Mətbuat Günü münasibətilə Şuşada Beynəlxalq Media Forumu keçirilib
İiyulun 22-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib.
Azadmediatv.com xəbər verir ki, forum iştirakçılarının Mədəniyyət paytaxtımız Şuşaya səfəri təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanı enişlə başlayıb.
Şuşanın mərkəzində həyata keçirəln yüksək səviyyəli forum öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, həmçinin Azərbaycan Respublikasının III Prezidenti Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beynəlxalq Media Forumda 20-dən çox ölkənin media nümayəndələri, ekspertləri və rəsmi şəxsləri iştirak ediblər.
Tədbirdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ön söz deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə müraciətini oxuyub:
"Hörmətli media nümayəndələri!
Əziz jurnalistlər!
Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.
Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.
XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.
Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.
Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.
Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.
Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.
Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2022-ci il."
Ardınca Azərbaycan mətbuatının 147 illiyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumunda çıxış edib.
İcraçı direktor deyib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək və tərəqqi yoluna çıxarmaq məqsədini qarşıya qoymuşdu. Mediamız yarandığı gündən ciddi senzura altında fəaliyyət göstərməyə məcbur olsa da, Azərbaycanın müstəqillik tarixinin əsasını qoymuş ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi ictimai fikir tariximizdə yeni mərhələ kimi dəyərləndirilir. Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində müstəqil Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb və bunun parlaq nümunəsi 1998-ci ildə senzuranın ləğv edilməsi olub:
“Bu gün 147 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub. Tarixinin bütün mərhələlərində Azərbaycan mediası öz mütərəqqi ənənələrini formalaşdırıb, cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
Bu gün Azərbaycanın media ictimaiyyəti növbəti tarixi hadisəyə şahidlik edir. “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumunun Azərbaycanın mədəniyyət paytaxtı, ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada keçirilməsindən ikiqat qürur və fəxarət hissi duyuruq”, - deyə Əhməd İsmayılov qeyd edib.
Tədbirdə çıxış edən TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib ki, dünyada yaranan yeni reallıqlar ilk olaraq kütləvi informasiya vasitələrinə təsir edib. Hazırda rəqəmsal informasiya vasitələrindən əldə olunan gəlirlər ənənəvi medianı üstələyir. Müasir dövrdə insanların 60 faizi xəbərləri sırf internet vasitəsilə oxuyurlar.
O qeyd edib ki, sosial şəbəkələrdə anonimlik və bəzi məsuliyyətsiz davranışlar bəzən ciddi fəsadlara səbəb olur. Hazırda media sahəsində çoxsaylı feyk xəbərlərlə üzləşilir. Azərbaycan da dezinformasiya hücumlarına məruz qalan ölkə kimi bununla mübarizə aparır. Bu müharibədə ən böyük silah isə dəqiq, yoxlanılmış məlumatlardır.
“Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Muhəmməd Talal Əbdülkərim Şuşada beynəlxalq media forumunda iştirak etməkdən qürur duyduqlarını bildiriblər.
O deyib ki, medianın hamı tərəfindən güvənilən struktur olması üçün çalışmaq vacibdir. Kütləvi informasiya vasitələrinin üzərilərinə düşən vəzifə isə etibarlı məlumatları çatdırmaqdır. “Azərbaycanda Medianın İnkişafı Agentliyinin yarandığını görəndə çox sevindim. Bu, daha faydalı, obyektiv və operativ iş görmək üçün imkan yaradır”, - deyə menecer əlavə edib.
Bolqarıstanın “BTA” İnformasiya Agentliyinin informasiya siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva Droumeva diqqətə çatdırıb ki, müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadə xəbərlərin daha böyük auditoriyaya yayılması üçün ən vacib şərtlərdən biridir:
“Gənclər sosial şəbəkələrdən geniş şəkildə istifadə edirlər və onlar xəbər əldə etmək üçün sosial şəbəkələrə üz tuturlar. Biz sosial şəbəkələrə xüsusi önəm verməliyik. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) feysbuk sosial şəbəkəsində 240 minə yaxın izləyicisi var. Lakin bizdə rəqəmlər bu qədər deyil. Hazırda bu istiqamətdə bir çox layihələr hazırlayırıq. Həmçinin çalışırıq ki, ölkənin hər yerindən xəbərləri canlı şəkildə çatdıraq”, - deyə baş direktorun müavini vurğulayıb.
Real Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev çıxışında qeyd edib ki, bu Foruma gələn iştirakçılardan əsas istəyi onların diqqətini Qarabağa, işğaldan azad edilmiş ərazilərə yönəltməkdir. Mir Şahn bildirib ki, Qarabağ həqiqətlərinin dünya mediasına çatdırılmasına şərait yaratmaq istiqamətində səylərin göstərilməsi vacibdir.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu müasir medianın yeni yaşam tərzinin ən vacib və ayrılmaz hissəsinə çevrildiyinivurğulayıb. VurOnun sözlərinə görə, ənənəvi mediada əsas vacib element sosial məsuliyyət hissinin olmasıdır. İstər beynəlxalq, istərsə də yerli təşkilatların qəbul etdiyi etik qaydalarda sosial məsuliyyət hissi qabardılır. Müasir jurnalistikada dəqiqlik və operativlik yeni medianın ayrılmaz elementlərdir. Yeni mediada isə operativlik prioritet təşkil edir.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə Şuşanın işğaldan azad olunması barədə danışıb. O, Şuşa ilə bağlı məqalələr, cəbhə bölgəsindən reportajlar, sonda isə Zəfər xəbərləri hazırladıqlarını bildirib. O qeyd edib ki, bu gün Azərbaycan bu bölgəni beynəlxalq əməkdaşlığın mərkəzinə çevirib. Azərbaycan mediası artıq məğlubiyyəti yox, Zəfəri yazır.
“Azad Şuşa” saytının baş redaktoru Kərim Kərimli qeyd edib ki, Şuşa bu günədək haqqında ən çox yazı yazılan şəhərlərdəndir. Şuşa qədər adına şeir qoşulmuş ikinci şəhər yoxdur.
Baş redaktor ilk “Şuşa” qəzetinin fəaliyyətindən danışıb. Bu il qəzetin 90 yaşının tamam olduğunu qeyd edib. Deyib ki, bu qəzet tarixboyu müxtəlif adlarla fəaliyyət göstərib. Erməni vandalları isə “Şuşa” qəzetinin binasını tamamilə dağıdıblar.
Media Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayan İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru Matz Muhi Əbdülhəmid Obada müqəddəs Şuşa torpağında belə bir tədbirdə çıxış etməkdən məmnun olduğunu bildirib.
Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan bu qurumun fəaliyyətindən bəhs edib. O bildirib ki, Türk Dövlətləri Təşkilatının 44 günlük müharibədən sonra türk dövlətləri arasında ortaq platforma kimi çıxış etməsi müasir geosiyasi reallıqlar kontekstində onun əhəmiyyətini daha da artırır. Feyk xəbərlərin yayılmasının qarşısının alınmasının vacib olduğunu vurğulayan layihə direktoru deyib: “Dezinformasiya ilə mübarizədə mediaya daha çox dəstək vermək lazımdır. Bunun üçün də media qurumlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinə diqqətin artırılması indi daha vacib rol oynayır”.
Beynəlxalq Media Forumu öz işini başa çatdırdıqdan sonra Şuşada keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın görməli yerləri ilə tanış olublar.
Qonaqlar əvvəlcə Azərbaycanın tanınmış mədəniyyət incilərinin, tarixi şəxsiyyətlər - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Onlara məlumat verilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Lakin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.
Sonra qonaqlar Şuşa qala divarlarını ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Daha sonda Forum iştirakçıları Cıdır düzündə olublar. Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, Vətən Müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır Düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.
Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Füzuli-Şuşa-Bakı