkəmizdə bu sahədəki islahatları dəstəkləyir və ölkə başçımızın həyata keçirdiyi hüquq islahatları işığında vəkilliyin müstəqil bir təsisata  çevridiyini  təsdiqləyir.

- İlhamə xanım, Vəkillər Kollegiyasının CCBE-yə qoşulması, ayrılıqda götürəndə, bir vəkilə nə verir?

 - İlk növbədə - vəkil  kimi hüquqlarının kobud şəkildə pozulduğu halda beynəlxalq ictimaiyyətdən müdafiə almaq imkanı.  Bu, hər bir vəkil üçün  işləyən real mexanizmdir.  Belə ki,CCBE milli səviyyədə reaksiya tələb etmək üçün hər bir pozuntu faktını yoxlayır.  Bir təşkilat olaraq Vəkillər Kollegiyası  Azərbaycanda vəkillik peşəsinin tənzimlənməsinin bütün məsələləri üzrə CCBE-dən sistemli dəstək alacaq, bu məsələlərin digər ölkələrdə və bütövlükdə Avropada necə həll olunduğunu təhlil edəcək.
Vəkillərimiz peşə bilik və bacarıqlarının inkişafı, Avropa  ölkələrinin vəkillərinin peşə birliklərinə üzvülük üçün real imkanlar əldə edəcəklər. Beynəlxalq təşkilatlar gələcəyə, xüsusən də gənclərin təhsilinə böyük diqqət yetirirlər.  

 Azərbaycan Vəkillər Kollegiyası  gənclərlə, həm gənc hüquqşünaslarla, həm də tələbələrlə işləməyin zəruriliyini daim diqqətə çəkir.Təəssüf ki, bir çox universitetlərdə tədris planından vəkilliyin nə olduğunu öyrənmək praktiki olaraq mümkün deyil - mövzu köhnəlmiş proqrama uyğun olaraq oxunur.İndi Vəkillər   Kollegiyası bu istiqamətdə müxtəlif tədbirlər keçirərək və gənclərin  bir çox layihələrinə sponsorluq edərək tələbə auditoriyasına da çatmağa çalışır.Kollegiya həm  də vəkil bürolarında tələbə təcrübəsinin təşkilinə köməklik göstərir. Vəkillərimiz təlimçi qismində tələbə gənclərlə işləyir,onlara dəstək olurlar.

 CCBE-yə üzvülüyümüz bizə gələcək hüquqşünaslar və gənc hüquqşünaslarla işləməyə yönəlmiş bütün təşəbbüsləri beynəlxalq layihələrdə birləşdirməyə imkan yaradacaq.

- Bəs CCBE -yə üzvülük gənc vəkillərə nə vəd edir?

 - Üzvülük ilk öncə təbii ki, həmin təşkilatların alətlərinə çıxışdır.

 Məsələn, bu gün CCBE qaçqınların problemindən narahatdır.  Yunanıstanda, Lesbos adasında müxtəlif ölkələrdən olan vəkillərin könüllü olaraq miqrantlara hüquqi yardım göstərə biləcəyi mərkəz təşkil edilib.  Bilik üfüqlərini genişləndirmək, yeni dostlar qazanmaq və yeni bir şey sınamaq istəyən azərbaycanlı vəkillər də bu təşəbbüsə qoşula bilərlər.  İndi biz Azərbaycan Vəkillər Kollegiyası CCBE-nin üzvü olduğuna görə bu cür layihələr haqqında məlumat alacaq  və azərbaycanlı vəkillərin   bu layihələrdə iştirakına kömək edəcək.

 Bundan əlavə, azərbaycanlı vəkillərin Avropa ölkələrinin vəkillər kollegiyaları tərəfindən keçirilən təcrübə və/yaxud təlim proqramlarında iştirakı üçün müxtəlif ölkələrin vəkillər kollegiyaları ilə ikitərəfli əlaqələri inkişaf etdirmək imkanı daha artacaq.Bununla da mümkün qədər çox azərbaycanlı hüquqşünas peşədə uğur əldə etmək üçün zəruri olan müasir bilik və bacarıqlara çıxış əldə edə biləcək.
- Bu üzvülük Azərbaycan Vəkillər Kollegiyasının digər Avropa ölkələrinin vəkil birlikləri ilə təcrübə mübadiləsi üçün faydalı olacaqmı?

- Qeyd etməliyəm ki,Azərbaycan Vəkillər Kollegiyasının son illər ərzində əldə etdiyi inkişaf və təşkilatçılıq təcrübəsi xarici hüquqşünasların maraq obyektinə çevrilib. Məhz, Azərbaycan Vəkillər Kollegiyasının müstəqilliyi və özünüidarəsinin təmin edilməsi üçün mövcud normaların Avropa standartlarının uyğunlaşdırılması sayəsində Azərbaycan vəkilliyi Avropanın peşəkar birliyinə inteqrasiya edə bildi. Bu günə qədər Azərbaycan Vəkillər Kollegiyası Türkiyə,Almaniya,Çin, Polşa, Böyük Britaniya, Türkyə, Gürcüstan, Özbəkistan, Qırığızıstan, Tacikstan və Fransa,Böyük Britaniya  və onlarla digər ölkələrin peşəkar vəkil birlikləri ilə səmərəli əməkdaşlıq edir. Əlbəttə, CCBE-yə üzvülük daha çox ölkənin peşəkar vəkil birlikləri ilə əməkdaşlıq və birgə layihələrdə təcrübə mübadiləsi üçün daha geniş imkanlar yaradır.

Azadmediatv.com


 





OXŞAR XƏBƏRLƏR