Şahid: "Əli ucadan və əsəbi səslə Bəxtiyara dedi ki, sizin bu məşqiniz bitmədi?" - MƏHKƏMƏ
Oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə 2021-ci il martın 1-də Bakının Xətai rayonu ərazisində 22 yaşlı idmançı Bəxtiyar Nəsibovu qətlə yetirməkdə ittiham edilən Əli Abbasovun məhkəmə prosesi öz işini şahid ifadələrinin dinlənilməsiylə davam etdirib.
Azadmediatv.com-un xəbərinə görə, prosesdə şahid qismində ifadə verən idman zalının sahibi Nahid Piriyev bildirib ki, qətl hadisəsinin baş verməsinə səbəb gənclərin arasında baş verən qısamüddətli mübahisə olub: "Bir-birinə baxmaq üstündə sözləşdilər. Daha sonra Əli çantasının götürüb idman zalından çıxdı. Hər ikisini sakirləşdirdim. Hətta Əlinin ardınca gedib onu təkrar sakitləşdirmək istədim. Dedim ki, buraya idman üçün gəlirsiniz, məşq edənlərə narahatlıq yaratmaq lazım deyil. Əli məni arxayın elədi ki, söhbət bitdi. Sonra da yenidən zala qayıdıb və məlum hadisə baş verib."
Bəxtiyar Nəsibovun anası, zərərçəkmiş Nəzakət Bayramova şahidə etiraz edib. N.Bayramova iddia edir ki, oğlunun qətlə yetirilməsində Ə.Abbasov tək olmayıb: "Bu işdə bir neçə nəfərin əli var, Əli Abbasov Bəxtiyar Nəsibovu tək qətlə yetirməyib. Əgər sən Bəxtiyarı qabaqdan tutmasaydın, Əli onu arxadan bıcaqlayıb öldürə bilməzdi. Bu işdə bir neçə nəfərin əli var. Sən niyə Əlini ikinci dəfə zala buraxmısan? Gördün ki, dava olub Əli zaldan gedib. Onu ikinci dəfə niyə içəri buraxırdın? Marağın nə idi?".
Şahid N. Priyev məhkəməyə bildirib ki, Əli Abbasov geri qayıdanda ona deyib ki, niyyəti Bəxtiyarla barışmaqdır.
Şahid Əli Mustafayev ifadəsində bildirib ki, hadisə zamanı o da idman zalında olub: "Əli ilə Bəxtiyar mübahisə edirdi. Mübahisə sakitləşəndən sonra Əlinin idman çantasını dərhal yığıb zaldan çıxdığını gördüm. Mən də geyinib-soyunma otağında idim. Paltarımı geyinəndə gördüm ki, zalda hay-küy var. Zala qayıdanda Bəxtiyarın yerdə uzandığını gördüm, qardaşı Vüsal isə onun başı ucunda dayanmışdı. Mən telefonumu götürüb Təcili Yardımı Xidmətinə zəng etdim. Hətta bir neçə dəfə zəng elədim. Zaldakılar isə dedi onu Əli vurub. Mən Əlinin sonradan qayıtmağını görməmişdim."
Prosesdə ifadə verən şahid Elşən Nağıyev qətl hadisəsinin mübahisə zəminində baş verdiyini bildirib. E.Nağıyevin sözlərinə görə, təqsirləndirilən şəxslə eyni məhəllədə yaşayır. Hadisə baş verən zamanı o da sözügedən zalda məşq edib: "Zalda birdən ara qarışdı. Mərhum Bəxtiyarla Vüsalın qardaş olduğunu dava vaxtı bildim. Biz birinci monların birinci mabahisələrində Əli ilə Bəxtiyarı dalaşanda araladıq və maksimum sakitləşdirməyə çalışdıq."
Dövlət ittihamçısının suallarını cavablandırarkən şahid bildirib ki, birinci mübahisədə hamı tərəfləri sakitləşdirib. Sonra B.Nəsibov məşqə davam edib. Ə.Abbasov isə çantasını götürüb zalı tərk edib. Bir müddət sonra Ə.Abbasov yenidən zala qayıdıb: "Əli dedi ki, barışmaq üçün yenidən zala qayıdıb. Bəxtiyar sakitcə məşq edirdi. Əli ucadan və əsəbi səslə Bəxtiyara dedi ki, sizin bu məşqiniz bitmədi? Nə vaxt bitirəcəksiniz? Ondan sonra yenə qısa mübahisə oldu. Nihad Bəxtiyarı qucaqlamışdı ki, sakitləşdirsin. Sonra hamı zaldan qaçmağa başladı. Bəxtiyar yerə uzanmışdı. Yerdə qan var idi. Dedilər ki, Əli arxadan Bəxtiyarı vurub."
Qeyd edək ki, Bəxtiyar Nəsibov idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə aralarında mübahisə yaşanıb. Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov guya Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla qqəsdən xəsarətlər yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Xatırladaq ki, hadisə 2021-ci il martın 1-i saat 13:00 radələrində Bakının Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında yerləşən idman zalında baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Əli Abbasova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilərək baxılması üçün məhkəməyə göndərilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə ağırlaşdırıcı hallar müəyyən olunduğu üçün cinayət işi prokurorluğa qaytarılmışdı.
İş istintaqa qaytarılandan sonra ona qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb və əməl Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 (xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunaraq yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Bəxtiyar Nəsibov idmançı olub.
Gülnaz Qənbərli
Azadmediatv.com