Yevlaxda keçirilən görüş başa çatıb - (YENİLƏNİB-3)
Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb. Görüş zamanı Qarabağın erməni sakinlərinə reinteqrasiya üzrə planlar təqdim edilib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib.
Vurğulanıb ki, konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.
11:30
Hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni icmasının nümayəndələri ilə görüş keçirilir.
Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni icmasının nümayəndələriylə təmaslar üzrə məsul şəxsi Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov, Qarabağın erməni icmasını isə Sergey Martirosyan və David Melkumyan təmsil edirlər. Həmçinin, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.
xxxxxx
10:00
Qarabağın erməni icmasının nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxsi ilə görüşmək üçün Yevlax şəhərinə gəliblər.Hazırda görüş üçün son hazırlıq işləri aparılır.
xxxxxxx
Bu gün Yevlaxda tarixi görüş keçiriləcək
Sentyabrın 21-də Azərbaycan Respublikasının Yevlax şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək.
Azadmediatv.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yayıb. Açıqlamada deyilir:
"Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək".
Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.
Xatırladaq ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olmaları ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub. Belə ki, 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edilib.
Əldə edilən razılaşmaya görə, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən, hərbi postlardan çıxıb və tam şəkildə tərksilah olunublar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azadmediatv.com