Orxan Əsgərovun cənazəsi ölkəyə gətirilir
Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Azadmeditv.com xəbər verir ki, bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat verib. Onun sözlərinə görə, yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, eləcə də onların ailə üzvlərinin və şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, yanvarın 27-də səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib. Hücum dəf edilərkən Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov hücumun dəf edilməsi zamanı şəhid olub.
Orxan Əsgərovun nəşinin Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülərək, bu məqsədlə Azərbaycan tərəfindən təyyarə də ayrılıb. Sözügedən təyyarə Tehran Hava Limanında gözləsə də, İran İR növbəti dəfə İslami dəyərlərə hörmətsizlik göstərərək, riyakarlıq nümayiş etdirib şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidirdi.
Xatırladaq ki, Tehranın polis rəisi general Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib. "Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə daxil olan şəxs odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Polisin çevik hərəkəti ilə hücum edən şəxs dərhal həbs edilib və istintaq davam edir. Hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib. Təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemləri olduğunu bildirib”, - deyə polis rəisi vurğulayıb.
Azadmediatv.com