Bəxtiyar Nəsibovun qatili ziddiyyətli ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə 2021-ci il martın 1-də Bakının Xətai rayonu ərazisində 22 yaşlı idmançı Bəxtiyar Nəsibovu qətlə yetirməkdə ittiham edilən Əli Abbasovun məhkəmə prosesi yenidən öz işini davam etdirib.
Azadmediatv.com-un xəbərinə görə, prosesdə Ə.Abbasov yenidən ifadə verib. O bildirib ki, əvvəlki ifadəsinə əlavəsi yoxdur. Məhkəmə bildirib ki, hər bir halda ifadəsini verməlidir.
Ə.Abbasovun ifadəsində kəskin ziddiyyətlər ortaya çıxıb. Belə ki, verilən sualları cavablandırarkən qətl aləti hesab edilən "saunaeşofman"ın cibində saxlayıb, eyni zamanda idman etmək üçün şəxsin özünə də kifayətqədər təhlükə yarada biləcək mətbəx bıçağının guya Bəxtiyara aid olduğunu bildirib.
Məhkəmənin "Bəxtiyarı ilk dəfə gördüyünüzü deyirdiniz, axı o niyə mətbəx bıçağıyla idman etməliydi" suallarını cavablandırarkən isə Ə.Abbasov bildirib ki, guya B.Nəsibov qəfildən onun üzərinə atılıb, yerə yıxaraq onu boğmağa çalışıb:
"Məni boğurdu, bu vaxt həmin məybəx bıçağı cibindən düşdü. Gözümün ucuyla gördüm və götürüb onunla vurdum. Sonra qapıya tərəf qaçdım. Onun bir iki addım atıb diziüstə düşdüyünü gördükdə qlşqıedım ki, təcili yardım çağırın, lakin mənə dedilər ki, sən qaç. Biz özümüz həkim çağıracağıq. Orada 7-8 nəfər var idi".
Məhkəmənin "Mətbəx bıçağını haradan ala bilərdi" sualına cavablandırarkən o bildirib ki, idman zalının mətbəxi var, orada müxtəlif mətbəx bıçaqları var, yəqin oradan götürüb.
Ə.Abbasov həmçinin onu da bildirib ki, B.Nəsibov mübahisə etdikdən sonra idman zalından çıxmayıb, məşqini davam etdirib.
Qeyd edək ki, şahid ifadələrində bildirilib ki, 3 dəqiqədən də az ç\k\n mübahisədən əvvəl və sonra B.Nəsibov qaçış üçün nəzərdə tutulan idaman alətində məşq edub və onun həndəvərini tərk etməyib.
Proses sentyabrın 30-da davam edəcək.
Qeyd edək ki, cinayət işi yenidən ilkin istintaqa qaytarıldıqdan sonra Ə.Abbasova qarşı irəli sürülən əlavə maddələri elan edib. Belə ki, aparılan yeni araşdırmalar zamanı istintaq qrupunun qərarı ilə AR CM-in 120.2.2 (qəsdən xuliqanlıq niyyəti ilə adam öldürmə) 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələriiylə Ə.Abbasovun cinayət işi yenilənib. Bu maddələrlə isə Ə.Abbasovu 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.
Nəsibov Bəxtiyar Əli oğlu idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə aralarında mübahisə yaşanıb.Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov guya Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov idman zalını qısa müddətə tərk edəndən sonra özü ilə bıçaq gətirib və Bəxtiyarın döş qəfəsi nahiyəsinə öldürücü xəsarət yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Xatırladaq ki, hadisə 2021-ci il martın 1-i saat 13:00 radələrində Bakının Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında bzş verib. Belə ki, 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Mərhum Bəxtiyar Nəsibovun ailəsi təqsirləndirilənin bu maddə ilə mühakimə edilməsinə etiraz edir.
Gülnaz Qənbərli
Azadmediatv.com