Elçin Sadıqovun həbsi onun peşəkar hüquq müdafiə fəaliyyəti ilə bağlı deyildir - RƏSMİ

Elçin Sadıqovun həbsi onun peşəkar hüquq müdafiə fəaliyyəti ilə bağlı deyildir - RƏSMİ


Vəkillər Kollegiyası vəkil Elçin Sadıqovun həbsini onun peşəkar hüquq müdafiə fəaliyyəti ilə bağlı olmadığını hesab edib.


Azadmediatv.com xəbər verir ki, bu haqda Vəkillər Kollegiyasının Rəyasət Heyəti sentyabrın 14-də yaydığı bəyanatda belə deyilir.

Belə ki, bəyanatda bildirilib ki, Vəkillər Kollegiyası tam müstəqil təsisatdır və onun fəaliyyətinə bu və ya digər qaydada müdaxilə yolverilməzdir:

“Vəkil Elçin Sadıqovun həbsi onun peşəkar hüquq müdafiə fəaliyyəti ilə bağlı deyildir. Bu məsələ ilə əlaqədar siyasiləşmiş, vəkilliyin ümumi maraqlarına cavab verməyən başqa maraqlara qulluq edən şəxslərin manipulə edilməsini, vəkilliyin qanuni mənafeyinə zidd kampaniyaların təşkilini qətiyyətlə pisləyirik. Belə manipulyasiyalar müstəqil vəkillik institutuna zərər vurur.
Vəkillər Kollegiyası vəkilləri diqqətli olmağa, bu və ya digər dəqiq olmayan məlumatları bəyan və ya dərc etməməyə, cəmiyyətdə vəkilliklə bağlı yanlış təsəvvür yaratmamağa dəvət edir.
Rəyasət Heyəti vəkilin həbsi ilə bağlı məsələnin onun diqqət mərkəzində olduğunu qeyd edərək yaranmış suallarla bağlı bilavasitə Rəyasət Heyətinin Aparatına müraciət olunmasını xahiş edir."
Qeyd edək ki, Əvəz Zeynallı və Elçin Sadıqov sentyabrın 10-da saxlanılıblar. Onların evlərində və ofislərində axtarış aparılıb.
Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqova isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə ittiham olunur.

Bu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onlar “Baku Steel Company” MMC-nin – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən pul almaqda ittiham olunurlar.

Xatırladaq ki, Elçin Sadıqov 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun vəkili idi. 
Elçin Sadıqov və Əvəz Zeynallı özünü təqsirli bilmir, ittihamın cəfəngiyyat olduğunu deyirlər.

Elçin Sadıqov saxlanılmasını siyasi motivlərlə həbs edilən ictimai-siyasi fəallara vəkillik etməsilə əlaqələndirir və iddia edir ki, məhz buna görə cəzalandırılır. Vəkilin sözlərinə görə, Əvəz Zeynallının biznesmenin yaxınlarından pul alması barədə deyilənlər yalandır.  O hesab edir ki, ona qarşı aparılan bu kampaniya qara piardır və azad sözə hücumdur.

Əvəz Zeynallı da tənqidi çıxışlarına görə cəzalandırıldığını bildirib.


Gülnaz Qənbərli
Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR