Əli Əliyevə hökm oxunub - 3 il 6 ay
Noyabrın 22-də Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə Vətəndaş İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Azadmediatv.com xəbər verir ki, dövlət ittihamçısı Vətəndaş İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, Ə.Əliyev onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyərək, ona xəsarət yetirib. Ə.Əliyevə qarşı AR CM-in 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, VİP sədri Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.
Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.
Ə.Əliyev Cinayət Məcəlləsinin 148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Azadmediatv.com