Prezident İlham Əliyev Gədəbəy hadisəsinin araşdırılması üçün aidiyyəti qurumlara bir həftə vaxt verib
“İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil".
Azadmediatv.com xəbər verir ki, bu haqda Prezident İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə belə deyib. İ.Əliyev bildirib ki, Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir: "Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib.
Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq” –, deyə dövlət başçısı bildirib.
"Mən xəbər tutandan (Gədəbəy hadisəsindən – red.) sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir?
Dövlətimizin başçısı Nazirlər Kabinetini, Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edərək deyib: “Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur”.
Prezident tapşırıb ki, bir həftə ərzində həm ona, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır.
Azadmediatv.com