Əvəz Zeynallının vəsatəti təmin edilməyib
Hazırda həbsdə olan "Xural TV"-nin sahibi Əvəz Zeynallının vəkilləri onun ailəsi ilə görüşünə icazə verilməməsi haqda məhkəməyə şikayət edib.
Azadmediatv.com xəbər verir ki, noyabrın 4-də Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə jurnalistin vəsatətinə baxılıb. Belə ki, məhkəmədə ailə üzvləri həbs olunduqdan sonra Ə.Zeynallı ilə görüşə bilmədiklərini deyiblər. Prosesdə istintaq orqanı tərəfindən qoyulmuş görüş və telefon danışığı ilə bağlı məhdudiyyətin götürülməsi istənilsə də, məhkəmə bu vəsatəti də təmin etməyib.
Vəklinin sözlərinə görə hazırda jurnalistin səhhətində ciddi problemlər var və o, təcili əməliyyat olunmalıdır.
Qeyd edək ki, Ə.Zeynallı “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət almaqda ittiham edilir. .
Onun barəsində cinayət işi başlanıb, barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda o, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsilə təqsirli bilinir.
Əvəz Zeynallı özünü təqsirli bilmir.
Azadmediatv.com