Bəkir Orucov:

Bəkir Orucov: "Azadlıqda olsam, cinayətin açılmasına daha çox köməyim dəyər"

 Mayın 4-də Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə “Beyləqan işi” üzrə ittiham olunan  general-mayor Bəkir Orucov, snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, mayor İntiqam Məmmədov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 Azadmediatv.com xəbər verir ki, prosesdə iştirak edən 12 zərərçəkmişdən 9-u sərbəst ifadə verib.

Zərərçəkənlər dövlət ittihamçısı Vüsal Mehrəliyevin suallarını cavablandırarkən bildiriblər ki,  hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncələr verilib, ləyaqətləri alçaldılaraq müxtəlif növ işgəncələr tətbiq olunub. İşgəncələrinsə general Mais Barxudarovun komandiri olduğu  Beyləqandakı 2-ci korpusun hərbi hissələrində verildiyi iddia edilir.  Zərərçəkənlər onu da bildiriblər ki, onlara işgəncə verənlər arasında Bəkir Orucov olmayıb. Zərərçəkənlərin sozlərinə görə,  işgəncə verənlər maskalı şəxslər olub.  Təqsirləndirilənlərdən isə yalnız İntiqam Məmmədovun işgəncə verənlər arasında olduğunu və bunu şəxsən özünün etdiyini vurğulayıblar.  
İntiqam Məmmədov dövlət ittihamçısına etiraz edərək bildirib ki, zərərçəkənlərə onun əlehinə ifadə vermək üçün təsir göstərilir:
"Hörmətli prokuror,  suallarınızla zərərçəkənləri mənim əlehimə ifadə verməyə yönəldirsiniz. Elə birdəfəlik hər şeyi üzərimə qoyduğnuzu deyin, qurtarsın getsin".

Daha sonra Bəkir Orucovun vəkili Elvin Rzayev onun ev dustaqlığına buraxılması üçün vəsatət verib.  E.Rzayev vəsatətini belə əsaslandırıb ki, müdafiə etdiyi Bəkir Orucov ibtidai istintaq zamanı heç vaxt qaçıb gizlənməyib, hər dəfə istintaqa çağırılanda vaxtında gedib. 
B. Orucov vəsatətin müzakirəsi zamanı bildirib ki, əgər ev distaqlığında mühakimə olunarsa, çinayət işinin açılmasına daha çox kömək edə bilər, bunun üçün ona müvafiq şərait yaradılsın.
Dövlət ittihamçısı vəsatətə bu dəfə də etiraz edib. O, etirazını belə əsaslandırıb ki, bu cinayət işində 62 zərərçəkmiş və 21 şahid var. Təqsirləndirilən azadlıqda qalarsa, onlara təsir göstərə bilər.

Məhkəmə də ev dustaqlığına buraxılma haqda vəsatəti təmin etməyib.
Sözügedən təqsirləndirilənlərin işi üzrə ümumilikdə 63 nəfər zərərçəkən qismində tanınıb. İndiyədək onlardan 46 nəfəri dindirilib.

Proses mayın 11-də davam edəcək.

Qeyd edək ki,  2017-ci ildə Ermənistan xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan yüzlərlə hərbçi və mülki şəxs işgəncələrə məruz qalıb.  Onların bir qismi hətta məhkəmə qarşısına çıxarılaraq mühakimə də edilib. 14 hərbçinin işgəncələrdən dünyasını dəyişdiyi iddia olunur. Onlardan bir neçəsinə sonradan bəraət verilib. İşgəncələrə məruz qalanlar və ailləri baş verənləri uzun müddət ictimailəşdirib. 2021-ci ilin dekabr ayında “Tərtər işi” üzrə icraat yenilənib. Ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb. Bu iş üzrə təqribən iyirmi nəfər həbs olunub. Cinayət işinin miqyası böyük olduğuna görə, təqsirlənirilən şəxslər qruplara bölünüb və istintaq işləri ayrı-ayrı icraatlara verilib. Hazırda iki qrupun  "Tərtər işi" və "Beyləqan işi" üzrə məhkəməsi davam edir, daha bir qrupun məhkəməsi başlamaq, digər qrupunsa ibtidai istintaqı yekunlaşmaq üzrədir. 

İşgəncə nəticəsində leytenant Adil Sabirli həlak olub.

Xatırladaq ki, təqsirləndirilən şəxslərə qarşı AR CM-in 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə elan edib ki,  ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilmir. General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə bununla bağlı göstəriş verib.

İttiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov azadlıqdadır. Onlar barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
 Gülnaz Qənbərli
Bakı-Sumqayıt-Bakı





OXŞAR XƏBƏRLƏR