Bəxtiyar Nəsibovu qətlə yetirən Əli Abbasov məhkəmə heyətinə etiraz edib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə 2021-ci il martın 1-də Bakının Xətai rayonu ərazisində 22 yaşlı idmançı Bəxtiyar Nəsibovu qətlə yetirməkdə ittiham edilən 19 yaşlı Əli Abbasovun məhkəmə prosesi davam etdirilib.
Azadmediatv.com xəbər verir ki, prosesdə Ə.Abbasovun vəkili məhkəmə heyətinə etiraz olaraq vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib.
Proses avqustun 5-də davam edəcək.
Qeyd edək ki, cinayətkar Əli Abbasovun ittihamı yenidən ağırlaşdırılıb. İstintaq orqanı tərəfindən Əli Abbasova Cinayət Məcəlləsinin 120.2.2 ((xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə yen ittiham elan olunub.
Xatırladaq ki, hadisə 2021-ci il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən həmin zalda idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla aralarında yaranmış mübahisə zamanı sonuncu ona bədən xəsarətləri yetirib. Sonra Ə.Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək qəsdən onu öldürüb.
Əli Abbasova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilərək baxılması üçün məhkəməyə göndərilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə ağırlaşdırıcı hallar müəyyən olunduğu üçün cinayət işi prokurorluğa geri qaytarılmışdı.
Gülnaz Qənbərli
Azadmediatv.com