Komissiyanın qərarı ilə mənzil ağır şəraitdə yaşayan şəhid ailəsinə veriləcək - RƏSMİ
Sorğunuza cavab olaraq bildiririk ki, Rüstəmov Tanrıverdi Bayram oğlu valideynləri ilə birgə Bakı şəhəri Binəqədi rayonunda yerləşən 369 ailəlik yaşayış kompleksində yeni mənzilə köçürülüb.
Azadmediatv.com xəbər verir ki, bu haqda sorğumuzu cavablandıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin verdiyi cavabda belə deyilir:
"Vətəndaşın nənəsi Balakişiyeva Gülüşən Ziyadxan qızı da həmin kompleksdə bir otaqlı müvəqqəti yaşayış sahəsi ilə təmin olunub. Onun vəfatından sonra Tanrıverdi Rüstəmov həyat yoldaşı və övladları ilə qanunsuz olaraq həmin mənzilə daxil olub, ailəsi ilə orada yaşayıb. Nəzərinizə çatdırırıq ki, məcburi köçkünlərin müvəqqəti yaşayış sahələri ilə təmin olunması Azərbaycan Respublikası nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən həyata keçirilib. Qaydanın 3.6-cı bəndinə əsasən, məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Tanriverdi Rüstəmov bir neçə dəfə Dövlət Komitəsinin rəhbərliyinin qəbulunda olub və ona bu barədə müvafiq izahat verilib.
Qeyd edilən yaşayış sahəsi ilə bağlı mövcud qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildiyi üçün komitə tərəfindən məhkəməyə müraciət edilib və məhkəmə Tanrıverdi Rüstəmovun mənzili boşaltması ilə bağlı qərar qəbul edib.
Bildiririk ki, məhkəmə qaydasında boşaldılmış mənzilin veriləcəyi digər məcburi köçkün ailəsi müəyyənləşdirilərkən məcburi köçkün şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilir. Balakişiyeva Gülüşən Ziyadxan qızının müvəqqəti məskunlaşdığı mənzil komitədə fəaliyyət göstərən komissiyanın qərarı ilə ağır şəraitdə yaşayan şəhid ailəsinə veriləcək".
Qeyd edək ki, mayın 4-də gecə saatlarında sözügedən ailə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin qarşısında yataq dəsti qoyaraq, ailə üzvləriylə birgə mənzildən çıxarılmasına etirazını bildirib.
Gülnaz Qənbərli
Azadmediatv.com