İdmançını qətlə yetirən müstəntiq oğlunun məhkəmə istintaqı yekunlaşıb
Noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə 2021-ci il martın 1-də Bakının Xətai rayonu ərazisində 22 yaşlı idmançı Bəxtiyar Nəsibovu azyaşlı qarfdaşının gözü qarşısında qətlə yetirməkdə ittiham edilən Əli Abbasovun məhkəmə prosesi davam etdirilib.
Azadmediatv.com-un xəbərinə görə, prosesdə təqsirləndirilən Ə.Abbasovun vəkili qardaşı gözünün qarşısında qətlə yetirilən Vüsal Nəsibovun kompleks psixoloji-psixiatrik ekspertizasının keçirilməsi üçün vəsatət verib.
Lakin nə dövlət ittihamçısı, nə də məhkəmə vəsatəti əsaslı hesab etməyib.
Məhkəmə qərara gəlib ki, məhkəmə istintaqı yekunlaşsın və proses çıxışlarla davam etdirilsin.
Dövlət ittihamçısı çıxış üçün məhkəmədən iki həftə vaxt istəyib.
Proses dekabrın 2-də dövlət ittihamçısının çıxışı ilə davam edəcək.
Qeyd edək ki, Bəxtiyar Nəsibov idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə aralarında mübahisə yaşanıb. Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov guya Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla qqəsdən xəsarətlər yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Xatırladaq ki, hadisə 2021-ci il martın 1-i saat 13:00 radələrində Bakının Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında yerləşən idman zalında baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Əli Abbasova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilərək baxılması üçün məhkəməyə göndərilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə ağırlaşdırıcı hallar müəyyən olunduğu üçün cinayət işi prokurorluğa qaytarılmışdı.
İş istintaqa qaytarılandan sonra ona qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb və əməl Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 (xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunaraq yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Bəxtiyar Nəsibov idmançı olub.
Gülnaz Qənbərli
Azadmediatv.com