İlkin Süleymanovun atası   ittiham aktına daxil edilmiş yalan məlumatlar barədə İnam Kərimova müraciət edib 

İlkin Süleymanovun atası   ittiham aktına daxil edilmiş yalan məlumatlar barədə İnam Kərimova müraciət edib 

 Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də nənəsi Leybə və əmisi Lətif Quliyevlərin evindən müəmmalı şəkildə itkin düşən, 2020-ci il yanvarın 6-da axşam saatlarında amansızcasına öldürülmüş vəziyyətdə tapılan azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham edilən İlkin Süleymanovun məhkəmə tədqiqi yekunlaşıb.  Mayın  3-də proses dövlət ittihamçısının çıxışıyla davam edəcək.

 Azadmediatv.com-un xəbərinə görə,  təqsirləndirilən İ.Süleymanovun atası  İbrahim Süleymanov ittiham aktına daxil edilmiş yalan məlumatlar barədə Ali Məhkəmənin sədri İnam Kərimova məktubla müraciət edib. 
Müraciətdə deyilir:

"Hörmətli Inam müəllim,
Oğlum Süleymanov İlkin 06.01.2020 tarixində Tovuz rayon Dondar-Quşcu kənd sakini Quliyeva Nərmin Şərif qızının qətlində şərlənərək həbs edilmişdir.
      06.01.2020 tarixində evimizin 30 metr qarşısında yanan halda cəsəd tapılıb. Həmin cəsədi ilk oğlum İlkin görüb. (Siqaret cəkmək ücün həyətə cıxan vaxt). Dərhal qonşuları cağırıb və polislərə məlumat verilib. Polislər gələnə qədər cəsəd söndürülüb. Elə həmin günü 06.01.2020 tarixindən oğlum İlkin, Polis Şöbəsinə aparılmış və evə buraxılmamışdır. Lakin rəsmi sənədlərdə İlkinin polis idarəsinə 10.01.2020 tarixində aparıldığı qeyd olunub. Oğlum 6 yanvardan 10 yanvara qədər əsassız olaraq Polis Şöbəsində saxlanılmış və polis şöbəsində ona agır, dəhşətli və ölümcül işgəncələr verməklə ( elktirik cərəyanı verlib, soyunduraraq üzərinə soyuq su tökülüb, başına dəmir qazan kecirilərək dəmir qazana vurulub, əlləri və ayaqları asılı vəziyyətdə bağlanaraq qarnının üzərinə ağır yük qoyularaq ) törətmədiyi bu cinayəti zorla onun boynuna qoymuşlar. 

 Hörmətli İnam müəllim, bu günə qədər aparılan məhkəmə araşdırmasında və cinayət işi materiallarında İlkinin bu cinayəti törətməsinə dair  hec bir dəlil və sübut ortaya qoyulmayıb. İlkindən işgəncə altında alınmış ifadələrdə göstərilən məlumatların isə heç biri ekpertiza rəyləri və işin digər faktiki hallarına uyğun gəlmir.  Bu fakt bir daha təstiq edir ki, bu cinayəti İlkin törətməyib.  

Hörmətli İnam müəllim, aşağıdakı məktub oğlum İlkinin müdafiəçiləri tərəfindən yazılıb və Baş Prokurora və sürəti Baş Prokurorun 1-ci müavininə göndərilib. Bu məktubu Sizə göndərərək mövcud vəziyyətdən Sizin də xəbərinizin olmasını istəyirəm.                                        
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü və digər maddələrilə təqsirləndirilən Süleymanov İlkin İbrahim oğlunun müdafiəçiləri, Bakı şəhəri,12 saylı Vəkil Bürosunun vəkili, Rzayev Əlibaba Ağaşirin oğlu və Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Abbasov Murtuzəli Aydın oğlu tərəfindən

  Hörmətli Kamran  müəllim,

 Hüquqlarını müdafiə etdiyimiz Süleymanov İlkin İbrahim oğlu Tovuz rayon Dondar Quşçu kənd sakini Quliyeva Nərmin Şərif qızının öldürülməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 120.2.4-cü və digər  maddələri üzrə məsuliyyətə cəlb edilmiş və barəsində ittiham aktı tərtib edilərək, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

 Həmin iş üzrə istintaqa prosessual rəhbərlik Baş Prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən həyata keçirilmiş və tərtib edilmiş ittiham aktı onun  tərəfindən təsdiq olunmuşdur. 

  Həmin iş üzrə məhkəmə araşdırması artıq iki ildir ki, davam edir. Məhkəmə  araşdırması zamanı müəyyən edilir ki, həmin ittiham aktını tərtib edən müstəntiqlər bir çox saxtakarlıqlara yol vermiş və ittiham aktına yalan məlumatlar daxil etmişlər.

 Həmin yalan məlumatları Sizin diqqətinizə çatdırırıq :

1. İttiham aktında Nərmin Quliyevanın meyidinin aşkar edildiyi yerdən götürülmüş  qırmızı rəngli yorğan üzünün bir hissəsi olan  parça qalığından bəhs olunub və lifli materialların kriminalistik ekspertizasının 17 fevral 2020-ci il tarixli 1163 №-li rəyinə əsaslanaraq qeyd olunub ki, həmin parça qalığının üzərindən kənar liflər və boya hissəcikləri aşkar edilmiş və aşkar edilən kənar liflər İlkin Süleymanova məxsus olan gödəkcənin tərkib liflərinə uyğun gəlirlər. Boya hissəcikləri isə rənginə, təbiətinə və tərkibinə görə Süleymanov İlkin İbrahim oğlunun yaşadığı evin hamam otağında olan  sobanın qapısının cəftəsinin səthi üzərindən götürülmüş boya hissəciklərinə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edir.
Bundan başqa, ittiham aktında həmçinin qeyd olunub ki, guya  İlkin Süleymanov Nərmin Quliyevanın başına daşla zərbə vuraraq onu öldürmüş və öldüyünə əmin olduqdan sonra onun baş nahiyəsindən aldığı xəsarətlərdən axan qanın ətrafa yayılması nəticəsində özünün ifşa olunmasının qarşısını almaq məqsədi ilə məhz, həmin  qırmızı rəngli parçanı mərhumun baş nahiyəsinə qoyaraq qanın ətrafa yayılmasının qarşısını almışdır. 

Bununla bağlı bildiririk ki, meyitin aşkar edildiyi hadisə yerinə istintaq orqanı tərəfindən baxış keçirilmiş, həm hadisə yerində, həm də morqda meyidin müayinəsi aparılmış və bu barədə müvafiq protokollar tərtib edilmişdir. Lakin nə hadisə yerinə baxış protokolunda (Cild-2, səh: 173), nə də meyidin müayinə protokolunda (Cild -2, səh: 192) qırmızı rəngli yorğan üzünün bir hissəsi olan parça qalığının aşkar edildiyi barədə məlumat qeyd olunmamışdır. Həmin parça qalığının haradan götürüldüyü və ümumiyyətlə mövcud olub-olmadığı isə məlum deyil. Deməli, hadisə yerindən qırmızı rəngli yorğan üzünün bir hissəsi olan  parça qalığının aşkar edildiyi barədə ittiham aktında qeyd olunan məlumat yalandır. Mövcud olmayan parça qalığının üzərindən isə hansısa boya hissəciklərinin və kənar liflərin  aşkar edildiyi barədə fikir yürüdülməsi absurddur.

2. Bundan başqa, nə meyidin əynində, nə də hadisə yerində hər hansı cins şalvar aşkar edilmədiyi halda ittiham aktında  mövcud olmayan cins şalvardan bəhs olunur və yenə də lifli materialların kriminalistik ekspertizasının 17 fevral 2020-ci il tarixli 1163 №-li rəyinə əsaslanaraq qeyd olunur ki, -  Süleymanov İlkin İbrahim oğluna məxsus - 01 ədəd gödəkçənin səthi üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Quliyeva Nərmin Şərif qızının meyiti aşkar edilmiş yerdən götürülmüş şalvarın tərkib liflərinə uyğun gəlirlər.
 

 Bununla bağlı bildiririk ki, yuxarıda qeyd etdiyimiz kimi, nə hadisə yerinə baxış protokolunda (Cild-2, səh: 173), nə də meyidin müayinə  protokolunda (Cild -2, səh: 192) belə bir göy rəngli cins şalvarın da aşkar edildiyi qeyd olunmayıb. Bundan başqa, işdə olan, Nərmin Quliyevanın valideynlərinin və digər qohumlarının verdikləri ifadələrində Nərmin Quliyeva 21 noyabr 2019-cu ildə itkin düşən zaman onun əynində olan paltarlar barədə ətraflı məlumatlar vermişlər. Misal üçün – Nərmin Quliyevanın anası Aynurə İsmayılovanın (Cild 1, səh: 115-119, Cild 4, səh: 172-174, Cild 5, səh: 33-35 və sair)  və atası Şərif Quliyevin (Cild 1, səh: 10, Cild-4, səh: 175-178 və sair) istintaqa, həmçinin məhkəməyə verdikləri ifadələrlə müəyyən edilir ki, Nərmin Quliyeva itkin düşərkən onun əynində cins şalvar olmamışdır. Həmin göy rəngli cins şalvarın da haradan götürüldyü məlum deyil. Belə olan halda, yəni, İlkin Süleymanova məxsus gödəkçənin üzərindən əslində mövcud olmayan cins şalvarın liflərinin aşkar edilməsi də mümkün deyildir. Deməli, hadisə yerindən cins şalvarın aşkar edildiyi və İlkin Süleymanova məxsus gödəkçənin üzərindən həmin şalvara məxsus olan liflərin aşkar edildiyi barədə ittiham aktında qeyd olunan məlumatlar da yalandır. 

3. Bundan başqa, ittiham aktında qeyd olunub ki, -Süleymanov İlkin İbrahim oğlunun istifadəsində olan «Samsung» markalı smartfon tipli telefonuna baxış keçirilərkən yaddaşında silinmiş məlumatları aşkar etmək məqsədilə «Ufed Toush2» proqram aparat kompleksi vasitəsilə cihazın yaddaşında müvafiq bölmələrinə (xidməti, sistem və fərdi) daxil olunmuş, müvafiq modullardan (ayrı-ayrı, məqsədlər üçün istifadə olunan proqram vasitələri) istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı  müəyyən edilmişdir ki, İlkin Süleymanov öz telefonunda transseksualların çılpaq  şəkillərinə baxmışdır. 
 

 Bununla bağlı bildiririk ki, iş materiallarında transseksualların çılpaq şəkillərinə 08 yanvar 2020-ci il, saat 11:50-də baxıldığı müəyyən edilir (Cild-7, səh-69). Lakin iş materialları ilə həmçinin müəyyən edilir ki, İlkin Süleymanov həmin gün, həmin saatlarda Tovuz rayon Polis Şöbəsində, müstəntiq Nadir Mirzəyevin qarşısında olmuş və həmin vaxt şahid qismində ondan ifadə alınmışdır. Belə ki, işdə olan dindirmə protokolundan görünür ki, (Cild 2, səh : 237-244) müstəntiq Nadir Mirzəyev 08 yanvar 2020-ci ildə, saat 10:00-dan 14:00-dək İlkin Süleymanovu şahid qismində dindirmişdir. Şəxsin müstəntiqə ifadə verdiyi vaxt, yəni 08 yanvar 2020-ci ildə, saat 11:50-də paralel olaraq transseksualların çılpaq şəkillərinə baxması möcüzədir. Belə başa düşülür ki, İlkin Süleymanov 08 yanvar 2020-ci ildə transseksualların çılpaq şəkillərinə müstəntiq Nadir Mirzəyevlə birlikdə baxıb. 

Bundan başqa, məhkəmə iclasında şahid qismində ifadə verən Dondar Quşçu kəndinin bütün sakinləri, o cümlədən Nərmin Quliyevanın yaxın qohumları İlkin Süleymanovun 06 yanvar 2020-ci il tarixdə Tovuz rayon Polis Şöbəsinə aparıldığını, orada saxlanıldığını və heç vaxt evə buraxılmadığını bildirmişlər. Həmin vaxt İlkin Süleymanovun telefonu da əlindən alınmışdır. Belə olan halda İlkin Süleymanovun 08 yanvar 2020-ci ildə öz telefonunda hansısa transseksualların çılpaq şəkillərinə  baxması mümkündürmü ?!  Əlbətdə, yox ! 

 Deməli, ittiham aktında qeyd olunan bu məlumat da doğru deyildir. Müstəntiqlərin bu barədə yalan məlumatı ittiham aktına daxil etməkdə məqsədləri isə İlkin Süleymanovun şəxsiyyəti barədə mənfi obraz yaratmaqla Nərmin Quliyeva cinayətinin onun tərəfindən törədilə biləcəyinə inam yaratmaqdan ibarət olmuşdur. Müstəntiqlərin bu cəhdi həmin cinayətin İlkin Süleymanov tərəfindən törədildiyinə dair əllərində heç bir düzünə sübutun mövcud olmaması ilə bağlıdır. 

4. İttiham aktında həmçinin qeyd olunub ki, - İlkin Süleymanovun evindən meyidi çıxarıb aşkar edilən yerə gətirilərək yandırilma müddətinin müəyyən edilməsi ilə bağlı 21 may 2020-ci il tarixdə hadisə yerində istintaq eksperimenti keçirilmiş, bu məqsədlə qoyun cəsədi Nərmin Quliyevanın meyidinin aşkar edildiyi formada paltarlara və materallara bir neçə qata bükülmüş evdən çıxaraq 40 metr məsafə qət edilib meyidin aşkar edildiyi yerə gətirilib və üzərinə 1 litr dizel tökülərək yandırılmış, alov müəyyən hündürlüyə çatdıqdan sonra torpaqla söndürülmüş və həmin müddət başlamadan söndürülməyə qədər 5 dəqiqə 49 san baş vermişdir. Nəticədə müəyyən edilmişdir ki, həmin müddət ərzində yanmış qoyun cəsədi Nərmin Quliyevanın yanmış vəziyyətdə aşkar edilmiş meyiti ilə eyni vəziyyətə düşmüşdür.
 

 Bununla bağlı bildiririk ki, əvvəla qoyunun yandırılması ilə bağlı istintaq eksperimenti meyidin aşkar edildiyi yerdə deyil, başqa yerdə, yəni Tovuz rayonunun Aşağı Öksüzlü  kəndində keçirilmişdir. Bu fakt həmin istintaq hərəkətinin videogörüntüsü ilə də müəyyən edilir. Həmin videogörüntünü bu müraciətə əlavə etmişik. Göründüyü kimi, ittiham aktında qeyd olunan bu məlumat da yalandır. Halbuki, obyektiv və düzgün nəticənin əldə edilməsi üçün həmin istintaq eksperimenti eyni yerdə və eyni şəraitdə, yəni, məhz meyidin aşkar edildiyi yerdə aparılmalı idi və buna mane olan heç bir hal mövcud deyildir. İttiham aktını tərtib edən şəxslər bunu başa düşdüyü üçün, istintaq eksperimentini başqa kənddə keçirdikləri halda, həmin istintaq eksperimentinin guya meyidin aşkar edildiyi hadisə yerində keçirildiyi barədə ittiham aktına yalan məlumat daxil etmişlər. 

 Bundan başqa, həmin istintaq eksperimenti zamanı eyni müddət ərzində yandırılmış qoyun cəsədinin Nərmin Quliyevanın yanmış vəziyyətdə aşkar edilmiş meyiti ilə eyni vəziyyətə düşdüyü barədə ittiham aktında qeyd olunan məlumat da doğru deyildir.  Belə ki, əvvəla, istintaq eksperimenti aparılarkən qoyun 5 dəqiqə 40 saniyə müddətində yandırılmamışdır. Həmin eksperiment zamanı qoyun iki dəfə yandırılmışdır. Birinci yandırma 4 dəqiqə 47 saniyə, ikinci yandırma isə 1 dəqiqə 36 saniyə çəkmişdir ki, bu da zaman etibarilə meyidin yandırılmış hesab edildiyi 5 dəqiqə 40 saniyəyə uyğun gəlmir. 

 Digər tərəfdən, istintaq materialları ilə meyidin yandırılmasında cəmi 150 qram kerosindən istifadə edildiyi müəyyən edilir. Belə ki, istintaq orqanı İlkin Süleymanovun etirafedici ifadəsinə əsaslanaraq qeyd edir ki, İlkin Süleymanov 06 yanvar 2020-ci il tarixdə Nərmin Quliyevanı öldürmüş, bundan sonra Nərmini qucağına almış və bir barmağına da evində olan neft qabını keçirib təxminən 50 metr qarşıda olan torpaqlıq sahəyə gətirmiş,  Nərmini yerə qoyub nefti onun üzərinə səpələmiş və onu yandırmışdir.

 Neft qabı adlandırılan həmin qab istintaq tərəfindən götürülmüş və işə əlavə edilmişdir. Həmin qabın şəkilindən də görünür ki (Cild 9, səh: 19), qeyd olunan qab ümumi tutumu 450 qramdan ibarət olan sirkə qabından ibarətdir və həmin qabın içərisində olan neft məhsulunun yalnız təqribən 1/3 hissəsindən istifadə olunmuş, qalan 2/3 hissəsi isə qabın içərisindədir. Əgər, ittiham aktında qeyd olunduğu kimi, meyidin həqiqətən İlkin Süleymanov tərəfindən və qeyd olunan qabdakı neft məhsulu ilə yandırıldığına inansaq, bu halda meyidin yandırılmasında təqribən 150 qram neft məhsulundan istifadə olunduğu müəyyən olunur. Belə olan halda, meyidin yandırılmasında 1 litr neft məhsulundan istifadə olunduğu barədə məlumatın haradan götürüldüyü aydın deyil.

 Digər tərəfdən, istintaq eksperimenti zamanı qoyunun yandırılmasında 1 litrdən də artıq neft məhsulundan istifadə olunmasına baxmayaraq, yenə də nəticədə qoyunun arxa hissəsinin yanmadığı müəyyən edilmişdir. Lakin, ittiham aktında guya istintaq eksperimenti nəticəsində qoyun cəsədinin Nərmin Quliyevanın yanmış vəziyyətdə aşkar edilmiş meyidi ilə eyni vəziyyətə düşdüyü barədə yalan məlumat daxil etmiş, bununla da həm Sizi, həm də istintaqa prosessual rəhbərliyi həyata keçirənElçin Məmmədovu aldatmışlar.  Bu fakt yandırılmış qoyunun cild-14, səh-213 də olan foto şəkilləri ilə də müəyyən edilir.

5. İttiham aktında hava proqnozu ilə bağlı yazılan məlumatlar da doğru deyildir. Belə ki, ittiham aktında hava proqnozu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin 28 fevral 2020-ci il tarixli 20/139 nömrəli  məktubuna istinad olunaraq qeyd olunub ki, guya İlkin Süleymanov Nərmin Quliyevanı öldürdükdən sonra onu yandırmaq qərarına gəlmiş və bunun üçün əlverişli hava şəraitinin olmasını gözləmişdir. Bu məqsədlə öz telefonu vasitəsilə hava proqnozu barədə məlumat əldə etmiş və 06 yanvar 2020-ci ildə havanın yağmursuz olacağına əmin olduqdan sonra onun meyidini evlərinin qarşısına apararaq, orada yandırmışdır.
 

 Bununla bağlı bildiririk ki, əvvəla müstəntiqlərin istinad etdiyi hava proqnozu ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamenti tərəfindən verilən rəsmi məlumatda (Cild 11, səh: 2-6) 01 yanvar 2020-ci ildən 06 yanvar 2020-ci ilədək olan müddətdə yalnız 04 yanvar 2020-ci il, saat 10:15-dən 13:25-dək olan vaxtda havanın az yağıntılı olduğu qeyd olunub, qalan günlərdə isə havanın ümumiyyətlə yağmursuz olduğu bildirilib. Yəni, hava təkcə 06 yanvar 2020-ci il tarixdə deyil, ondan əvvəlki günlərdə də yağmursuz olmuşdur. Ona görə də ittiham aktında bu barədə yazılanlar doğru deyil.

 Digər tərəfdən, əgər istintaq orqanı İlkin Süleymanovun Nərmin Quliyevanı 06 yanvar 2020-ci il tarixdə öldürdüyü qənaətinə gəlirsə, bu halda, Nərminin meyidini yandırmaq üçün İlkinin əlverişli vaxtı gözlədiyi barədə çıxardığı  nəticənin heç bir məntiqi yoxdur. Yəni, əgər İlkin Nərmini 06 yanvar tarixdə öldürmüş və həmin tarixdə də yandırmışdırsa, bu halda hansı əlverişli vaxtın gözlənilməsində söhbət gedə bilər !?

Göründüyü kimi, ittiham aktında qeyd olunan bu məlumatlar da doğru deyildir.

6. Bundan başqa, ittiham aktında həmçinin qeyd olunub ki, guya Nərmin Quıliyevanın yaşadığı evdən, onun əmisi, yaxud nənəsigilə gedən yol İlkin Süleymanovun yaşadığı evin qarşısından keçir, başqa alternativ yol isə yoxdur. 
 

 İttiham aktında qeyd olunan bu məlumat da doğru deyildir. Belə ki, Nərmin Quliyevanın yaşadığı evdən, onun əmisigilə  tərəf  aparan başqa yol da vardır. Bu fakt Nərmin Quliyevanın anası Aynurə İsmayılovanın məhkəməyə verdiyi ifadəsi ilə də təsdiq olunur. Aynurə İsmayılova məhkəməyə verdiyi ifadəsində bildirdi ki, o, 06 yanvar 2020-ci il tarixdə, Nərminin meyidinin aşkar edildiyi barədə məlumat aldıqdan sonra qaynıgilə getmiş, lakin qaynıgilə meyidin aşkar edildiyi yoldan deyil, yəni – İlkin Süleymanovun yaşadığı evin qarşısından deyil, başqa alternativ yoldan keçərək getmişdir.

 Bundan başqa, Nərmin Quliyevanın yaşadığı evdən əmisigilə gedən alternativ yolun mövcudluğunu Dondar Quşçu kəndinin bütün sakinləri də təsdiq edir və bunun doğruluğunu həmin yola baxış keçirməklə də asanlıqla müəyyən etmək olardı. Lakin işin istintaqını aparan müstəntiqlər qeyd etdiyimiz alternativ yolun olmamasında maraqlı olduqları üçün bu faktı da gizlətməyə çalışmış və ittiham aktına bu barədə yalan məlumat daxil etmişlər. 

 

7. Bundan başqa, ittiham aktında qeyd olunub ki, - iş materiallarına əlavə edilmiş axtarış protokollarından görünür ki, Nərmin Quliyevanın itkin düşdüyü gündən, yəni 21 noyabr 2019-cu il tarixdən sonuncunun meyiti aşkar edildiyi tarixədək mərhumənin yaşadığı, daha dəqiq itkin düşdüyü ərazidə olan bütün evlərdə axtarış tədbirləri keçirilmiş, lakin ilkin olaraq şübhə doğurmadığından həmin ərazidə yaşayan şəxslərdən yalnız iş üzrə təqsirləndirilən şəxs İlkin Süleymanovun və onun qohumu Murad Süleymanovun yaşadığı evlərdə axtarış tədbirləri keçirilməmişdir.
 

 Bununla bağlı bildiririk ki, ittiham aktında yazılan bu məlumat da doğru deyildir. İş materiallarında Nərmin Quliyevanın itdiyi vaxtdan, yəni 21 noyabr 2019-cu ildən 06 yanvar 2020-ci ilədək olan dövrdə yalnız Nərmin Quliyevanın bir neçə yaxın qohumu istisna olmaqla heç bir evdə, o cümlədən İlkingilin evlərinin ətrafındakı evlərin heç birində axtarış aparılmamışdır. Bu barədə iş materiallarında hər hansı axtarış protokolu da mövcud deyildir. Evlərdə axtarışlar yalnız meyid aşkar edildikdən sonra, 06 yanvar 2020-ci ildən sonra başlanılmışdır. Bu fakt iş materiallarının 3-cü cildində olan axtarış protokollarının tarixlərilə də təsdiq olunur. Göründüyü kimi istintaq qrupu bu barədə də ittiham aktına yalan məlumatlar daxil etmiş və Baş Prokurorluğu aldatmışdır. 

İttiham aktında yazılan bu məlumatın yalan olduğunu İlkingilin evinin ətrafında yerləşən evlərin sakinləri də məhkəməyə verdikləri ifadələrində təsdiq etdilər. Yəni, məhkəmədə ifadə verən kənd sakinlərinin hamısı meyid aşkar olunan günədək kənd sakinlərinin evlərində axtarış aparılmadığını, həmin axtarışların yalnız meyit aşkar edildikdən sonra  aparıldığını bildirdilər. 

İlkin Süleymanovun etirafedici ifadəsində qeyd olunan məlumatların işin faktiki hallarına uyğun gəlmədiyinə dair  faktlar barədə

 

  İşdən görünür ki, İlkin Süleymanova qarşı irəli sürülən ittihamın yeganə əsasını ondan işgəncə altında alınan etirafedici ifadə təşkil edir.  Lakin ittiham aktında həmçinin qeyd olunur ki, İlkin Süleymanovun həmin etirafedici ifadəsi işdə olan digər sübutlarla da öz təsdiqini tapır.

Bununla bağlı bildiririk ki, İlkin Süleymanovun həmin etirafedici ifadəsində qeyd olunan məlumatların işdə olan digər sübutlarla təsdiq olunduğuna dair ittiham aktında qeyd olunan bu məlumat da doğru deyildir. Belə ki, əvvəla, işdə İlkin Süleymanovun etirafedici ifadəsində qeyd olunan məlumatların doğru olduğunu təsdiq edən heç bir sübut mövcud deyildir. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, İlkin Süleymanovun etirafedici ifadəsində qeyd olunan məlumatlar işin faktiki hallarına da uyğun gəlmir.

 Bu barədə aşağıdakı faktları Sizin diqqətinizə çatdırmağı vacib hesab edirik :

 

a) İttiham aktında qeyd olunub ki,  -  İlkin Süleymanov  ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, 21 noyabr 2019-cu il tarixdə saat 15:30-da evinin darvazasının qarşısında olarkən həmkəndlisi, sinif yoldaşı Şərif Quliyevin qızı Nərmin Quliyevanın nənəsi Leybənin yaşadığı evi tərəfindən özlərinin yaşadığı evinə tərəf getdiyini görmüş, onu evə dəvət edərək ona kitablar göstərəcəyini bildirmiş, Nərmin onunla razılaşmış və onlar evin həyətinə girdikləri vaxt bunu küçədən kimsə görməmişdir.
 

Bununla bağlı aşağıdakıları bildiririk : 

 

1. İşdə olan sübutlar Nərmin Quliyevanın həmin gün saat 15:30 radələrində tamamilə başqa ərazidə olduğunu təsdiq edir. Belə ki, həmin kəndin sakinləri olan 2 nəfər məktəbli qız - Abdullayeva Sevinc Samir qızı və Abdıyeva Şəmsiyyə Mətləb qızı istintaqa və məhkəməyə verdikləri ifadələrində Nərmini həmin gün saat 16:10 radələrində əmisi Arifgilin evinin qarşısında gördüklərini bildirmişlər (Cild-13, səh: 210-213);
2. Bundan başqa, işdə olan sübutlarla təsdiq olunur ki,  həmin gün saat 15:30-17:00 radələrində İlkingilin evində məşğələ keçən şagirdlər olmuşdur. Belə ki, İlkinin bacısı İlhamə İlkinin yaşadığı evdə repititorluq fəaliyyətilə məşğul olmuş və 21 noyabr 2020-ci ildə, saat 15:30 radələrində məşğələ keçmək üçün onun yanına məktəbli şagirdlər gəlmişlər. Həmin şagirdlər həm istintaqa, həm də məhkəməyə ifadə verib və bu faktı təsdiq ediblər (Cild: 14, səh: 60). Şagirdlər öz ifadələrində qeyd ediblər ki, onlardan əvvəl İlhamə müəllimənin yanında məşğələ keçən digər şagirdlər olmuş və onlar 15:30 radələrində İlkingilin qapısının ağzında həmin şagirdlərin məşğələdən çıxmasını gözləmiş və həmin şagirdlər çıxdıqdan sonra onlar məşğələ otağına girmişlər. Deməli, həmin gün həm saat 15:30-dək, həmçinin ondan sonra İlkingilin evində məktəb şagirdləri olmuş və həmin şagirdlər orada məşğələ keçmişlər. İttiham aktında isə qeyd olunub ki, İlkin Nərmini əvvəlcə məhz şagirdlərin məşğələ keçdikləri həmin otağa aparıb, sonra isə onu həyətdə olan digər evin ikinci mərtəbəsinə aparıb. Belə olan halda, həmin gün saat 15:30 radələrində İlkinin öz evinin qarşısında Nərminlə qarşılaşması, onu öz evinə dəvət etməsi, əvvəlcə onu şagirdlərin məşğələ keçdiyi həmin otağa aparması və bunu heç kimin görməməsi barədə ittiham aktında yazılanlar absurddur.

b) İttiham aktında İlkin Süleymanovun ifadəsinə istinad edilərək, qeyd olunub ki, - İlkin Süleymanov Nərmin Quliyevanı 06 yanvar 2020-ci il tarixdə öldürmüşdür.

 Lakin, işdə olan T63/2020 saylı ekspert rəyi ilə müəyyən edilib ki, (Cild 11, səh: 41-59-meyidin tibbi ekspertizas) həmin meyid aşkar edildiyi gündən təqribən 2-3 gün əvvəl ölmüşdür. Deməli, tibbi ekspert rəyi ilə müəyyən edilən həmin fakt Nərmin Quliyevanı 06 yanvar 2020-ci il tarixdə öldürdüyü barədə İlkin Süleymanovun ifadəsində qeyd olunan həmin məlumatın da doğru olmadığını təsdiq edir.  

c) Bundan başqa, İlkin Süleymanovun etirafedici ifadəsində Nərmin Quliyevanın başına daşla yalnız bir zərbə vurduğu qeyd olunub. Lakin meyidin ekspertiza rəyi ilə həmin meyidin baş-beyin nahiyəsində ən azı 5 xəsarətin olduğu müəyyən edilmişdir.

d) İttiham aktında qeyd olunub ki, - Süleymanov İlkin İbrahim oğlu istintaqla dəqiq müəyyən edilməmiş, 04-05 yanvar 2020-cu il tarixləri aralığında soyuq və aclıq üzündən halsız vəziyyətdə olmaqla müqavimət göstərmək iqtidarında olmayan, yəni köməksiz vəziyyətdə qalmış yetkinlik yaşına çatmayan 10 yaşlı Nərmin Quliyevanı 06 yanvar 2020-ci il tarixdə, diri halda  ağ rəngli un kisəsinə qoyub yaşadığı evin həyətində olan yardımçı hissəyə (dama) apararaq xüsusi rəhmsizlik və qəddarlıq nümayış etdirərək istintaqla müəyyən edilməyən geniş səthə malik bərk küt əşya ilə sonuncunun həyat üçün mühüm orqanı olan baş nahiyəsindən vuraraq onu öldürmüşdür. 
 

  Lakin, yuxarıda qeyd etdiyimiz T63/2020 saylı tibbi ekspert rəyi ilə  (Cild 11, səh : 41-59) həmçinin müəyyən edilib ki, 06 yanvar 2020-ci il tarixdə aşkar edilən meyidin baş–beyin nahiyəsinə xəsarətlər yetirilən zaman zərərçəkmiş şəxs aktiv hərəkətlərlə özünü müdafiə etməyə, zərbələrdən yayınmağa çalışmışdır. Bu fakt onu göstərir ki, 06 yanvar 2020-ci ildə aşkar edilən meyid barəsində ittiham aktında qeyd olunan : soyuq və aclıq üzündən halsız vəziyyətdə olmaqla müqavimət göstərmək iqtidarında olmayan -  ifadəsi də yuxarıda qeyd etdiyimiz tibbi ekspert rəyi ilə müəyyən edilən işin faktiki hallarına uyğun gəlmir.

 

e) Bundan başqa, ittiham aktında qeyd olunub ki,- Təqsirləndirilən şəxs Süleymanov İlkin İbrahim oğlu istintaqa verdiyi etirafedici ifadələrində göstərdiklərini  ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı da təsdiq etmiş, ifadənin yerində yoxlanılması zamanı onun əyani olaraq göstərdiklərilə daha əvvəl verdiyi sərbəst ifadələri arasında hər hansı ziddiyyət aşkar edilməmişdir.
         Halbuki : -

1. İlkinin etirafedici ifadəsində Nərminin ayaqlarını da bağladığı qeyd olunub -  lakin ifadənin yerində yoxlanması zamanı İlkin Nərminin ayaqlarını bağlamadığını bildirib;
2. İlkinin etirafedici ifadəsində onun meyvə otağından meyvə və ip götürüb geri qayıtdığı qeyd olunub -  lakin ifadənin yerində yoxlamasında o, ayri-ayrı vaxtlarda meyvə otağına getdiyini deyir;
3. İlkinin etirafedici ifadəsində onun Nərminin başına zərbə vurduğu daşı həyətə tulladığını deməsi qeyd olunub – lakin ifadənin yerində yoxlanması zamanı həmin daşı bağa tulladığını deyir;
 

     Göründüyü kimi, İlkinin etirafedici ifadəsində qeyd olunan məlumatların həmin ifadənin yerində yoxlanılması zamanı verdiyi məlumatlarla heç bir ziddiyyət təşkil etmədiyi barədə ittiham aktında yazılanlar da doğru deyildir.

 

f) Bundan başqa, İlkin Süleymanovun etirafedici ifadəsində Nərmin Quliyevanı 47 gün müddətində özünün yaşadığı evin ikinci mərtəbəsindəki otaqda saxladığı qeyd olunub - lakin nə həmin otaqda, nə də bötövlükdə həmin evdə bunu təsdiq edən heç bir sübut aşkar edilməyib. Yəni, orada Nərmin Quliyevaya məxsus olan heç bir predmet, barmaq izləri, saç nümunələri, qan izləri, paltarlarına aid olan liflər və sair sübutlar aşkar edilməmişdir. 
 

  Bununla bağlı bildiririk ki, əgər İlkin həqiqətən Nərmini 47 gün müddətində həmin otaqda saxlamış olsaydı, orada bunu təsdiq edən çox sayda sübutlar aşkar edilə bilərdi. Ən azından Nərminə aid olan paltarların lifləri həmin otaqdakı yataq dəstlərinin üzərində mütləq qalmalı idi. Lakin, həmin yataq dəstlərinin üzərindən Nərminin paltarlarına aid olan  hər hansı lif belə aşkar edilməmişdir. Deməli, İlkinin Nərmini  47 gün müddətində öz yaşadığı evdə saxladığına dair ittiham aktında qeyd olunan  məlumat da doğru deyildir. 

Şahid ifadələrində bildirilən və iş üçün əhəmiyyətli olan faktların ittiham aktında qeyd olunmaması və onlara  hüquqi qiymət verilməməsi barədə

İttiham aktında İlkin Süleymanovun anası Gülnaz Süleymanovanın və atası İbrahim Süleymanovun da ifadələrinə istinad edilmiş, lakin həmin şəxslərin ifadələrində bildirilən və iş üçün olduqca əhəmiyyətli olan məlumatlara hüquqi qiymət verilməmişdir. 

       Misal üçün :  -

1. Gülnaz Süleymanova ifadəsində bildirib ki, həyətlərində olan ikimərtəbəli evin ikinci mərtəbəsinə 3-4 gündən bir meyvə götürülməsi üçün qalxırmış. 21 noyabr 2019-cu il tarixdən İlkin lazım olanda ikinci mərtəbəyə qalxır, lakin mütəmadi orada qalmırmış. Dekabr ayının birinci yarısında İlkinlə birlikdə həmin otaqda olmuş, yorğan-döşəkləri yerə tökmüşlər (Cild4, səh: 179-182).
2. Bundan başqa, İbrahim Süleymanov da ifadəsində qeyd edib ki, -2019-cu ilin dekabr ayının sonlarında  o da həmin otağa qalxmış, ordan gələn tək elektirik cərəyanını işlətmiş. Həmin vaxt otagda heç kim olmamış və şübhəli heç nə görməmişdir (Cild 5, səh: 42-44).
3. Bu fakt məhkəmə istintaqı zamanı ifadə verən, İlkinin bacısı oğlu Eminov Nicat Elçin oğlu tərəfindən də təsdiq olunmuşdur. O, məhkəməyə verdiyi ifadəsində bildirib ki, - 15 dekabr 2019-cu il tarixdə yaşadığı Bakı şəhərindən bir neçə dostu ilə birlikdə Tovuz rayonuna, dostlarının toy mərasiminə getmiş və həmin günlərdə babası, yəni İlkinin atası İbrahim müəllimin evində qalmışlar. Onlar 15 və 17 dekabr tarixlərdə toy məclisində iştirak etmişlər.  Nicat toydan qabaq İlkinin Nərmini saxladığı iddia edilən otağa girmiş və orada dayısına məxsus olan kostyumu geyinərək toy mərasiminə getmişdir. Lakin orada hər hansı uşağın saxlanıldığını görməmişdir. Bu fakt işdə olan digər sübutlarla da təsdiq olunur.
      Göründüyü kimi, əgər Nərmin Quliyeva həqiqətən də qeyd olunan evin ikinci mərtəbəsində saxlanılmışdırsa, bu halda həm Gülnaz Süleymanova, həm İbrahim Süleymanov, həm də Nicat Eminov  həmin mərtəbəyə qalxarkən onu görməli idilər. Lakin  həmin şəxslər ifadələrində bildirib ki, onlar həmin mərtəbədə heç kimi görməmişlər. İstintaq orqanı isə onların bu ifadələrinə  ümumiyyətlə hüquqi qiymət verməmişdir.

     Saxta ekspert rəylərinin alınmasına dair faktlar 

      İşdə olan  37/2020-MTBŞ saylı, 21 fevral 2020-ci il tarixli ekspert rəyindən görünür ki, (Cild 9, səh : 100-110 ) həm meyidin üzərindən götürülmüş əşyalar, həm də İlkinə məxsus olan və İlkingilin evindən götürülmüş əşyalar 13 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim olunmuş və həmin materiallar 13 yanvar 2020-ci ildən 24 yanvar 2020-ci ilədək olan dövrdə Səhiyyə Nazirliyinin ekspertləri tərəfindən tədqiq olunmuşdur. 21 fevral 2020-ci il tarixdə isə ekspert rəyi tərtib olunaraq qeyd olunan tədqiqat materialları həmin ekspert rəyi ilə birlikdə istintaq orqanına qaytarılmışdır.

 Lakin işdə olan 1163  saylı, 17 fevral 2020-ci il tarixli digər ekspert rəyindən görünür ki, (Cild 9, səh : 21- 44) eyni tədqiqat materialları, eyni vaxtda – yəni 17 yanvar 2020-ci ildən 17 fevral 2020-ci ilədək olan dövrdə həm də Ədliyyə Nazirliyinin ekspertlərində olub. 

 

Qeyd etdiyimiz faktlar həmin rəylərin saxta olduğunu, həmçinin həmin saxtakarlıqda hazırki cinayət işinin ibtidai istintaqını aparan müstəntiqlərlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin eksperti Asel Cavadovanın da iştirak etdiyini aydın şəkildə ortaya qoyur. Belə olan halda həmin ekspert rəylərindən sübut növü kimi istifadə olunması yol verilməzdir. 

 

Hörmətli, Kamran müəllim,

 Yuxarıda qeyd etdiyimiz faktlar hazırki cinayət işi üzrə İlkin Süleymanova qarşı törədilən qanunsuzluqların yalnız bir hissəsidir. İstintaq qrupu ittiham aktına bu cür yalan məlumatları daxil etməklə, həmçinin sübutları saxtalaşdırmaqla hazırki cinayət işi üzrə istintaqa prosessual rəhbərliyi həyata keçirən, Baş Prokurorun Birinci müavini Elçin Məmmədovu və Baş Prokuror olaraq şəxsən Sizi aldatmışdır. Buna görə də  həmin məlumatları Sizin diqqətinizə çatdırmağı vacib hesab edir və bu qanunsuzluqların aradan qaldırılması, İlkin Süleymanova qarşı irəli sürülmüş ittihamdan imtina edilməsi və bu iş üzrə qanunsuzluqlara yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə öz səlahiyyətləriniz çərçivəsində müvafiq tədbirlər görməyinizi xahiş edirik".
   Hörmətli İnam müəllim, həmcinin, bu qətl ilə bağlı kifayət qədər açılmamış məlumatlar və dindirilməmiş şahidlər var. Lakin istintaq dövründə əlimizdə olan məlumatlardan bəziləri tərəfimizdən  istintaqa verilsə də, bununla bağlı istintaq obyektiv və ədalətli araşdırılmalar aparmadı. Əksinə, bu  cinayətin motivini və cinayətkarı gizlətdi.

  Məhkəmədə isə buna dair vəsadətlər verilsə də, qəbul olunmadı. Hətta cinayət işinin içində olan və cinayətin izini göstərən bir cox şahidlər və materiallar məhkəmədə təhlil olunmadı"    

   Hörmətli İnam müəllim, oğlum İlkin Süleymanova qarşı irəli sürülən saxta ittihamla bağlı əsl həqiqətlərin nədən ibarət olduğu barədə məlumatları Sizə çatdırmaq üçün  bizi qəbul etməyinizi xahiş edirəm".  

 Azadmediatv.com  
 





OXŞAR XƏBƏRLƏR