İlkin Süleymanov şahid qismində dindiriləndə  evlərinə baxış keçirilib, orada cinayət işi üçün əhəmiyyət kəsb edən şübhəli heç nə tapılmayıb -MƏHKƏMƏ

İlkin Süleymanov şahid qismində dindiriləndə  evlərinə baxış keçirilib, orada cinayət işi üçün əhəmiyyət kəsb edən şübhəli heç nə tapılmayıb -MƏHKƏMƏ


İyulun 27-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib. 
Azadmediatv.com
xəbər verir ki, prosesdə  İlkin Süleymanovun 2020-ci il yanvarın 8-də də şahid qismində verdiyi ifadəsi elan olunub.

İ.Süleymanov  ifadəsində həmin gün siqaret çəkmək üçün yaşadığı evin qarşısına çıxdığını və orada meyit yandığını gördüyünü deyib.
Elan edilən protokolda  qeyd edilib  2020-ci il i,  yanvarın 8-də səhər saat 10:00-dan 14:00-dək İlkin Süleymanov şahid qismində dindirilib. O, həmin ifadədə bildirib ki, yanvarın 6-da axşam saatlarında siqaret çəkmək üçün küçəyə çıxıb. Darvazanın qarşısında siqaret çəkərkən üzbəüzdə yerləşən ərazidə nəyinsə yandığını görüb. Düşünüb ki,  yanan zibildir. Yaxınlıqdakı ağaclara ziyan dəyməməsi üçün dərhal oraya gedib. Həmin vaxt yananın meyit olduğunu görüb və dərhal qonşusu - həmin əraziyə bitişik evin sahibi Nazim Vəliyevi çağırıb. Nazim Vəliyev isə polis əməkdaşı olduğuna görə əmisi oğlu Murad Süleymanovu çağırmağı tövsiyyə edib.
Sənədlər elan edilərkən məlum olub ki,  yanvarın 8-də İlkin Süleymanov şahid qismində dindirildiyi gün  evlərinə də baxış keçirilib. Lakin oradan cinayət işi üçün əhəmiyyət kəsb edən şübhəli heç nə tapılmayıb. Bu, protokolda da əksini tapıb. Evdə İlkin Süleymanova aid əşyalar və paltarlar yoxlanılıb.
Meyitin müayinəsilə bağlı protokol,həmçinin üzərindəki paltarların siyahısı da məhkəmədə elan edilib. Sənəddə bütün paltarların ölçüləri yazılsa da, meyitin öz ölçüsü haqda heç nə öz əksini tapmayıb.
İlkin Süleymanovun paltarlarının nə vaxt götürülməsi məsələsində vəkillərlə dövlət ittihamçısı arasında fikir ayrılığı yaranıb. İlkin Süleymanovun hüquqlarını müdafiə edən Zabil Qəhtəmanov bildirib ki, istintaqın sonunda onlara təqdim olunan iş materiallarında vaxt göstərilməyib.
“Bizə həmin sənədləri prokurorluq istintaqın sonunda flaş diskdə təqdim edib. Belə çıxır ki, sonradan sənədlərə müəyyən əlavə və dəyişikliklər edilib. Əks halda, bizdəki sənədlərdə olmayıb, prokurordakı sənəddə tarixin göstərilməsini izah etmək mümkün deyil”, – vəkillər bildirib.

Dövlət ittihamşısı isə bildirib ki, onda olan protokolda vaxt qeyd edilib.
Cinayət işi üzrə məhkəmə heyətinə daxil olan hakim Nural Əliyevin məzuniyyətə çıxması ilə bağlı proses bir aylıq təxirə salınıb.
Proses  avqustun 24-də davam edəcək.

Qeyd edək ki, Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də  saat 14-15 radələrində yaşadığı Tovuz rayonu Dondar Quşçu kəndindəki evlərindən çıxaraq həmin kənddə yaşayan əmiləri Arif və Lətif Quliyevlərin evlərinə getfiyi iddia olunur. O, əmisi Lətif Quliyevin evindən atasına məxsus qara rəngli gödəkcəni götürdükdən sonra həmin evi tərk edib və bundan sonra bir daha onu görən olmayıb.
48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı

 





OXŞAR XƏBƏRLƏR