Qənirə Paşayevayla vida mərasimi bu saatda keçiriləcək
Millət vəkili Qənirə Paşayevayla vida mərasiminin vaxtı açıqlanıb.
Azadmediatv.com xəbər verir ki, sentyabrın 29-da saat 10:00-da Heydər Məscidində cənazə namazı qılınacaq.
Daha sonra mərhumla vida mərasimi keçiriləcək.
Qeyd edək ki, dəfn mərasimi İkinci Fəxri Xiyabanda baş tutacaq.
Xatırladaq ki, millət vəkili Qənirə Ələsgər qızı Paşayeva müalicə olunduğu Mərkəzi Kliniki Xəstəxanada dünyasını dəyişib.
O, 1975-ci ilin 24 martında Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. O, 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.
2005-ci ildə isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım edib.
Qənirə Paşayeva Milli Məclisin 3,4,5 və 6-cı çağırış üzrə deputatı olub. O, "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı şahidlərinin dilindən", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" və "Səndən sonra" kitablarının müəllifidir.
24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib.
Azadmediatv.com