İlkin Süleymanovun kamera yoldaşı:

İlkin Süleymanovun kamera yoldaşı: "Müstəntiq dedi yaz ki, İlkin cinayəti etiraf edib…” - (YENİLƏNİB)

İyunun  2-də saat 16:00-da  Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.

 Azadmediatv.com-un xəbərinə görə, öncə prosesdə təcridxanada İlkin Süleymanovla eyni kamerada saxlanılan Raqif Mirzəyevin dindirilməsi davam etdirilib. Şahid ifadəsində onunla eyni kamerada saxlanılan və sonradan İlkin Süleymanovun əleyhinə ifadə verən şəxslərin məhkəmədə dediklərinin yalan olduğunu bildirib.

Нет описания.

Dövlət ittiamçısı, məhkəmə heyəti və müdafiə tərəfinin aydınlaşdırıcı suallarını  cavablandırarkən R.Mirzəyev ifadəsində bildirib ki, onunla eyni kamerada saxlanılan və sonradan İlkin Süleymanovun əleyhinə ifadə verən şəxslərin dediklərinin hamısı yalandır. R.Mirzəyev sərbəst ifadəsində bildirib ki, nəinki özü, digər kamera yoldaşları da İlkin Süleymanovun heç vaxt cinayət törətdiyini etiraf etməsinin şahidi olmayıblar: "İlkinlə bir kamerada olduğumuz müddətdə nə gecələr onun sayıqlamasını, nə də başqa vaxtlarda belə etiraf etməsini eşitməməmişik. İlkin mədəni adamdır, onunla qaldığım 5 ay müddətində nə söyüş söyməsini, nə də kobud rəftarını görmədik. Həmişə valideynlərindən narahat idi. İlkin heç vaxt Nərmini öldürdüyünü deməyib. Hamı da onun günahsız olduğunu bilirdi. Məni Baş Prokurorluğun Ağır cinayətlər üzrə istintaq idarəsinə ifadə verməyə çağırdılar. Getdim olanları yazdım. İfadəni alan istintaqçı dedi ki, sən düz yazmamısan. İlkin kamerada N.Quliyevanı öldürdüyünü etiraf edib, mənə təzyiq göstərirdi ki, İlkin boynuna alır, amma siz gizlədirsiniz. Təkid edirdi ki, onun dediyini yazım. Lakin mən həqiqəti yazdım ".

Нет описания.
Dövlət ittihamçısı Müşviq Rəhimovun suallarını cavablandırarkən şahid bildirib ki, İlkin Süleymanovun saxlandığı kameraya yanvarın 16-sı ya da 17-də yerləşdirilib. Bunadək isə 1 həftə Beynəlxalq Bankın keçmiş sahibi Cahangir Hacıyevlə eyni kamerada saxlanılıb:
"İlkin kamerasına gələndə orada Mehman və Baxşəli də var idi. O, işgəncə görmüşdü deyə, sərbəst hərəkət edə bilmirdi. Ayaqlarının altı gömgöy idi. Baldır nahiyəsində sümüklərinin üstü qapqara idi. Çarpayıya qalxanda bizim köməyimizlə çıxıb-düşürdü.  Hədsiz qorxurdu ki, ona yenidən işgəncə verə bilərlər. Utancaq olduğundan yanımızda soyunub-geyinməzdi, ona görə də bədəninin digər hissələrində işgəncə izi olub-olmadığını bilmirəm. Rəvan İsmayılova gəlincə, əvvəllər kamerada ona münasibət normal idi. Elə o özü də hamımıza deyirdi ki, İlkin bədbəxt adamdır, bu cinayət onluq deyil. Uşaq Gürcüstan mafiyasının əlindədir, onu oraya aparıblar. Hətta Eyvaz əmi ilk dəfə kameramıza gələndə söz-söhbət oldu, Həmin vaxt Rəvan 4 yaşlı oğlu Uğurun canına and içdi ki, İlkin günahsızdır. Az sonra isə başladı İlkini qısnamağa. İlkinə deyirdi ki, denən evdən sənə 100 AZN göndərsinlər. Onda Rəvana dedik ki, niyə görə İlkini sıxma-boğmaya salmısan. Hər həftə birimizin evindən ərzaq gəlir.  İlkin vəkilləriylə ilk dəfə görüşüb kameraya qayıdanda Rəvan təkid edirdi ki, müdafiəçiləriylə nə haqda danışdıqlarını ona adesin. İlkin isə ona cavab verdi ki, orda olan qoy orda qalsın.  Bu Rəvanın xoşuna gəlmədi, İlkinin üstünə düşdü, amma xeyri olmdı. Sonra Rəvanın həmin təcridxanada işləyən  Rauf adlı qohumu tez-tez onun yanına gəlirdi. Fevralın sonlarıydı, məni  çölə çıxartdı, ehtiyaclarımızla maraqlandı. Sonra dedi ki, İlkini bir danışdırın, şirin dilə tutun, etiraf etsin, məlumat toplayın".

Prosesdə Nərmin Quliyevanı 2019-cu il noyabrın 21-də sonuncu dəfə görən iki məktəblinin hazırlıq müəllimi Laləzar Məmmədova da ifadə verib. Bundan əvvəlki iclasların birində ifadə verən məktəblilər noyabrın 21-də Nərmin Quliyeva itkin düşdüyü gün hazırlıqdan qayıdan vaxt, təxminən 16:30-da Nərmini nənəsigilin evinin yanında gördüklərini deyiblər.

 Bugünkü prosesdə ifadə verən kənd müəllimi Laləzar Məmmədova şagirdlərin hazırlıq saatının vaxtı ilə bağlı  verdiyi ifadəni təsdiqləyib. Müəllim bildirib ki, hazırlıq məşğələlərinin ilk saatı həftənin 6 günü həmişə saat 14:30-dan 16:00 arasında həyata keçib: "Saat 4-də məşğələ bitir, daha sonra 5 dəqiqə də yeni məşğələylə bağlı şağirdlərə istiqamət verirəm, sonra çıxıb evlərinə gedirlər.

Proses iyunun 3-də  4əlavə şahidin dindirilməsiylə davam etdiriləcək.

 

Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə

 





OXŞAR XƏBƏRLƏR