Azərbaycanlı məmur həyat yoldaşına görə vəzifəsindən istefa verib
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Famil İsayev həyat yoldaşına görə vəzifəsindən istefa verib.
Azadmediatv.com xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsindən faktı təsdiqləyiblər.
Belə ki, Famil İsayevin vəzifəsindən imtina etməsinə səbəb olaraq həyat yoldaşının səhhətindəki problemlər göstərilib:
"Famil müəllimin həyat yoldaşının səhhətində problemlər var idi. Buna görə də çalışdığı iş yerinin yerləşdiyi ərazisi və iqlim şəraiti xanımının xəstəliyinə uyğun olmadığı üçün öz istəyi ərizə yazaraq vəzifəsindən imtina edib".
Qeud edək ki, , Famil İsayev 2022-ci il mayın 30-da Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Famil Kamal oğlu İsayev 2004-cu ildə Lənkəran Dövlət Universitetinin coğrafiya müəllimi ixtisası üzrə bakalavr pilləsini, 2007-ci ildə isə ekologiya ixtisası üzrə magistr pilləsini bitirib.
O, peşəkar fəaliyyəti dövründə coğrafiya müəllimi, özəl təhsil sektorunda idarəçi, fənn metodisti, təlimçi, müxtəlif layihələrin rəhbəri və Təhsil İnstitutunun coğrafiya fənni üzrə vebinarının spikeri olub. Eyni zamanda ixtisası üzrə müxtəlif dərs vəsaitlərinin müəllifi və həmmüəllifidir.
2021-ci ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Lənkəran-Astara Regional Təhsil İdarəsi yaradılıb. Carı ilin aprel ayında isə bu vəzifəyə Elxan Nəcəfov təyin olunub.
Gülnaz Qənbərli
Azadmediatv.com