ŞAHİD: "İlkin evdə oğurluq uşaq saxlasaydı, yas yerinə gedərdimi?" - (YENİLƏNİB)
İyunun-3də saat 15:00-da Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı amansızcasına qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.
Azadmediatv.com-un xəbərinə görə, prosesdə müdafiə tərəfinin 2022-ci il aprelin 20-də əlavə şahidlərlə bağlı məhkəmənin təmin etdiyi vəsatətdə adları çəkilən şəxslərdən 3 nəfəri sərbəst ifadə verib.
İlkin Süleymanovun vəkillərinin təmin olunana vəsatətinə əsasən ilə dindirilməsi təmin olunan 3 şahid məhkəmənin, dövlət ittihamçısı və müdafiə tərəfinin aidiyyatı üzrə suallarını cavablandırıb.
Şahid qismində ifadə verən təqsirləndirilənin əmisi oğlu Rüstəm Süleymanov sərbəst ifadəsində bildirib ki, azyaşlı N.Quliyevanın itkin düşdüyü ərəfələrdə və ondan sonrakı dövrdə İlkinlə birlikdə dəfələrlə xeyir-şər məclislərində birlikdə iştirak ediblər: "Xatırladığım qədər dekabr ayında bir neçə toy məclisində birlikdə iştirak etmişik. Kəndçimiz Kamranın qızının və Bəstinin oğlunun xeyir işində Hətta qardaşı Bəhruz da oradaydı. olmuşuq. İlkin Kamranın oğlunun yotunda hətta İlkin nəmər siyahısını yazdığına görə gecədən keçənədək orada qaldı. Hətta bu haqda video görüntülər var. Hələ Nərmin Quliyevanın meyiti tapılmamışdan 2 gün əvvəl İlkin Süleymanov və atası İbrahim Süleymanovla birgə yas mərasimində də olublar. İlkin evdə oğurluq uşaq saxlasaydı, yas yerinə gedərdimi? Yas yerinə evdən bir nəfərin getməsi hər halda kifayət edərdi. Bundan başqa, yanmış meyit tapılan gün də İlkin Süleymanov Gəncədə yas yerində olub”.
İkinci şahid İ.Süleymanovun bacısı oğlu Xansuvar Eminov məhkəmənin, dövlət ittihamçısının və müdafiə tərəfinin suallarınl cavablandırıb. O bildirib ki, Bakıda işlə əlaqədar yaşasa da, həmin vaxt sinif yoldaşı Günay Quliyevanın toy məclisində iştirak etmək üçün kəndə gəlib. Toyda anası İlhamə xanımla birgə iştirak edib. Sonra Bəsti müəllimənin oğlunun toyunda iştirak edib. N.Quliyevanın saxlandığı iddia edilən evə nənəsinin xahişi ilə ikinci mərtəbə qalxıb və gödəkcəni götürüb ona verib:
"Ümumiyyətlə, babamgilin evinin qapılarının heç birində qıfıl yoxdur. Yuxarıda ailənin xeyir-şər paltarları saxlanılır. Harasa gedəndə oradan götürüb geyinirlər, sonra qaytarıb yenə oraya qoyurlar. Yanvarın 4-də mən evdən çıxırdım, həmin vaxt nənəm Bəhruz və İlkin dayımla birlikdə yasa gedəcəkdi, dedi ki, qalx yuxarıdan mənim gödəkçəmi ver, sonra get. Mən də nənəm yaşlı qadındır deyə, çıxıb-düşmək çətin olduğu üçün onun xahişini yerinə yetirdim".
Qeyd edək ki, X.Eminov istintaqa verdiyi ifadəsndə bildirib ki, 2020-ci il yanvarın 3-dən babası Süleymanov İbrahim Salman oğlunun evində qalmış, yanvarın 4-də isə nənəsi Süleymanova Gülnaz Şəmsəd qızının gödəkçəsini götürmək üçün Nərmin Quliyevanın saxlanıldığı iddia edilən mənzilə daxil olmuş, lakin orada heç kimi görməyibdir.
Daha sonra şahid qismində prosesdə iştirakı tələb edilən Novruzov Hümbət Qəşəm oğlunun vəfat etməsi səbəbindən Abdullayev Aydın İbrahim oğlu dəvət edilib. A.Abdullayev ifadəsində bildirib ki, mərhum onun dayısıdır:
"Hümbət Novruzov dayımdır. Rəhmərlik demişdi ki, yanvarın 6-da mənim "Kamaz"ımla Qurbangilə su aparıb, çənlərinə vurub. Çünki Qurban mənə zəng etmişdi ki, dayına denən, bizə su gətirsin. Axşam saat 7-yə qalmış orada olub, suyu çənə vurub. Həmin vaxt Altayı orada görüb-görmədiyini soruşmamışam".
Qeyd edək ki, müdafiə tərəfinin vəsatətində qeyd edilib ki, Novruzov Hümbət Qəşəm oğlu 06 yanvar 2019-cu ildə, saat 18:55 dəqiqədə Abdullayev Aydın İbrahim oğluna məxsus olan “Kamaz” markalı avtomaşınla həmin kəndin digər sakini Qasımov Qurban Yaqub oğlunun həyətinə su gətirib və təqribən 10-15 dəqiqə ərzində Qasımov Qurban Yaqub oğlunun çəninə su vurub. Həmin vaxt kəndin digər sakini, Ələkbərov Altay Famil oğlu özünə məxsus olan "Jiquli" markalı maşınla onların yanından ötərək, kəndə tərəf hərəkət edib, 10-15 dəqiqədən sonra isə geri qayıdıb. İş üzrə şahid qismində dindirilən Dondar Quşçu kəndinin digər sakini Vəliyev Fazil Zakir oğlunun (cild 18, səh: 226-229) bu barədə verdiyi məlumatlar da həmin şəxslərin verdiyi məlumatlarla üst-üstə düşür. Lakin hazırki cinayət işi üzrə ibtidai istintaqda və məhkəmədə dindirilmiş Ələkbərov Altay Famil oğlunun ifadələrində qeyd olunan məlumatlar isə yuxarıda adları qeyd olunan həmin şəxslərin verdiyi məlumatlara uyğun gəlmir. Halbuki, istintaq orqanı mərhum Nərmin Quliyevanın cəsədinin İlkin Süleymanovun yaşadığı evin qarşısına atılmasının vaxtını və yandırılması müddətini müəyyən edərkən, məhz, Ələkbərov Altay Famil oğlunun verdiyi məlumatlara və həmin məlumatlar əsasında apardığı istintaq eksperimentinə əsaslanıb. Buna baxmayaraq istintaq orqanı həmin ziddiyyətlərə aydınlıq gətirməyib, həmçinin həmin şəxslərin adlarını məhkəməyə çağırılmalı olan şahidlərin siyahısına daxil etməyib.
Proses iyunun 7-də davam etdiriləcək.
xxxxxxx
İyunun-3də saat 15:00-da Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı amansızcasına qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdiriləcək.
Azadmediatv.com-un xəbərinə görə, prosesdə müdafiə tərəfinin 2022-ci il aprelin 20-də əlavə şahidlərlə bağlı məhkəmənin təmin etdiyi vəsatətdə adları çəkilən şəxslər sərbəst ifadə verəcək.
Belə ki, məhkəmə prosesində hər kəsə qaranlıq qalan məqamlara aydınlıq gətiriləcək.
Əldə etdiyimiz məlumata görə, prosesdə müdafiə tərəfinin 4 şahidinə sərbəst ifadə verməsi üçün şərait yaradılacaq.
Prosesdən sonra İ.Süleymanovun yaxınlarının və müdafiəçilərinin keçirdiyi brifinqi Azad Media TV kanalı youtube üzərindən canlı yayımla izləyicilərinə təqdim edəcək. Məhkəmə prosesindən reportaj isə saytımızda ən qısa zamanda yerləşdiriləcək.
BİZİ İZLƏYİN...
Zəruri qeyd:
İlkin Süleymanovun hüquqlarını müdafiə edən vəkillər Əlibaba Rzayev, Zabil Qəhrəmanov və Murtuzəli Abbasov əlavə şahidlərin çağırılmasına dair vəsatətdə bildirib ki, hüquqlarını müdafiə etdiyimiz Süleymanov İlkin İbrahim oğlu Tovuz rayon Dondar Quşçu kənd sakini Quliyeva Nərmin Şərif qızının öldürülməsində təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.4-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda həmin işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı çox sayda şahidlər dindriilmiş və digər müxtəlif istintaq hərəkətləri aparılmışdır. Lakin prokurorluq tərəfindən təqdim olunmuş, məhkəməyə çağırılmalı olan şəxslərin siyahısında ibtidai araşdırma zamanı dindirilən şahidlərin yalnız 33 (otuz üç) nəfərinin adı qeyd olunmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olan və ibtidai araşdırma zamanı ifadəsi alınmış çox sayda şahidlərin adları isə həmin siyahıya daxil edilməmişdir.
Belə ki, təmin olunmuş vəsatət əsasında bu günədək Bakı İstintaq Təcridxanasında İlkin Süleymanovla bir otaqda saxlanılan təqsirləndirilən şəxslərdən, İsmayılov Rəvan Mətləb oğlu, Qəhrəmanov Baxşəli Abdulla oğlu, Həsənov Mehman Telman oğlu, Mirzəyev Raqif Rakif oğlu və Əliyev Eyvaz Tacir oğlu iş üzrə əlavə şahid qismində dindiriliblər. Həmin şəxslərdən İsmayılov Rəvan Mətləb oğlu (cild-16, səh: 173-175) və Qəhrəmanov Baxşəli Abdulla oğlu (cild-19, səh:147-154) İlkin Süleymanovun əleyhinə ifadə vermiş, digər şahidlər isə,
yəni Həsənov Mehman Telman oğlu (cild -18, səh: 248-251) və Mirzəyev Raqif Rakif oğlu (cild 19, səh: 78-81) isə İsmayılov Rəvan Mətləb oğlunun və Qəhrəmanov Baxşəli Abdulla oğlunun ifadələrini yalan olduğunu deyərək, məhkəmədə təkzib ediblər.
Həmçinin təmin edilmiş vəsatətdə adıçəkilənlərdən Dondar quşçu kəndinin sakini, müəllimə Məmmədova Laləzar İlham qızı hazırki iş üzrə şahid qismində dindirilərkən məktəblilər – Şəmsiyyə Abdıyevaya və Sevinc Abdullayevaya məşğələ keçən müəllimədir. Həmin məktəblilərin məhkəməyə verdiyi ifadələrdən aydın olur ki, onlar 21 noyabr 2019-cu ildə, saat 16:00-da məşğələdən çıxmış və evlərinə gedərkən yolda Nərmin Quliyeva ilə qarşılaşmışlar. Nərmin Quliyevanın əmisi Lətif Quliyevanın evinə gəldiyi vaxtın dəqiq müəyyən edilməsi üçün əhəmiyyət kəsb etdiyinə görə Məmmədova Laləzar İlham qızı da məhkəmədə şahid qismində dindirilib. Laləzar Məmmədova şagirdlərin hazırlıq saatının vaxtı ilə bağlı verdiyi ifadəni təsdiqləyib. Müəllim bildirib ki, hazırlıq məşğələlərinin ilk saatını həftənin 6 günü həmişə saat 14:30-dan 16:00 arasında həyata keçirib: "Saat 4-də məşğələ bitir, daha sonra 5 dəq də yeni məşğələylə bağlı şağirdlərə istiqamət verirəm, sonra çıxıb evlərinə gedirlər".
Qeyd edək ki, 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanov isə özünü təqsirli bilmir.
Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı