Prezident İlkin Süleymanovu həbsə atan hakimi işdən çıxartdı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bir neçə ilkin instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Azadmediatv.com xəbər verir ki, sərəncama əsasən aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:
Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri
Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi
Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, onlardan Tovuz rayon məhkəməsinin hakimi Mustafayev Nofəl Qara oğlu 2019-cu il noyabrın 21-də Tovuzun Dondar Quşçu kəndində nənəsi və əmisinin evindən naməlum şəkildə itkin düşən 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovu 2020-ci ilin yanvarında dinləmədən haqqında həbs qətimkan tədbiri seçən hakimdir.
İşdən çıxarılan Bağırov Məhəmməd Abduləli oğlu 1961-ci ildə anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1991-1992-ci illərdə Ağcabədi rayonu M.P.Vaqif adına kolxozda hüquqşünas, 1992-2008-ci illərdə Ağcabədi rayonu Mİ qrupunda böyük məhkəmə icraçısı, 2008-2011- illərdə isə Laçın Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışıb.
Məhəmməd Bağırov daha sonra 2011-2013-cü illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2013-2017-ci illərdə isə Füzuli Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışıb. 2017-ci ildən indiyə kimi Füzuli Rayon Məhkəməsinin sədri idi.
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əmirxanova Kəmalə Fərman qızı da vəzifədən azad edilib. 1965-ci il təvəllüdlü K.Əmirxanova 1987-ci ildə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1987-1989-cu illərdə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert, baş ekspert, 1993-1994-cü illərdə Baş Prokurorluqda Məhkəmə aktlarının qanuniliyinə nəzarət idarəsinin cinayət işləri üzrə şöbəsinin prokuroru, 1994-2000-ci illərdə Baş Prokurorluqda Cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin prokuroru vəzifələrində çalışıb.
O, 2000-2008-ci illərdə Baş Prokurorluqda Hüquqi təminat şöbəsinin prokuroru, 2008-2013-cü illərdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi, 2013-cü ildən indiyə qədər isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifələrini daşıyıb.
Tovuz Rayon Məhkəməsinin hakimi də vəzifəsindən azad olunanlar sırasındadır. Mustafayev Nofəl Qara oğlu 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1998-ci ildə Goranboy Rayon Polis Şöbəsində İstintaq Bölməsində müstəntiq, 1998-2001-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində müstəntiq, 2001-2004-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində təhqiqatçı vəzifələrində çalışıb.
Nofəl Mustafayev 2004-2005-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində təhqiqatçı, 2005-2010-cu illərdə Gəncə Şəhər Polis İdarəsinin Təhqiqat şöbəsində baş təhqiqatçı, Təşkilati inspektor bölməsinin rəisi, 2010-cu ildən indiyə qədər Tovuz Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışıb.
Azadmediatv.com